Tərk edilən “Post”

// “The Washington Post”un işçiləri etiraza qalxıblar

   Tərk edilən “Post”
  09 Dekabr 2023    Oxunub:2639
Dekabrın 7-də “The Washington Post” qəzetinin 750-dən çox əməkdaşı redaksiyadakı ixtisarlara və yeni əmək müqavilələrinin bağlanmasının yubadılmasına etiraz olaraq 24 saatlıq tətil elan ediblər. Bu, son 50 ildə qəzetin redaksiyasındakı ən böyük tətil olub.
Tətili “The Washington Post”un jurnalistlərinin gildiyası – 1934-cü ildən fəaliyyət göstərən həmkarlar ittifaqı təşkil edib. Aksiyanın iştirakçıları həmin gün oxucuları da onlarla həmrəylik göstərərək, qəzeti almamağa və saytına girməməyə çağırıblar.

İxtisarların səbəbi nəşrin üzləşdiyi maliyyə çətinliyi ilə bağlıdır. Hazırda milyarder Ceff Bezosa məxsus olan qəzet çətin günlərini yaşayır. Bu ilin nəticələrinə görə “The Washington Post” $100 milyon dollar ziyanla işləyib.


Vəziyyətdən çıxmaq üçün şirkətin rəhbərliyi əməkdaşların 10%-ni (240 nəfəri) ixtisar etməyə hazırlaşır. Bununla bağlı işçilərə təklif olunub ki, 6 aylıq maaşlarını kompensasiya kimi alaraq, könüllü şəkildə istefa versinlər. Əgər dekabrın ortasına qədər 240 nəfər könüllü getməsə, onda məcburi ixtisarlara əl atılacaq. İndiyə qədər 120 əməkdaş könüllü şəkildə getmək niyyətini bildirib.

Digər problem isə odur ki, qəzet artıq 18 aydır işçilərinin əmək müqavilələrini yeniləmir. Qəzetin rəhbərliyi bu mövzuda Həmkarlar İttifaqı ilə anlaşa bilmir. Birinci tərəf jurnalistlərə ildə $73 min dollar maaş ödəməyə hazır olduğu halda, ikinci tərəf hər şeyin bahalaşdığını nəzərə almaqla bunun $100 min olmasını tələb edir.

Həmkarlar ittifaqının sədri, jurnalist Sara Kaplan deyib ki, “Bizim maaşlarımız artan qiymətlər və digər redaksiyalardakı əməkhaqları ilə ayaqlaşa bilmir”. Buna görə də “The Washington Post”un əməkdaşlarının çoxu başqa nəşrlərə keçiblər.

Qeyd edək ki, “The Washington Post” əməkdaşlarının bundan qabaqkı tətili 1975–1976-cı illərdə olmuş və 20 həftə davam etmişdi.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Media  





Xəbər lenti