Ermənistan Rusiyanın liderlik etdiyi qurumlardan çıxmaq istəmir ?

      Ermənistan Rusiyanın liderlik etdiyi qurumlardan çıxmaq istəmir ?
  18 Oktyabr 2023    Oxunub:1109
İrəvan Avrasiya İqtisadi ittifaqından (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından (KTMT) çıxmaq imkanlarını nəzərdən keçirmir.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə daimi komissiyasının rəhbəri, baş nazir Nikol Paşinyanın silahdaşı Sarqis Xandanyan keçirdiyi brifinqdə belə bəyanat səsləndirib.

“Hal-hazırda biz bu məsələni müzakirə etmirik ”, - Xandanyan jurnalistin müvafiq sualına cavabında deyib.

Ermənistan hakimiyyəti ölkənin KTMT-dən çıxmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb. Maraqlıdır ki, bu kontekstdə Paşinyanın özü də daxil olmaqla bəzi rəsmi şəxslər, hətta “KTMT-nin Ermənistandan çıxdığını " bəyan ediblər.

Tarixən bir neçə ağanın nökəri olmağa adət etmiş Ermənistan, əslində, indinin özündə də ikibaşlı mövqe tutaraq, Qərb-Rusiya qarşıdurmasında tərəzinin hansı gözünün ağır gələcəyini gözləyir. Rusiyanın Ermənistandakı hərbi iştirakı, xüsusilə də Moskvadan iqtisadi asılılığı İrəvanı Kremlin siyasəti və tabeliyi çərçivəsindən çıxmaq yönündə kəskin addımlar atmaqdan çəkindirir. Qışın qapının ağzını kəsdirdiyi bir məqamda Aİİ-ni və KTMT-ni tərk etmək barədə bəyanatlar ən azı Ermənistanı hamıdan ucuz aldığı Rusiya qazından məhrum edə bilər.

Başqa sözlə desək, İrəvan və erməniçilik ideoloqları indiki məqamda Rusiyanı arxadan vurmaq cəhdinin ilk növbədə Ermənistanın özü üçün çox ciddi problem doğuracağını yaxşı anlayırlar. Yoxsa, Ermənistan çoxdan bu qurumları fit çala-çala tərk edərdi. Amma çox təəssüf ki, Rusiyanın özündə bu həqiqəti başa düşməyənlərin və ya başa düşsə də qəbul emək istəməyənlərin sayı həddən artıqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti