Film kimi plan: İllərcə özünü ölü kimi göstərdi və İsraili vurdu

      Film kimi plan:    İllərcə özünü ölü kimi göstərdi və İsraili vurdu
  13 Noyabr 2023    Oxunub:1106
HƏMAS-ın İsrailə qarşı son illərdəki ən böyük hücumunun əks-sədaları hələ də davam edir. Bölgədə qarşıdurmalar davam edərkən bütün gözlər HƏMAS-ın 10 il əvvəl öldüyünü elan etdiyi Məhəmməd Sinvardadır. Çünki MOSSAD mənbələri Sinvarın ölmədiyini və İsrailə hücumu planlaşdırdığına inanır.
“İsrailin 11 sentyabrı” kimi təqdim edilən hücumlardan 5 həftə keçir. "Əl-Əqsa tufanı" əməliyyatına cavab olaraq İsrailin Qəzzaya qurudan hücumları davam edir.

Həm İsrail ictimaiyyəti, həm də dünya “İsrail hücumun qarşısını necə ala bilmədi?” sualına cavab axtarır. İngiltərədən gələn məlumatlar isə film səhnələrini xatırladır.

Məhəmməd Sinvar dəfələrlə MOSSAD-ın hədəfi olub və bütün sui-qəsd cəhdlərindən sağ çıxa bilib. LIakin 2014-cü ilə qədər. Belə ki, HƏMAS 2014-cü ildə Məhəmməd Sinvarın qanlı çarpayıda uzanmış şəklini dərc edərək onun öldüyünü elan etmişdi. Bu, İsrail üçün böyük uğur idi. Çünki Məhəmməd təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyədən sonra gələn Yəhya Sinvarın kiçik qardaşı və HƏMAS-ın tanınmış liderlərindən biri idi. Lakin Britaniyanın “Teleqraf” qəzetində yer alan iddiaya görə, yayımlanan foto tamamilə saxtadır.

Yəni Məhəmməd İsraildən gizlənmək üçün illər boyu ölümünü saxtalaşdırıb. İsrail casusları HƏMAS-ın on il əvvəl öldüyünü elan etdiyi Sinvarın sağ olduğunu və illərdir Qəzzanın altındakı tunellərdə gizləndiyini düşünür. MOSSAD-ın terrorla mübarizə üzrə keçmiş rəhbəri "British Telegraph" mühasibəsində onun oktyabrın 7-də edilən hücumu planlaşdıran əsas şəxslərdən biri olduğunu qeyd edib:

"O, Mohammed Deif, Marwan Issa və Tawfiq Abu Naim kimi adlarla birlikdə axtarışda olanlar siyahısında yeddinci yerdədir. O, vacib bir fiqurdur və o, hələ də sağdır”.

Kəşfiyyat üzrə analitik və Intelli Times bloqunun müəllifi Ronen Solomon bildirib ki, Məhəmməd 2011-ci ildə məhbus mübadiləsi zamanı böyük qardaşını İsrail həbsxanasından azad etməyə kömək edib və məhbusların azad edilməsini təmin etmək üçün adam oğurluğundan istifadə edən "ekspert" hesab olunur.

2006-cı ildə HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarından bir komanda qazdıqları tunel vasitəsilə İsrail ərazisinə keçərək ordu postuna hücum etdi. Hücumda iki İsrail əsgəri şəhid olub, Gilad Şalit adlı əsgər isə əsir götürülüb.

O, 2011-ci ildə məhbus mübadiləsi müqaviləsi ilə azad edilib. İsrail Şalitin azad edilməsi üçün 1027 məhbusu azad edib. Onlardan biri Məhəmmədin böyük qardaşı Sinvar idi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti