BMT Baş Assambleyası İranda qadınlara qarşı repressiyaların güclənməsini pisləyib

   BMT Baş Assambleyası İranda qadınlara qarşı repressiyaların güclənməsini pisləyib
  16 Noyabr 2023    Oxunub:955
Kanadanın təklif etdiyi, İranda insan haqlarının geniş şəkildə pozulmasını pisləyən qətnamə BMT-nin 78-ci Baş Assambleyasının 3-cü Komitəsində təsdiqlənib.
AzVision.az ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Paleyin öz “X” hesabında yaydığı məlumata istinadən bildirir ki, qətnamənin lehinə 80, əleyhinə isə 29 səs verilib. 65 ölkə isə bitərəf qalıb.

“Bu gün biz BMT-nin digər 79 ölkəsi ilə birlikdə İran hökuməti tərəfindən insan haqlarının dəhşətli şəkildə pozulmasını tənqid edirik. İran xalqının zülm və zorakılığa qarşı, azad və demokratik gələcək uğrunda mübarizəsi zamanı biz onların yanındayıq”, - Paley deyib.


Sənəddə Tehranın “qadın və qızlara qarşı məqsədyönlü repressiyaları gücləndirməsi” pislənilir və onlara qarşı sistematik ayrı-seçkiliyə, şifahi və fiziki təzyiqlərə son qoyulması qətiyyətli şəkildə tələb olunur. Həmçinin, İranda edamların sayının yüksək və “həyəcan doğuran” səviyyəyə çatması tənqid edilərək, bu cür edamların İranın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilib.

İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Zəhra Ərşadi iclasda bu qətnaməni “qərəzli və siyasi motivli” və “qətiyyətlə rədd edilmiş” sənəd adlandırıb.
AzVision.az



Teqlər: İran   BMT  





Xəbər lenti