KTM-in şöbə müdiri tanınmış alimi maşınla vurub, öldürdü - YENİLƏNİB

  KTM-in şöbə müdiri tanınmış alimi  maşınla vurub, öldürdü - YENİLƏNİB
  16 Noyabr 2023    Oxunub:1417
Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.
Bu barədə AzVision.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A.Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə "Report"a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.

Belə ki, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***
Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu Bakıda avtomobil vuraraq öldürüb.

AzVision.az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Alimi Bakı şəhər sakini, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən zaman vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti