Suriyalı və amerikalı hərbçilər arasında atışma olub

Suriyalı və amerikalı hərbçilər arasında atışma olub
  10 Noyabr 2023    Oxunub:1060
Fərat çayının sahilində Suriya və ABŞ qoşunları arasında artilleriya qurğularından istifadə edilməklə hərbi toqquşma yaşanıb.
AzVision.az “Al Mayaden” telekanalına istinadən xəbər verir ki, hər iki tərəf iri çaplı pulemyotlardan, minaatanlardan, artilleriyadan fəal şəkildə istifadə edir.

“Fəratın şərqində Amerika qoşunları ilə SDQ (“Demokratik Suriya Qüvvələri” - red.), eləcə də Suriya ordusu və onun Fəratın qərbindəki müqavimət mehvərinin nəzarəti altnda olan müttəfiqləri arasında toqquşmalar gedir”, - KİV-lər xəbər verir.

Döyüşlər ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Deyr əz-Zorun şərq ərazilərinə hücumundan sonra Fərat çayı ərazisində (Deyr əz-Zor əyalətinin mərkəzinin şərqində, Dəməşqdən 420 km aralıda) başlayıb. “Al Mayaden”in istinad etdiyi mənbə Suriyanın yuxarıda adı çəkilən şəhərinin şərqində yerləşən Amerikanın “Əl-Ömər” səhra bazasının da altı raketlə vurulduğunu bildirib.

Qeyd edək ki, ABŞ-nin HHQ bundan əvvəl Suriyanın şərqindəki silah anbarına hücum edib. Pentaqon rəhbəri Lloyd Ostin həmin obyektin İran İslam İnqilabı Keşikçiləri Korpusu və “əlaqəli qruplar” tərəfindən idarə olunduğunu iddia edib.

Suriya İnsan Haqlarının təminatı üzrə müşahidə qrupunun məlumatına görə, həmin hücumda azı 9 nəfər həlak olub. Eyni zamanda Suriyanın Müdafiə nazirliyi respublikanın cənubunun İsrail tərəfindən hücuma məruz qaldığını açıqlayıb.

Bu hücumlarla bağlı xəbərlərdən həm əvvəl, həm də sonra da media Suriya və İraqdakı Amerika bazalarının atəşə tutulduğunu yazıb. Yəmən yaxınlığında ABŞ-a məxsus PUA-nın da vurulduğu məlumdur.

Ümumiyyətlə isə, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki Amerika ordusuna 40 dəfədən çox hücuma edilib ki, onların da 20-dən çoxu İraqda, 20-yə yaxını isə Suriyada baş verib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: ABŞ   Suriya  





Xəbər lenti