İslam dünyasında yaşıl transformasiya siyasəti müzakirə olunub

   İslam dünyasında yaşıl transformasiya siyasəti müzakirə olunub
  20 Oktyabr 2023    Oxunub:1094
Səudiyyə Ərəbistanı Krallığı Ciddədə keçirilən İslam Dünyası Ətraf Mühit Nazirlərinin 9-cu Konfransına ev sahibliyi və sədrlik edib.
AzVision.az UNA-nın saytına istinadla xəbər verir ki, Krallığın Ekologiya, Su və Kənd Təsərrüfatı Nazirliyinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi konfrans “İslam dünyasında yaşıl transformasiyaya keçid yolunda” mövzusunda keçirilib. Bu tədbirdə 52 ölkənin ətraf mühit nazirləri və yüksəkvəzifəli şəxsləri, habelə ekologiya məsələləri ilə məşğul olan 30 regional və beynəlxalq təşkilat iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən Səudiyyə Ərəbistanının ekologiya, su və kənd təsərrüfatı naziri Əbdül Rəhman Əl Fədhil vurğulayıb ki, onun ölkəsi İslam dünyasında ekoloji layihələrin həyata keçirilməsi üçün vahid fond yaradılması təklifi ilə çıxış edib. O əlavə edib ki, iqtisadi və sosial problemlərin həllində mühüm rol oynayan yaşıl transformasiya siyasəti, həmçinin bu sahədə texnologiyanın ən son nailiyyətlərinin tətbiqi hökumətlər üçün prioritet məsələlərdən biri olmalıdır.

Yekun Bəyanatın qəbul edilməsi ilə başa çatan konfransın proqramına bir neçə elmi sessiya daxil edilib. Birinci sessiya İslam dünyası daxilində yaşıl transformasiya konsepsiyasına toxunaraq, onun təqdim etdiyi çağırışları və imkanları araşdırıb. İkinci sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda süni intellektin və yeni yaranan texnologiyaların rolu müzakirə olunub.

Konfransla eyni vaxtda İcraiyyə Bürosunun doqquz üzv dövlətini, eləcə də çoxsaylı regional və beynəlxalq təşkilatları bir araya gətirən Ətraf Mühit üzrə İslam İcraiyyə Bürosunun altıncı iclası da keçirilib. Bundan əlavə, tədbir çərçivəsində Səudiyyə Ərəbistanı və BƏƏ-də təmiz enerji və ekoloji layihələri əks etdirən sərgi təşkil olunub.

Nazirlərin görüşü zamanı Ətraf Mühit üzrə İslam İcraiyyə Bürosunun üzvlərinin seçkiləri keçirilib. Konfransın sonunda ətraf mühitin idarə olunması üzrə Səudiyyə Ərəbistanı Krallığı Mükafatının üçüncü nəşrinin təqdimatı olub. Bu mötəbər mükafat ətraf mühitin idarə olunmasına böyük töhfələrinə görə 18 İslam ölkəsindən 21 qalibə təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti