ABŞ İrəvanla Bakı arasında məhbusların mübadiləsini alqışlayır

   ABŞ İrəvanla Bakı arasında məhbusların mübadiləsini alqışlayır
  13 Dekabr 2023    Oxunub:1265
Vaşinqton İrəvanla Bakı arasında məhbusların mübadiləsini alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib.
Dekabrın 13-də Bakı Ermənistanda məhkum olunmuş 2 Azərbaycan əsgərinin müqabilində 32 hərbi əsiri İrəvana köçürüb.

“Biz bu gün həbsdə olan Ermənistan və Azərbaycan vətəndaşlarının geri qaytarılmasını, həmçinin əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq”, - Miller deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün mümkün olduğuna inanır.

“Biz inanmaqda davam edirik ki, hər iki tərəf çalışsa, sülhün baş tutması mümkündür”.

Onun sözlərinə görə, ABŞ bu istiqamətdə İrəvan və Bakı ilə əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti