Rəisi: HƏMAS-la müharibə demokratiya ilə müharibədir

      Rəisi:    HƏMAS-la müharibə demokratiya ilə müharibədir
  07 Noyabr 2023    Oxunub:1009
İran prezidenti İbrahim Rəisi Norveçin Baş naziri Yonas Qahr Storla telefon danışığında Qəzza bölgəsində yaşanan hadisələri müzakirə edib.
AzVision.az “FarsNews” agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı Rəisi Norveçin Qəzzada müharibənin və mülki insanların öldürülməsinin ən qısa zamanda dayandırılmasında mövqeyini alqışlayaraq, blokadanı aradan qaldırmaq və bölgəyə təcili yardım göstərmək üçün beynəlxalq səylərin zəruriliyini vurğulayıb.

Rəisi onu da vurğulayıb ki, sionist rejimin (İsrail) hərbi cinayətləri və Amerikanın bu cinayətlərə verdiyi dəstək, cəzasız qalmamalıdır.

“10 min nəfərin, o cümlədən 4 min fələstinli uşağın həlak olması ABŞ-nin sionist rejimə kütləvi şəkildə silah və texnika göndərməsinin nəticəsidir. Qəzzada az qala hər 10 dəqiqədən bir uşağın öldürülməsi insanlığa qarşı cinayətin, soyqırımın bariz nümunəsidir. İyrənc susqunluq, hətta ABŞ və bir sıra Avropa ölkələrindən sionist rejimə silah dəstəyi və texnikanın göndərilməsi Qərbin ikili standartlarına və bu ölkələrin sionistlərin cinayətlərində aşkar şərik olmasına sübutdur. HƏMAS Qəzzanın seçilmiş və qanuni hökumətidir. HƏMAS ilə müharibə demokratiya ilə müharibədir”, - Rəisi deyib.

Norveçin Baş naziri isə dünyanın bu gün mürəkkəb və çətin vəziyyətdə olduğunu söyləyib.

“Norveç İranın regiondakı mühüm və təsirli rolunun fərqindədir və sizin gərginliyə nəzarət sahəsində səylərinizi yüksək qiymətləndirməklə yanaşı, Fələstin böhranının həlli yönündə yeni yollar tapmaq üçün İranla qarşılıqlı əlaqədə olmaq istəyir”, - Yonas Qahr Stor deyib.

Baş nazir Norveçin zorakılıq və qarşıdurmaların dərhal dayandırılmasını vurğuladığını qeyd edərək, Tehranla Oslonun mühasirənin aradan qaldırılması və Qəzza xalqına yardım göstərilməsinin həlli yolunu tapmaq üçün diplomatik kanallar vasitəsi ilə məsləhətləşə və əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.
AzVision.az



Teqlər: İran   Norveç  





Xəbər lenti