Münaqişədən sonra İsrail Qəzzanı idarə etmək istəmir

   Münaqişədən sonra İsrail Qəzzanı idarə etmək istəmir
  13 Noyabr 2023    Oxunub:870
İsrail münaqişədən sonra Qəzza sektorunu zəbt etmək istəmir və onun gələcəyini Vaşinqtonla müzakirə edir.
AzVision.az xəbər verir ki, İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq “Fox News” telekanalına müsahibəsində belə açıqlama səsləndirib.
“Biz Qəzzanın statusunun uzunmüddətli perspektivdə nə ola biləcəyi barədə xeyli düşündük və bu mövzuda Amerika administrasiyası ilə danışıqlara başladıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, fələstinlilər Qəzzanı müstəqil şəkldə idarə etməlidirlər. Fələstin Milli Administrasiyasının (FMA) tam şəkildə hansı rolu oynayacağı daha sonra bəlli olacaq. FMA indiki formada çətin ki, Fələstinin inzibati mərkəzi olan Ramallahı idarə edə bilər və əslində Qəzzanın yox, onun özünün islahatlara ehtiyacı var” , - Maykl Hersoq deyib.

Səfir İsrail qoşunlarının Qəzzaya “onu işğal və ya idarə etmək üçün deyil, anklavı Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarından azad etmək üçün” daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qəzza 500 km-dən çox tunel də daxil olmaqla, dünyanın ən böyük terror kompleksidir.

Hersoq qeyd edib ki, anklavın şimal hissəsinin sakinlərinin cənuba köçə bilməsi üçün İsrail Qəzzada humanitar dəhlizlər açıb və artıq 200 mindən çox insan bu imkandan yararlanıb. Onun fikrincə, bu, həmin insanların “HƏMAS üçün canlı qalxan rolunu oynamaq istəmədiklərini” göstərir.

- Onlar bizi sevmirlər, amma onlar HƏMAS-ı da sevmirlər. Yəhudi dövləti həm də anklavın müəyyən ərazilərində humanitar fasilələr təşkil etməyə başladı. Şimaldakı vəziyyətdən asılı olaraq hər gün dörd saat müxtəlif ərazilərdə belə fasilələr edilir. Bu çox effektlidir”, - İsrailin ABŞ-dakı səfiri bildirib.

Maykl Hersoq İsrailin bəzi girovları azad etmək üçün razılaşma üzərində işlədiyini təsdiqləyib, lakin HƏMAS-ın bunu nə qədər ciddi qəbul etdiyini bilmədiyini vurğulayıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti