Məhsanın atası qızına Saxarov mükafatının verilməsindən danışdı

Məhsanın atası qızına Saxarov mükafatının verilməsindən danışdı
  20 Oktyabr 2023    Oxunub:1053
Avropa İttifaqının insan haqları üzrə ali mükafatının Məhsaya verilməsi dünya ictimaiyyətinin azad həyat yaşamaq istəyi ucbatından haqsız yerə həyatını itirən Məhsa və onun bir çox müasirlərinin zülmünə göstərdiyi diqqətin ifadəsidir.
AzVision.az xəbər verir ki, bunu Məhsa Əmininin atası Əmcəd Əmini Avropa parlamentinin üzvlərinə və Beynəlxalq Saxarov İnsan Haqları mükafatının Münsiflər heyətinə yazdığı məktubda bildirib.

“Biz təkcə Jinanın valideynləri olaraq kədərlənmirik, həm İranda, həm də dünyada azadlıq yolunda fədakarlıq edən hər bir əzizimizin ölümünə yas tuturuq və ürək ağrımız hər gün təkrarlanır. Dünyada insanların həmrəyliyi, siyasi və sosial münasibətlər dünyanı uşaqlar, gənclər və insan həyatı üçün daha təhlükəsiz yerə çevirməlidir. Qızımız Jina ölməyib. Onunla yaşayırıq. Onun adının dünyada azadlıq və bərabərlik simvoluna çevrilməsinə sevinir, onun da bizim qədər xoşbəxt olduğunu hiss edirik”, - məktubda deyilir.

Qeyd edək ki, dünən Avropa parlamenti Avropa İttifaqının Saxarov İnsan Haqları mükafatını Məhsa Əmini və İrandakı “Qadın, Həyat, Azadlıq” hərəkatına verib.
AzVision.az






Teqlər: Əmini   mükafat  





Xəbər lenti