HƏMAS-İsrail münaqişəsinə kənardan müdaxilə ssenarisi

  HƏMAS-İsrail münaqişəsinə kənardan müdaxilə ssenarisi
  03 Noyabr 2023    Oxunub:2128
İsraillə HƏMAS arasında münaqişənin başlamasından və Yaxın Şərqdə vəziyyətin pisləşməsindən üç həftədən çox vaxt keçir. Bu müddət ərzində regionun böyük dövlətlərindən heç birinin hələ k, münaqişəni daha da qızışdırmaq niyyətində olmadığı nəzərə çarpır. Bəs ABŞ, İran, Səudiyyə Ərəbistanı və digər regional aktorlar girərsə, biz Yaxın Şərqdə hansı hadisələrin və realıığın şahidi olarıq?
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın məşhur “Financial Times” nəşri Yaxın Şərqdə daha genişmiqyaslı müharibə ehtimalının ssenarisi və onun mümkün səbəbləri barədə çox maraqlı material dərc edib.


Materialda Birinci Dünya müharibəsinin başlamasından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, tarixçilərin hələ də həmin müharibənin səbəblərini araşdırdıqları vurğulanır. Birinci Dünya müharibəsinin başlanğıc nöqtəsinin 1914-cü ilin iyununda Sarayevoda Avstriya hersoqunun öldürülməsinin olduğu xatırladılır. Bundan cəmi bir neçə həftə sonra isə həmin hadisənin Avropanın bütün böyük güclərini və nəticədə ABŞ-ı müharibəyə cəlb edən daha böyük bir münaqişəyə gətirib çıxardığı vurğulanır.

Yaxın Şərqdə tarixin təkrarlanması təhlükəsi

Yaxın Şərqdəki vəziyyətə toxunan “Financial Times”, hazırda münaqişələrin arzuolunmaz dərəcədə artmasında Birinci Dünya müharibəsinə bənzər təhlükə mövcud olduğini yazır. Burada münaqişələrin yayılmasının dəhşəti o qədər inandırıcıdır ki, region liderləri İsraillə HƏMAS arasındakı döyüşü Qəzza ərazisinə yönəltmək istəyirlər.

Digər tərəfdən, Qərb siyasətçiləri müharibənin daha geniş miqyasda yayılmasından və Yaxın Şərqdə hərtərəfli müharibə riskindən - İranın, ABŞ-nin və hətta Səudiyyə Ərəbistanı nın bu münaqişəyə girməsinə səbəb ola biləcək risklərdən - getdikcə daha çox narahat olurlar.

Yaxın Şərq böhranında Bayden administrasiyasının əsas problemi

“Regionda müharibənin genişlənməsi” təhlükəsi hazırda ABŞ prezidenti Co Bayden administrasiyası üçün əsas təhdiddir.

İran öz qırmızı xəttinə yaxınlaşdığını açıq-aşkar təhdidlərlə bildirib. Bu xəbərdarlıq İran prezidenti İbrahim Rəisinin “X” sosial şəbəkəsində etdiyi paylaşımda birmənalı şəkildə özünü göstərir.

“İsrailin Qəzzada hərəkətləri qırmızı xətləri keçib və bu, hamını hərəkətə keçməyə məcbur edə bilər. Vaşinqton bizim heç nə etməməyimizi istəyir, lakin onlar İsraili geniş şəkildə dəstəkləməyə davam edirlər” , - Rəisi yazıb.



Bölgədə gərginliyin artmasının əlamətlərindən biri ABŞ-nin keçən həftə Suriyada İrannın dəstəklədiyi silahlıları bombalaması ilə müşahidə edilib. Vaşinqton özünün bu addımını İranın vəkil qüvvələrinin İraq və Suriyada mövcud olan Amerika qüvvələrinə hücumlarına cavab adlandırıb.

“Hizbullah”ın rolu

“Financial Times”da dərc olunan materialda İran tərəfindən dəstəklənən Livan “Hizbullah”ı silahlı qruplaşmasının hərəkətlərinin münaqişələrin yayılmasında əsas rol oynadığı vurğulanır.

“Hizbullah” İsrailə hücumlarını artırmağa qərar verərsə, İsrailin mülki əhalisinin əksəriyyətini sığınacaqlara yerləşməyə məcbur etmək üçün onun arsenalında kifayət qədər dəqiq idarə olunan raketlər var. Məhz buna görə, İsrailin Baş naziri Benyamin Netanyahu Livanı İsrailin öz ərazisindən hücuma məruz qalacağı təqdirdə onu “məhv edəcəyi ilə” hədələyib.


Nəşrin iddiasına görə, “Hizbullah” İsrailin təhdidləri səbəbindən məhv olmaq təhlükəsi ilə üz-üzə qalarsa, İran Livandakı müttəfiqi ilə birlikdə döyüşmək üçün SEPAH-dan qüvvələr göndərə bilər. Tehran rejimi belə bir addım atarsa, İsrail Livanda olduğu kimi İranda da SEPAH-a hücum etmək qərarına gələ bilər.

Digər tərəfdən, çox güman ki, bölgədə İranın dəstəklədiyi digər vəkil qüvvələr də “Hizbullah”ın iştirak etdiyi müharibədə İsrail və Amerika hədəflərinə hücumlarını gücləndirməklə cavab verəcəklər.

Hörmüz boğazı

Kənar dövlətlərin münaqişəyə müdaxiləsi sözsüz ki, Hörmüz boğazı ilə bağlı məqamlardan da yan ötməyəcək və böyük ehtimalla İran bu məkanı bağlamaq üçün vaxtaşırı təhdidlər həyata keçirəcək. Hörmüz boğazı dünya neftinin böyük hissəsinin keçdiyi marşrutdur. Ona görə də, belə hərəkətlər qlobal iqtisadiyyatda durğunluq yaradacaq və Səudiyyə Ərəbistanını birbaşa təhdid edəcək.

İrandan gələn bu təhdid reallaşarsa, ABŞ-nin Hərbi Dəniz qüvvələri (HDQ) Hörmüz boğazını yenidən açmağa çalışacaq ki, bu cəhd də cavabsız qalmayacaq. İran rejimi və onun tərəfdaşları Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Suriya və İraq da daxil olmaqla bütün regionda Amerika qüvvələri və obyektləri ilə toqquşma yarana bilər.

Yəmən husiləri

Yəmən husiləri İranın dəstəklədiyi qüvvələrdən biridir və onların hərəkətləri amerikalılar tərəfindən xüsusi narahatlıqla izlənilir.

Hazırda Səudiyyə Ərəbistanı ilə də müharibə aparan husilər bir neçə gün əvvəl İsraili pilotsuz təyyarə və raket hücumları ilə hədəfə alıb. Qrup İsrail Qəzza zolağına hücumlarını dayandırana qədər bu ölkəni hədəfə alacağı ilə hədələyib.

Yaxın Şərqdə mümkün müharibənin bütün tərəfləri bu miqyasda münaqişənin onların hər biri üçün fəlakətli olacağını çox gözəl bilirlər. Lakin bu, ona görə baş verə bilər ki, həmin ölkələr müəyyən hadisələrin olduğuna inanırlar. Həm də düşünürlər ki, bu hadisələrə cavab verməmək onların maraqları üçün çox təhlükəlidir.


Məsələn, İsrail Qəzzaya mötəbər bir çıxış planı olmadan qurudan hücuma keçdi, çünki özünün “çəkindirmə” təsirini geri qaytarmağın zəruri olduğunu hiss etdi.

Digər tərəfdən, İran hesab edir ki, “müqavimət mehvəri”nin fələstinliləri dəstəklədiyini göstərməlidir. ABŞ da düşünür ki, bölgədəki qüvvələrinə qarşı istənilən hücuma güclə cavab verməlidir.

Səudiyyə Ərəbistanı

Amma regionda heç də hamı panikaya düşmür. Ər-Riyadda bəzi insanlar əmindirlər ki, münaqişə onsuz da qeyri-sabit olan regionda növbəti böhrandır. Onlar krallığın iddialı modernləşmə proqramının və 2030-cu ilə qədər baxışının hələ də öz yolunda olduğunu düşünürlər.

Bununla belə, Ər-Riyadda sadə insanlar öz işləri ilə məşğul olarkən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman regional müharibə riskindən çox narahatdır.

“Financial Times” məxfi mənbəyə istinadən yazır ki, Bin Salmanın strategiyası amerikalılara təzyiq etmək və beləliklə də onların da İsrailə təzyiq göstərməsinə nail olmaqdır.
Amerikalılar isə öz növbəsində ümid edirlər ki, Bin Salman, Qətər və hətta Çin İranı gərginliyin artması təhlükələrinə və təmkinli davranmağa inandıra bilərlər. Bu böhran nəhayət, Məhəmməd bin Salmanla İran prezidenti arasında indiyədək görünməmiş dialoqun formalaşmasına gətirib çıxardı.


İran və Səudiyyə Ərəbistanı liderləri, Birinci Dünya müharibəsindən əvvəl Rusiya və Almaniyanın imperatorları kimi, fəlakətli müharibədən qaçmaq üçün dialoqa hazırdırlar.
Bu təhlilə istinadən “Financial Times” nəşri 1914-cü ildə işə yaramayan strategiyanın bu dəfə fərqli nəticələr verəcəyinə ümid etməyin lazım olduğunu vurğulayıb.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az



Teqlər: münaqişə   müdaxilə  





Xəbər lenti