"İsraillilərə Qafqaza səyahət etməməyə çağırışlar anti-Rusiya xarakteri daşıyır" - Zaxarova

   "İsraillilərə Qafqaza səyahət etməməyə çağırışlar anti-Rusiya xarakteri daşıyır" -    Zaxarova
  02 Noyabr 2023    Oxunub:990
Rusiya İsrail hökumətinin israilliləri Şimali Qafqaz regionuna səfərlərdən çəkinməyə çağırmasını anti-Rusiya addımı kimi qiymətləndirir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Biz bunu İsrail əhalisini çaşdıran bir növ anti-Rusiya addımı kimi qiymətləndiririk. Hesab edirəm ki, bu cür hərəkətlər, bu cür bəyanatlar sadəcə olaraq ölkəmizə qarşı yönəlib və reallıqla heç bir əlaqəsi yoxdur”,- deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, reallıq Mahaçqala hadisələrindən sonra Rusiya Federasiyasının bütün səviyyələrdə - dövlət, siyasi, ictimai - nümayiş etdirdiyi reaksiyadır.

“Üstəlik, Dağıstanın özü yenə də bütün səviyyələrdə - rəhbərlikdən tutmuş bütün konfessiyaların nümayəndələrinə və respublika ictimaiyyətinə qədər bu hadisələrdən sonra qətiyyətlə çıxış edərək, bunları region üçün rüsvayçılıq adlandırıb.

Bizim reaksiyamız açıq idi və hər şeyi söylədi. Və həqiqətən ümid edirik ki, bu mövqe İsrailin rəsmi qurumları vasitəsilə İsrail xalqına çatdırılacaq”.

Zaxarova diqqəti NATO ölkələrində təkcə Fələstinə dəstək deyil, açıq-aşkar anti-İsrail çalarları, şüarları və çıxışları ilə mitinqlər, etirazlar və tədbirlər təşkil edilməsinə yönəldib.

"Bir sıra NATO ölkələrində minlərlə, onlarla deyil, yüz minlərlə və milyonlarla insan iştirak edir. Lakin mən rəsmi Təl-Əvivdən İsrail vətəndaşlarının bu ölkələrə getməsinin tövsiyə olunmadığına dair açıqlama və ya xəbərdarlıq görməmişəm”, - diplomat bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti