ABŞ Konqresi: ABŞ Rusiya və Çinə qarşı eyni vaxtda münaqişəyə hazır olmalıdır

      ABŞ Konqresi:    ABŞ Rusiya və Çinə qarşı eyni vaxtda münaqişəyə hazır olmalıdır
  13 Oktyabr 2023    Oxunub:1397
Birləşmiş Ştatlar Rusiya və Çinlə eyni vaxtda baş verə biləcək münaqişəyə hazır olmalıdr. Bunun üçün Vaşinqton iştirakçısı olduğu alyansları möhkəmləndirməli, nüvə və qeyri-nüvə silahlarının modernləşdirilməsi proqramlarını genişləndirməlidir.
AzVision.az xəbər verir ki, ABŞ Konqresi yanında Amerikanın strateji konsepsiyası ilə məşğul olan komissiyanın dərc edilən hesabatında belə müddəa irəli sürülür. Komissiyanın tərkibinə Dövlət departamentinin, Pentaqonun və ABŞ-nin Energetika nazirliyi nəzdindəki Milli Nüvə təhlükəsizliyi idarəsinin yüksək vəzifəli şəxsləri daxildir.

“Amerika strategiyasının məqsədləri adi silahlar vasitəsi ilə Avropa və Asiyada Rusiya və Çinin eyni vaxtda təcavüzünün effektiv şəkildə qarşısının alınmasını və məğlubiyyətə uğradılmasını özündə ehtiva etməlidir. Əgər Birləşmiş Ştatlar, onların müttəfiqləri və tərəfdaşları bu vəzifəni yerinə yetirmək üçün zəruri olan adi silahlara malik deyillərsə, onda Amerika strategiyası nüvə silahının rolunun gücləndirilməsi və ya əks tərəfdəki hərbi əməliiyatlar teatrında opportunist və ya birgə təcavüzkar hərəkətlərin qarşısının alınması istiqamətində dəyişdirilməlidir”, - Avropa və Asiya ilə bağlı komissiya mövqeyini bildirib.



Komissiyanın tövsiyələri

Komissiya üzvlərinin fikrincə, Rusiya və Çin tərəfiundən təhlükə o dərəcədə yüksəkdir ki, ABŞ, habelə onun müttəfiqləri və tərəfdaşları eyni vaxtda hər iki düşmənin qarşışının alınmasına və məğlubiyyətə düçar etməsinə hazır olmalıdırlar.

“Nüvə silahlarının modernləşdirilməsi üzrə mövcud proqram Rusiyadan və Çindən gələn təhdidləri dəf etmək üçün kifayət etməsə də, bu mütləq şəkildə zəruri olan reallıqdır. Rusiya və Çinə görə, ABŞ-nin nüvə strategiyasının effektivliyini qoruyub-saxlamaq üçün hazırkı modernləşdirmə proqramı genişləndirilməlidir”, - sənəddə vurğulanır.

Bu kontekstdə komissiya üzvləri nüvə gücü ilə təchiz olunmuş gəmilərin, o cümlədən sualtı atom qayıqlarının inşasının artırılmasını tövsiyə edirlər.

Bundan əlavə, komissiyanın bəzi üzvləri ABŞ-nin nüvə arsenalının və onların hədəfə çatdırılması vasitələrinin miqyasının genişləndirilməsini zəruri sayırlar.

- Nüvə qüvvələrinin həcmi və tərkibi Rusiya və Çin tərəfindən mümkün ola biləcək birgə aqressiv hərəkətləri nəzərə almalıdır. ABŞ strategiyası Çinin nüvə qüvvələrini daha “kiçik miqyaslı” təhdid kimi qiymətləndirməməlidir. Birləşmiş Ştatlara hər iki ölkənin qarşısını ala biləcək nüvə strategiyası lazımdır”, - hesabatın müəllifləri iddia bildirirlər.

Onlar, həmçinin Asiya-Sakit okean bölgəsində ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi məsələsinin həlli zərurətini vurğulayırlar.

Hesabatda Rusiya və Çinlə yanaşı, Şimali Koreya və İran tərəfindən mövcud və potensial təhlükələrin nəzərə alınması tövsiyə olunur.

“Birləşmiş Ştatlar Rusiya və Çin tərəfindən olacaq hücumların qarşısını alacaq və dəf edəcək, habelə Şimali Koreya ilə zəruri qarşıdurmaya imkan vercək imkanların yaradılamsı üçün inteqrasiya olunmuş hava hücumundan və raket əleyhinə müdafiə sistemlərini işləyib-hazırlamalı və istismara verməlidir. Vaşinqton, eyni zamanda, 2027-2035-ci illərdə İranın nüvə silahına malik olmaq imkanını nəzərə almalıdır”, - komissiya üzvləri vurğulayırlar.

Həmin addımların atılmasına qədər isə ABŞ-nin adi silahlar potensialının artırılması zərurəti qeyd edilir.

Maraqlıdır ki, hələ oktyabrın əvvəlində Rusiya Xarici İşlər nazirliyinin Silahların yayılmaması və onlar üzərində nəzarət departamenti direktorunun müavini Konstantin Vorontsov Qərbin nüvə dövlətlərinin birbaşa toqquşmasına gətirib çıxara biləcək təhlükəli siyasət apardığını söyləyib.

“Nüvə dövlətlərinin birbaşa hərbi toqquşması xətti üzərində siyasət aparan Qərb təhlükəli gedişləri artırmaqda davam edir. Əvvəllər Orta və Yaxın məznilli raketlərin istehsalını qadağan edən müqavilənin Vaşinqtonun pozmasından sonra, ABŞ-nin silahların yerləşdirilməsi üzrə planları həyata keçirməsi ilə bağlı yaranan potensial gərginlik Rusiyada dərin narahatlıq hissi doğurur”, - Vorontsov deyib.


Diplomat, həmçinin belə neqativ atmosferin Strateji hücum silahları (nüvə başlıqlı uzaq mənzilli ballistik raketlər) müqaviləsi ətrafında da aparılacağını istisna etməyib.

Qeyd edək ki, 2026-cı il fevralın 5-də müddəti sona çatacaq Strateji hücum silahları üzrə Müqavilənin (SHSM-3) fəaliyyətini məhz Rusiya dayandırıb. Əslində bu müqavilənin müddətinin uzadılmasında maraqlı olan Qərbin qarşısında Moskva Vaşinqtonun və onun nüvə silahına malik müttəfiqlərinin bütövlükdə nüvə təhlükəsinin ləğvi məsələsində daha konstruktiv mövqe tutması tələbini qoyub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   strategiya  





Xəbər lenti