Blinken: Livan müharibəyə girsə, zərər çəkəcək

      Blinken:    Livan müharibəyə girsə, zərər çəkəcək
  21 Oktyabr 2023    Oxunub:1420
ABŞ-nin dövlət katibi Entoni Blinken Livanın Baş nazir əvəzi Nəcib Mikati ilə telefon danışığında Beyrutun Fələstin – İsrail münaqişəsinə qarışacağı təqdirdə, Livan xalqının zərər çəkəcəyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Blinken livanlı siyasətçi ilə söhbətində ABŞ-nin Livan xalqına dəstəyini təsdiqləyib və Yaxın Şərq ölkəsinin cənub sərhədləri boyu yüksələn gərginlikdən dolayı artan narahatlığı qeyd edib.

“Dövlət katibi Livanın HƏMAS-ın İsrailə qarşı terror hücumu ilə qızışdırdığı münaqişəyə cəlb edilməsindən təsirlənəcək Livan xalqının maraqlarına hörmət edilməsinin vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi Blinken münaqişə nəticəsində faciəvi şəkildə həyatını itirmiş livanlı mülki şəxslərin ailələrinə başsağlığı verib və ABŞ-nin Livanın sabitliyi və ərazi bütövlüyünün yeganə qanuni təminatçısı olan Livanın Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstəyini davam etdirdiyini vurğulayıb”, – mətbuat xidməti açıqlayıb.

AzVision.az



Teqlər: Vaşinqton   Livan   İsrail  





Xəbər lenti