ÜST: "Fələstin və İsraildə səhiyyə müəssisələrinə 237 hücum olub"

      ÜST:    "Fələstin və İsraildə səhiyyə müəssisələrinə 237 hücum olub"
  02 Noyabr 2023    Oxunub:862
Oktyabrın 7-dən indiyədək Fələstin-İsrail münaqişəsi bölgəsində səhiyyə xidmətlərinə ən azı 237 hücum həyata keçirilib. Onlardan 218-i atəş altındakı Fələstin ərazilərində, 19-u isə İsraildə olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O qeyd edib ki, səhiyyə sisteminə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır.

Baş direktor xatırladıb ki, oktyabrın 7-dən indiyədək 10 mindən çox insan, o cümlədən Qəzzada 8,5 mindən çox, İsraildə isə 1,4 min nəfər ölüb. Ümumilik 21 mindən çox insan yaralanıb. Qəzzada 36 xəstəxanadan 14-ü fəaliyyətini dayandırıb.

ÜST rəhbəri bildirib ki, anklavın şimalında və Qəzza şəhərində 23 xəstəxanaya evakuasiya əmri verilib. "Bu şərtlər altında məcburi evakuasiya yüzlərlə xəstənin həyatını riskə atacaq. Qəzzada vəziyyət təsvir edilə bilməz, xəstəxanalar dəhlizlərdə yatan yaralılarla dolub-daşır, həkimlər anesteziyasız əməliyyatlar aparır, minlərlə insan bombardmandan sığınacaq axtarır, ailələr yemək və su üçün çarəsizdir, meyitxanalar daşır. Hər yerdə qorxu, ölüm, dağıntı, itki var".

Onun sözlərinə görə, oktyabrın 7-dən Qəzza zolağına humanitar yardım aparan cəmi 217 yük maşını gəlib, halbuki bu tarixə qədər hər gün orta hesabla 500 yük maşını sərhədi keçib. "Bizə döyüşlərdə humanitar fasilə lazımdır və ideal olaraq münaqişəyə son qoyulmalıdır. Giriş yollarının təhlükəsizliyini təmin etmək üçün hər iki tərəfin razılaşdırdığı maneəsiz girişə ehtiyacımız var", - ÜST rəhbəri yekunlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti