Vaşinqton İrana qarşı neft sanksiyalarını sərtləşdirə bilər

Vaşinqton İrana qarşı neft sanksiyalarını sərtləşdirə bilər
  04 Noyabr 2023    Oxunub:1276
ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı neft sanksiyalarının sərtləşdirilməsi planını təsdiqləyib.
AzVision.az xəbər verir ki, “İran nefti daşıyan gəmilərin yanaşmasının qadağan edilməsi” planı ABŞ Nümayəndələr Palatasında lehinə 342 səs, əleyhinə 69 səslə təsdiqlənib.

Respublikaçı konqresmen Mayk Lovler və onun demokrat həmkarı Jared Moskowitz, bu planın İranın bütün Yaxın Şərqdə terroru maliyyələşdirməyə davam etməsinin qarşısını almaq üçün kritik bir addım olduğunu söyləyib.

Onlar həmçinin İranın “terror təşkilatlarına dəstək fəaliyyətləri”nə görə məsuliyyətə cəlb olunmasına çalışmağın vacibliyini vurğulayıblar.

“Bu plan Çin, Rusiya və başqaları kimi tərəflərə və aktorlara aydın və güclü mesajdır ki, İrana terroru maliyyələşdirməyə kömək etməsinlər. Əks halda onlar bu cür hərəkətin nəticələri ilə üzləşəcəklər”, - konqresmenlər deyib.

Qanuna çevrilməsi üçün bu planın əvvəlcə ABŞ Senatında təsdiqlənməsi, sonra isə ABŞ prezidenti Co Baydenin imzalaması lazımdır.

Qeyd edək ki, İran rəsmilərinin iddiasına görə, Vaşinqtonun geniş sanksiyalarına baxmayaraq, son illərdə Tehranın neft satışları artıb.
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti