Keçmiş nazir iki ay müddətinə həbs edildi

   Keçmiş nazir iki ay müddətinə həbs edildi
  12 Noyabr 2023    Oxunub:1200
Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə icazə verib. Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Digər məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.

Noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i döyülərək dünyasını dəyişən həyat yoldaşının ölümü ilə bağlı Bişimbayevin saxlanılması barədə məlumat yayıb. Polisin məlumatına görə, Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətlərdən ölüb. İş “Qətl” maddəsi ilə araşdırılır, lakin polis bu işdə iştirak edənlərin adlarını açıqlamayıb.

Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2018-ci ilin martında məhkəmə Bişimbayevi ömürlük dövlət qulluğunda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edib. O, rüşvət almaqda və əmlak oğurlamaqda təqsirli bilinib. 2019-cu ilin oktyabrında Çimkent şəhər məhkəməsi Bişimbayevin şərti azadlığa buraxılması barədə qərar çıxarıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti