Qəzzada müvəqqəti atəşkəsin müəllifləri

   Qəzzada müvəqqəti atəşkəsin müəllifləri
  24 Noyabr 2023    Oxunub:979
ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsinin və Mossadın rəhbərləri Uilyam Berns və Devid Barni, həmçinin Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Qəzza zolağında müvəqqəti atəşkəsin əldə olunmasında həlledici rol oynayıblar.
AzVision.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, müvəqqəti atşəkəs barədə danışıqlarda ABŞ-nin, İsrailin, Qətərin və Misirin yüksək səviyyəli rəsmiləri, o cümlədən ABŞ prezidenti Co Bayden, İsrailin baş naziri Benyamin Netanyahu, Qətər əmiri Təmim bin Həməd Əl Tani və Misir prezidenti Əbdül Fətah əs-Sisi də fəal iştirak ediblər.

Bu prosesdə xüsusilə mühüm rolu danışıqlar aparmaq səlahiyyəti həvalə edilmiş Amerika və İsrail kəşfiyyatının rəhbərləri oynadılar. “The Wall Street Journal” nəşri isə bildirir ki, gizli danışıqlarda Fələstin HƏMAS hərəkatının lideri Yəhya Sinvar da şəxsən iştirak edib.

Noyabrın 24-də səhər saat 7:00-da qüvvəyə minən atəşkəs razılaşma uzun və mürəkkəb diplomatik səylər nəticəsində əldə olunub. Razılaşmanın birinci mərhələsi dörd günlük atəşkəs və tərəflər arasında girov və əsirlərin mübadiləsini nəzərdə tutur. Birinci mərhələnin uğurlu olacağı təqdirdə, ikinci mərhələdə fələstinlilərin və girovların əlavə azad edilməsi, həmçinin atəşkəsin uzadılması nəzərdə tutulur.

Atəşkəs dövründə Qəzza zolağına hər gün humanitar yardım, o cümlədən 200 yük maşını humanitar yardım, benzin və 130 min litr dizel yanacağı çatdırılacaq.
Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qəzza   atəşkəs  





Xəbər lenti