ABŞ və Aİ Qəzzaya BMT sülhməramlılarını gətirmək istəyir - KİV

   ABŞ və Aİ Qəzzaya BMT sülhməramlılarını gətirmək istəyir -    KİV
  17 Noyabr 2023    Oxunub:935
ABŞ və onun avropalı müttəfiqləri müharibə başa çatdıqdan sonra Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi planını irəli sürür. Bu barədə RİA Novosti Qərb mətbuatına istinadən xəbər verir.
Media mənbələrinin məlumatına görə, Amerika və Avropa rəsmiləri Qəzza zolağında belə bir əməliyyatın mümkünlüyü ilə bağlı əhəmiyyətli məsələlərin olduğunu etiraf edirlər.

Onlar da başa düşürlər ki, İsrail belə bir plana şübhə ilə yanaşır. Lakin onların fikrincə, hətta bu ideyanın müzakirəsi belə İsrail rəhbərliyini kampaniyanı tez bir zamanda dayandırmağa sövq edə bilər.

Qeyd edildiyi kimi, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr ilkin xarakter daşıyır. ABŞ və Avropa rəsmiləri tərəfindən nəzərdən keçirilən variantlardan biri 1948-ci il müharibəsindən sonra Fələstin ərəbləri ilə İsrail arasında barışıq sazişlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün 1949-cu ildə yaradılmış Atəşkəsə Nəzarət Qurumunun rolunun genişləndirilməsini nəzərdə tutur.

Bundan BMT-nin dünya üzrə oxşar strukturlarından, xüsusən də Haiti və ya Somalidə beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün nümunə kimi istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, HƏMAS-ın elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb.

Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb.

İsraildə səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb. Bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir və 5 mindən çox yaralı olduğu da bildirilir.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib.

Oktyabrın sonunda İsrailin anklavda əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb. İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11,5 mini keçib, 29 mindən çox insan yaralanıb.

Bildirək ki, tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub.1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti