"Balamın ayaqlarından öpəcəyəm" - Əsir əsgərlərimizin anaları

  "Balamın ayaqlarından öpəcəyəm" -    Əsir əsgərlərimizin anaları
  07 Dekabr 2023    Oxunub:1757
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər isə Bəbirov Aqşin və Axundov Hüseyndir.

AzVision.az yaxın günlərdə vətənə geri dönəcək hər iki əsir əsgərin anası ilə əlaqə saxlayıb və sevincli xəbəri bölüşüb.

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova: "Mənə Hüseynin anası xəbəri verdi. Dünəndən şokda idim. Sanki yuxudayam. Dövlətimə təşəkkür edirəm, Prezidentimə minnətdaram. Heç zaman ümidimizi üzmədik. Aqşini qarşılayanda ayağından öpəcəm. Balamı duz kimi yalayacam. İki ildir balama həsrətəm. Həyəcandan dilim də söz tutmur. Sevinc göz yaşlarım durmur”.

Hüseyn Axundovun anası Şəlalə Axundova: “Bu hissi başa salmaq olmur e. Sevincdən necə qışqırdımsa, bütün küçə səsimə çıxdı. Prezidentimin əlindən öpürəm. Hüseyni gəlin, görün necə qarşılayacağam”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüşdülər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olmuşdu. Hər iki əsgər Ermənistanda əsir götürülmüşdü və onlara qarşı saxta ittihamlarla cinayət işi açılmışdı.

Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılmışdı və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Ötən gün isə onun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilmişdi.

Həmçinin bax
Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri götürdü

"32 nəfərlik siyahıya müharibə cinayətləri törədən ermənilər daxil deyil"

Şahanə Rəhimli
AzVision.az


Teqlər: əsir  





Xəbər lenti