Ukraynanın Aİ-yə üzvlüyü barədə danışıqlar təhlükə altındadır

    Ukraynanın Aİ-yə üzvlüyü  barədə danışıqlar təhlükə altındadır
  18 Noyabr 2023    Oxunub:1416
Avropa İttifaqının (Aİ) Ukrayna ilə üzvlük danışıqlarına başlamaq üçün dekabrda gözlənilən qərarı “təhlükə altındadır” və onun iştirakçıları Kiyevə əlavə 50 milyard avro həcmində yardım ayırmaq barədə hələ razılığa gələ bilməyiblər.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli təmsilçisi “Reuters” agentliyinə belə məlumat ötürüb.

Avropalı rəsminin şərhi Aİ-də hərbi əməliyyatlar mövzusunda artan yorğunluq və Kiyevin qərb tərəfdarları arasında “getdikcə daha tutqun əhval-ruhiyyə”nin yaranması fonunda səsləndirilib. “Reuters” xatırladır ki, Qərb “nə qədər lazımdırsa” Ukraynanı dəstəkləyəcəyini vəd etsə də, həmsöhbətin sözlərinə görə, Aİ üzvləri arasında bu mövzuda son müzakirələr “reallığın sınağına” çevrilib.

“Liderlər... bunun kifayət qədər baha olduğunu başa düşdülər. Bunu necə ödəyəcəyik? Avropa Komissiyasının 2027-ci ilə qədər Ukraynaya daha 50 milyard avro ayrılması üçün blokun uzunmüddətli büdcəsinə yenidən baxılması təklifi müxtəlif tərəflərin tənqidinə məruz qalıb. Biz Ukraynanın müflis olmasına imkan verə bilmərik, bu, bizim üçün variant deyil. Amma asan da deyil”, - avropalı məmur deyib.

Aİ-nin dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitinin hazırlanmasında iştirak edən təmsilçi, həmçinin Ukrayna ilə Birliyə üzvlüklə bağlı rəsmi danışıqların tezliklə başlanmasına da şübhə ilə yanaşaraq, sözügedən tədbirdə belə qərarın çıxarılması barədə gözləntilərin “risk altında” olduğunu deyib. Onun fikrincə, səbəblərdən biri Macarıstanın müqavimətidir ki, bu da tələb olunan yekdilliyi əngəlləyə bilər. Avropalı məmur onu da bildirib ki, bəzi Aİ liderləri 2024-cü ilin martında Avropa Komissiyası tərəfindən Ukraynanın qalan şərtlərə uyğunluğu ilə bağlı vəd olunmuş qiymətləndirmədən sonra müzakirələrə qayıtmağı təklif ediblər.

- Ola bilsin ki, gözləntilərimiz çox böyük idi. Biz Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcəyikmi? Bunu etmək üçün imkanımız varmı? ABŞ-nin yaxın illərdə bizim arxamızca gedəcəyinə əminikmi? Məsələ bunda deyil ki, insanlar sülh bağlamağa çağırırdılar. Ayrı-ayrı üzvlər açıq şəkildə dedilər ki, nə vaxtsa buna son qoymaq lazımdır. Konsensus Ukraynanı dəstəkləməyə davam etməkdədir, lakin bir sıra suallar yaranır”, - Avropa İttifaqının təmsilçisi etiraf edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna  





Xəbər lenti