Lavrov Tehrana getdi

   Lavrov Tehrana getdi
  23 Oktyabr 2023    Oxunub:937
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” məsləhətçi regional platformasının nazirlər toplantısında iştirak etmək üçün Tehrana gedib. Bu barədə TASS məlumat yayıb
Lavrovun məsləhətləşmələrdə iştirakını bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təsdiqləyib.

İranın İRNA dövlət agentliyinin məlumatına görə, xarici əlaqələr idarələrinin rəhbərləri Cənubi Qafqazda baş verən son hadisələri, eləcə də təhlükəsizlik sahəsində regional əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.

Agentlik Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını gündəliyin əsas bəndi adlandırır.

Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb və sonradan “3+3” kimi tanınıb.

Rusiya və İran bu ideyanı alqışlayıb və Ermənistan da bu formata qoşulub. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. Gürcüstan 2021-ci ildə keçirilən görüşdən və 23 oktyabr 2023-cü ildə xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdən kənarda qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti