Həbsdə olan azərbaycanlı milli fəalın evinə hücumdan sonra onun həyat yoldaşı da saxlanılıb

   Həbsdə olan azərbaycanlı milli fəalın evinə hücumdan sonra onun həyat yoldaşı da saxlanılıb
  31 Oktyabr 2023    Oxunub:1087
İranın Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin əməkdaşları hazırda həbsdə olan azərbaycanlı milli fəal Əli Babainin ev və iş yerlərinə hücum ediblər.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinadən xəbər verir ki, evə basqına gələn polislər hərəkətlərinin qanuniliyinə dair müvafiq məhkəmə qərarı təqdim etməyiblər. Evdə axtarış aparıldıqdan sonra fəalın ailə üzvləri təhdid olunublar.

Məhbus fəala məxsus şəxsi əşyalar, o cümlədən kompüter, mobil telefon, kitablar, bank kartları və s. əşyalar müsadirə edilib.

“Araz News” agentliyi isə Əli Babainin həyat yoldaşı Elham Cavanşirin Təbrizin Kəşfiyyat idarəsi tərəfindən həbs edildiyi barədə məlumat yayıb.


Verilən xəbərə görə, dünən Təbrizdəki mağazasında 6 uniformalı zabitin hücumuna məruz qalan Elham Cavanşir, qonşularının dəstəyi və sərt etirazlar nəticəsində müvəqqəti olaraq həbsdən yayına bilib. Lakin bu gün səhər saatlarında təhlükəsizlik qüvvələri onu həbs ediblər.

Azərbaycanlı fəalların son həbslərindən sonra Elham Cavanşir onların səsini İran xalqına və dünya ictimaiyyətinə çatdırmağa və həyat yoldaşını müdafiə etməyə çalışıb.
AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti