Tehranın iştahı artıb

      Tehranın iştahı artıb
  30 Oktyabr 2023    Oxunub:1373
Bir müddət əvvəl 5 amerikalının azad edilməsinin qarşılığında İranın Cənubi Koreya bankarında donduruluş hesablarından 6 milyard dolların sərbəst buraxlması, görünür, Tehranın iştahını daha da artırıb. Belə ki, Tehran məhkəməsi 1980-ci ildə amerikalı girovların “Qartal pəncəsi” adlı uğursuz xilasemə əməliyyatının qurbanlarına təzminat ödənilməsi üçün ABŞ-dan 420 milyon dollar tutulması barədə qərar çıxarıb.
AzVision.az İranın “Mizan Online” məhkəmə xəbər agentliyinin yaydığı məlumata istinadən bildirir ki, İran hakimiyyəti 43 il əvvəl keçirilən əməliyyat zamanı ABŞ hərbçilərinin “yaxınlıqdan keçən avtobus sərnişinlərinə və avtomobil sürücülərinə hücum etdikləri iddiasını irəli sürür. Hadisənin təfərrüatları dəqiqləşdirilməsə də, həmin vaxt 13 nəfərin zərər çəkdiyi bildirilir.

“ABŞ-nin “Qartal pəncəsi” əməliyyatı zamanı həlak olanların ailələrinin şikayəti əsasında məhkəmə ABŞ hökumətindən 420 milyon dollar tutulması qərarını verib” , – “Mizan Online” agentliyi yazıb.

1979-cu ildə İranda islamçıların həyata keçirdiyi dövlət çevrilişindən az sonra iranlı tələbələr Tehrandakı ABŞ səfirliyinə basqın edərək 50-dən çox amerikalını girov götürdülər. Onlar həmin vaxt ABŞ-da mülaicə olunan şahın İrana ekstradisiyasını tələb edirdilər.

1980-ci ilin aprelində Vaşinqton çox məxfi “Qartal pəncəsi” əməliyyatı çərçivəsində girovları azad etməyə cəhd göstərsə də, qum fırtınaları və texniki problemlər üzündən əməliyyat uğursuzluqla nəticələndi. Bundan başqa, ABŞ qüvvələri geri çəkilərkən iki hərbi təyyarənin toqquşması nəticəsində səkkiz hərbçi də həlak olub.

Yalnız xeyli davam edən danışıqlar və diplomatik manevrlərdən sonra amerikalı girovlar 1981-ci ilin yanvar ayında azad ediliblər.

Qeyd edək ki, bu ilin avqust ayında Tehran məhkəməsi habelə 1980-ci ildə İrana qarşı “çevriliş planlaşdırdığına” görə ABŞ-dan 330 milyon dollar təzminat alınması barədə qərar qəbul edib. Halbuki, Vaşinqton bu hadisələrdə özünün iştirakını heç vaxt rəsmi qaydada eturaf etməyib.

Ən maraqlı məqam Tehranın bu təzminatları ABŞ-dən necə alacağı, daha doğrusu buna müvəffəq ola bilməsidir. Belə ki, uzun illər ərzində Tehran ABŞ-nin yox, məhz Vaşinqton İranın maliyyə aktivlərini əksər ölkələrdə dondura bilir.

Bu baxımdan, istisna deyil ki, müəyyən sövdələşmə çərçivəsində 6 milyard dollar həcmində maliyyə aktivlərinin sərbəst buraxılması Tehranın iştahını artırıb.

Amma atalar deyib ki, artıq tamah daş yarar, daş qayıdıb baş yarar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti