"İndi Ukraynaya seçkilər yox, silah lazımdır"

    "İndi Ukraynaya seçkilər yox, silah lazımdır"
  08 Noyabr 2023    Oxunub:1221
Ukrayna qanunları hərbi vəziyyət dövründə yeni seçkilərin keçirilməsini qadağan etdiyinə görə, prezident Volodimir Zelenski səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident vəzifəsini icra edəcək.
AzVision.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik “Azadlıq” radiosunun Ukrayna xidmətinə şərhində belə bəyanat səsləndirib.

“Bu mövzuda nə qədər spekulyasiyalar olsa da, Konstitusiyada açıq şəkildə qeyd edilib ki, Ukrayna prezidenti Ukraynanın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini həyata keçirir. Qalan hər şey—səlahiyyətlərin başa çatması, bəzi səlahiyyətlərin ötürülməsi ilə bağlı siyasi spekulyasiyadır” , - Dubovik deyib.

Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi mövqeyini səsləndirən Dubovikin açıqlaması əslində heç də təəccüblü deyil. Belə ki, Ukrayna Konstitusiyası ölkədə hərbi vəziyyət şəraitində prezident seçkilərinin keçirilməsinə qadağa qoyur. Prezident Volodomir Zelenski isə Dubovikin bəyaynatı ərəfəsində Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin 90 gün—2024-cü il fevralın 14-dək uzadılması haqqında fərman layihəsi təqdim edib. Bu böyük mənada gələn ilin martında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin təxirə salınması deməkdir.

Volodomir Zelenski sözügedən layihəni parlamentə təqdim edərkən, hazırda Ukraynada prezident seçkilərinin keçirilməsinin yalnız Rusiyaya sərf etdiyini, məhz bu baxımdan da, indi prezident seçkiləri keçirməyin vaxtı olmadığını vurğulayıb.

“Biz qərar verməliyik ki, indi müdafiə vaxtıdır, dövlətin və xalqın taleyinin asılı olduğu döyüş vaxtıdır, Ukraynadan yalnız Rusiyanın gözlədiyi fikirlərin ortaya atılması vaxtı deyil. Hesab edirəm ki, indi seçki vaxtı deyil” , - Zelenski özünün ənənəvi video-müraciətində deyib.

Onun fikrincə, müharibə dövründə “seçki mövzusunu cəmiyyətə atmaq” “tamamilə məsuliyyətsizlik” və “qeyri-ciddi”dir. Zelenski bildirib ki, əgər siyasi mübahisələrə son qoymaq lazımdırsa, o zaman müvafiq strukturlar bunu etməlidir.

- Ona görə ki, münaqişələrə və Ukraynaya qarşı başqasının oyununa yer qalmasın ”, - Zelenski izah edib.

Ukrayna Mərkəzi Seçki Komissiyası isə qurumun sədr müavini Dubovikin bəyanatı ilə prezident Zelenskinin mesajını çox yaxşı anladığını nümayiş etdirib.

Hələ bu ilin yayında seçkilərin keçirilməsini 5 milyard dollar dəyərində qiymətləndirən Volodomir Zelenski, buna “kredit” və ya “silahdan pul götürmək” hesabına getməyəcəyini və qanunvericilikdə müvafiq dəyişiklik edilməsinin zəruri olduğunu vurğulamışdı. Yəni, Ukrayna prezidenti hazırda seçkilərin yox, Rusiya ilə müharibədə duruş gətrimək naminə xalq üçün silahın daha böyük önəm kəsb etdiyini diqqətə çatdırmışdı.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   seçkilər  





Xəbər lenti