Netanyahu quru əməliyyatından imtina edib - NYT

  Netanyahu quru əməliyyatından imtina edib -    NYT
  27 Oktyabr 2023    Oxunub:1171
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında genişmiqyaslı quru əməliyyatının başlanmasına dair sərəncamın uğursuz olacağı təqdirdə əhalinin etimadını itirmək qorxusu ilə imzalamaqdan imtina edib.
Bu barədə The New York Times (NYT) yəhudi dövlətinin hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nazirlər Kabinetinin fövqəladə iclaslarında iştirak edən nəşrin həmsöhbətlərindən ikisinin sözlərinə görə, Netanyahu bununla bağlı planı imzalamaqdan imtina edərək yüksək rütbəli zabitləri qəzəbləndirib.

Mənbələrə görə, imtina qismən baş nazirin 7 oktyabr hücumlarından sonra müxalifət nümayəndələri ilə birlikdə yaradılmış fövqəladə Nazirlər Kabinetinin üzvlərindən bu addımın yekdilliklə təsdiqini almaq istəyi ilə bağlıdır.

Qəzetin yazdığına görə, Netanyahunun imtinası nazirlər kabinetində fikir ayrılıqlarının olduğunu göstərir, onlardan bəziləri Qəzzanı işğal etmək üçün daha az iddialı planı nəzərdən keçirir.

Bu plan bir geniş miqyaslı əməliyyat yerinə anklavın kiçik bir hissəsinə təsir edən çoxsaylı əməliyyatları əhatə edir. Təhlilçilərin fikrincə, baş nazir ordunun planını müstəqil şəkildə təsdiqləməyə tələsmir. Ona görə ki, ictimaiyyətin ona olan inamının azalması fonunda əməliyyat uğursuz olarsa, o, günahkar sayılacaq.

Axios portalı oktyabrın 25-də ABŞ rəsmilərinə istinadən yazıb ki, Netanyahu ordu komandanlığının planlarına şübhə ilə yanaşır və Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaqda qərarlıdır. Nəşrin mənbələrinə görə, hökumət başçısına ordunun əməliyyata hazırlaşdığı bir vaxtda müxtəlif nöqteyi-nəzərləri dinləmək və danışıqlar aparan şəxslərə girovları azad etmək üçün daha çox imkan yaratmaq üçün vaxt lazımdır.

“Times of Israel” oktyabrın 24-də yazıb ki, İsrailin Qəzzada quru əməliyyatı uzun müddət ləngidilə və ya ümumiyyətlə baş tutmaya bilər. Eyni zamanda, ordu 16 gün ərzində 550-dən çox raket zərbəsi endirdikdən sonra əməliyyata tam hazır olduğunu bəyan edib. Amerikanın CNN telekanalının məlumatına görə, Vaşinqton İsrailə təzyiq edərək, onu əməliyyatın başlanmasını təxirə salmağa və anklavda saxlanılan girovları azad etməyə çağırıb. Bununla belə, dövlət katibi Antoni Blinken NBC telekanalının efirində bildirib ki, yəhudi dövləti bu məsələdə öz qərarını verməlidir və ABŞ yalnız məsləhət verə bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti