İranda kürd əsilli siyasi məhbus ikinci dəfə edam cəzasına məhkum olunub

İranda kürd əsilli siyasi məhbus ikinci dəfə edam cəzasına məhkum olunub
  24 Oktyabr 2023    Oxunub:956
Urmiya İnqilab məhkəməsinin ikinci şöbəsinin iclasından sonra barəsində ölüm hökmü çıxarılan siyasi məhbus Naib Əskəri yenidən ölüm cəzasına məhkum edilib.
AzVision.az “Hrana” insan haqları saytının yaydığı məlumata istinadən xəbər verir ki, cənab Əskəri bu il aprelin 15-də “müharibə alovlandırmaq” ittihamı ilə qiyabi şəkildə ölümə məhkum edilib. O, hökmə etiraz etdikdən sonra məhkəmə siyasi məhbusun “müharibə” anlayışını “qiyam” ittihamına dəyişərək yenidən ölüm hökmü çıxarıb. İslam Cinayət məcəlləsinə görə, qiyam törədənlər İrana qarşı silahlı hərəkətə keçənlərdir.

Həmçinin, Kürdüstan Hüquq şəbəkəsinin məlumatına görə, bu siyasi məhbusa qarşı SEPAH-ın Urmiyadakı kürd komandirlərindən biri Mustafa Sultaninin “qətlində iştirak etmək” ittihamı ilə Urmiya Cinayət məhkəməsinin şöbələrindən birində daha bir iş açılıb.

Urmiyalı kürd vətəndaşı cənab Əskəri 2021-ci ilin aprelində bu şəhərin kəşfiyyat təşkilatı tərəfindən həbs olunub.

Həbsdən əvvəl bir neçə il Kürdüstan bölgəsində qalan Əskəri SEPAH kəşfiyyat təşkilatı ilə apardığı danışıqlar çərçivəsində “təhlükəsizlik məktubu” aldıqdan sonra İrana qayıdıb.
AzVision.az


Teqlər: İran   kürdlər  





Xəbər lenti