İsrail “Galaxy Leader” gəmisinin qaçırılmasında İranı günahlandırdı
"Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. Britaniya şirkətinə məxsus olan və Yapon şirkəti tərəfindən idarə olunan gəmi Yəməndə husi qoşunları tərəfindən İranın istəyi ilə ələ keçirilib".
Netanyahunun ofisinin məlumatına görə, gəminin göyərtəsində müxtəlif millətlərdən olan 25 ekipaj üzvü, o cümlədən ukraynalılar, bolqarlar, filippinlilər və meksikalılar var. Ancaq gəmidə heç bir israilli yoxdur.
"Bu, İranın daha bir terror aktıdır və İranın azad dünya vətəndaşlarına qarşı təcavüzündə irəliyə doğru bir addımdır və qlobal gəmiçilik zolaqlarının təhlükəsizliyi ilə bağlı beynəlxalq nəticələr yaradır", - ofis əlavə edib.
Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Ədən körfəzi sularında “Galaxy Leader” yük gəmisini ələ keçirib.
Əvvəlcə bunun İsrail gəmisi olduğu bildirildi, lakin tezliklə bu məlumat İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tərəfindən təkzib edildi. Onun sözlərinə görə, bu, “Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: