Zelenski: Trampın sülh planını yalnız bir şərtlə müzakirə etməyə hazıram

      Zelenski:    Trampın sülh planını yalnız bir şərtlə müzakirə etməyə hazıram
  22 Noyabr 2023    Oxunub:1094
Ukrayna prezidenti Volodomir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşməyə və onun Moskva ilə Kiyev arasında barışıq təkliflərini müzakirə etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Zelenskinin “Fox News”a müsahibəsində müxbirin Trampın Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına tez bir zamanda—“24 saat ərzində” nail olacağı barədə xatırlatmasının cavabında Ukrayna prezidenti buna hazır olduğunu söyləyib.

“Bəli, mən hazıram, hazıram. Əlbəttə. Əgər onun sülh ilə bağlı dəqiq planı varsa, mənimlə bölüşə bilər. Gəlin onunla danışaq və onun sülh düsturunda hansı addımların olduğunu göstərməsinə imkan verək. Bəli, Donbas və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik. Düşünürəm ki, ölkəmiz belə bir sülh planına hazır olmayacaq. Bu sülh planı deyil”, - Zelenski deyib.

Noyabrın 20-də “The Sun” qəzetinə müsahibəsində Zelenski Donald Trampın ABŞ-nin prezidenti seçiləcəyi təqdirdə onunla danışıqlar masası arxasında oturmağa və onun sülh planını dinləməyə “hazır” olduğunu açıqlayıb. Zelenski ukraynalıların müharibədən yorulduğunu, lakin Rusiya ilə sülh sazişi üzrə danışıqları dəstəkləmədiklərini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukraynadakı müharibəni “24 saat ərzində” bitirməyə hazır olduğunu dəfələrlə söyləyib. Ukrayna prezidenti isə noyabrın əvvəlində “NBC News” nəşrinə müsahibəsində müharibəni bir sutka ərzində dayandırmağın mümkün olmadığını “24 dəqiqəyə” Trampa izah etmək üçün onu Kiyevə dəvət etdiyini bildirib. Bunun cavabında Tramp Kiyevə səfərinin indi “yersiz” olacağını deyib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Zelenski  





Xəbər lenti