İranlı bəstəkar BMT-nin illik İncəsənət mükafatının qalibi olub

İranlı bəstəkar BMT-nin illik İncəsənət mükafatının qalibi olub
  03 Noyabr 2023    Oxunub:894
İranlı bəstəkar Mehdi Rəcəbian 2023-cü il “BMT Azlıq sənətkarlar üçün Beynəlxalq İncəsənət müsabiqəsi”nin illik mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, ilk bəstəkar kimi bu mükafatı qazanan Rəcəbiandan başqa, ispan rəssamı və Nigeriyadan olan vizual rəssam da bu mükafatı alıblar.

Təltiflə bağlı bəstəkar “Billboard” musiqi jurnalının saytında dərc olunan çıxışında İranda kollektiv xoşbəxtliyin olmadığını vurğulayıb.

“Xoşbəxtlik kollektiv hadisədir və təəssüf ki, burada heç kim xoşbəxt deyil. Son etirazlardan sonra vəziyyət tamam fərqli olub. Heç bir mükafat sənətkarın bədii dəyərini müəyyən edən meyar ola bilməz, lakin o, mütləq insan hüquqlarının, sənət azadlığının səsi üçün platforma ola bilər”, - Rəcəbiandian deyib.

Təhlükəsizlik məhdudiyyətlərinə görə Rəcəbianın İranı tərk etməsinə icazə verilmədiyi üçün BMT-nin İncəsənət mükafatı ona qiyabi şəkildə verilib.

Əvvəllər də bədii fəaliyyətinə görə bir neçə dəfə həbs olunmuş bəstəkar barəsəində məhkəmə hökmləri də çıxarılıb. O, ilk dəfə 2014-cü ildə qardaşı Hüseyn Rəcəbianla birlikdə “müqəddəsləri təhqir etmək və sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə yeraltı musiqi nəşr etdiyinə görə həbs olunub.

Qeyd edək ki, BMT-nin bu mükafatı hər il ayrı-seçkiliyin müxtəlif formalarının bir-birinə qarışması və mürəkkəb ayrı-seçkilik ilə bağlı mövzular üzərində çalışan üç sənətçiyə verilir.
AzVision.az



Teqlər: İran   bəstəkar  





Xəbər lenti