Abdullahiyan HƏMAS-ın lideri ilə görüşüb - VİDEO

   Abdullahiyan HƏMAS-ın lideri ilə görüşüb -    VİDEO
  24 Noyabr 2023    Oxunub:1115
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohada radikal HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

AzVision.az İranın rəsmi KİV-lərinə istinadən xəbər verir ki, tərəflər Qəzza zolağındakı vəziyyəti, eləcə də İsraillə HƏMAS arasında humanitar atəşkəs və Fələstin anklavında saxlanılan girovların bəzilərinin azad olunmasına dair razılaşmanı müzakirə ediblər.

Görüşün başqa təfərrüatları barədə məlumat verilməyib. Abdullahiyan, habelə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə də danışıqlar aparıb.

İranın Xarici İşlər nazirliyinin yaydığı bəyanatda Abdullahianın Qəzza zolağında humanitar atəşkəsə dair razılaşmanı alqışladığı və həmçinin “İsrail rejimi atəşkəs bitdikdən sonra müharibəni davam etdirəcəyi” təqdirdə bölgədə vəziyyətin pisləşməsi riski ilə bağlı xəbərdarlıq etdiyi bildirilir.

Bu arada İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında gözlənilən atəşkəsin qısamüddətli olacağını və bundan sonra gərgin döyüşlərin ən azı 2 ay davam edəcəyini açıqlayıb.

“Bu, qısa bir fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək və daha çox qaçırılanların geri qaytarılması üçün təzyiq yaradılacaq. Daha iki aylıq döyüşlər gözlənilir”, - Qalant İsrail Hərbi Dəniz qüvvələrinin 13-cü donanmasının əsgərləri ilə görüşdə deyib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   HƏMAS  





Xəbər lenti