İran parlamenti gələn il üçün büdcə layihəsini rədd edib

   İran parlamenti gələn il üçün büdcə layihəsini rədd edib
  13 Dekabr 2023    Oxunub:753
İslam Şurası İbrahim Rəisi hökumətinin 2024 (İranda 1403)-cü il üçün ümumi büdcə qanunu layihəsi ilə razılaşmayıb. Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf qanun layihəsində “əhəmiyyətli kəsir”in olduğunu bildirib.
AzVision.az İran mediasının yaydığı məlumata istinadən xəbər verir ki, plenar iclasda iştirak edən 236 deputatdan yalnız 91-i bu qanun layihəsini dəstəkləyib. Sənədin əleyhinə isə 127 deputat çıxıb. Bitərəf qalan nümayəndələrin sayı 10 nəfər olub.

Səsvermədən sonra parlamentin sədri Məhəmməd Baqir Qalibaf büdcə layihəsinin səsvermədə iflasına aydınlıq gətirib.

“Açıq şəkildə bəyan edirəm ki, bu qanun layihəsində əhəmiyyətli bir kəsir var. Kəsirlə müşayiət olunan bu büdcədə pensiyaçıların maaşları nəzərdə tutulmayıb ki, bu da kəsiri artıracaq. Hökumət və parlament kəsirləri vergilərin tutulması yolu ilə kompensasiya etmək istəsə, daha pis problemlər yaranacaq”, - Qalibaf vurğulayıb.

Bəzi millət vəkillərinin fikrincə, gələn ilin büdcəsinin yolunda qırmızı işığın yandırılması səbəblərindən biri hökumətin “pensiyaçıların maaşlarının proporsional olmasından” imtina etməsidir.
AzVision.az


Teqlər: İran   büdcə  





Xəbər lenti