XİN-lər arasında məsləhətləşmələr keçirilib

XİN-lər arasında məsləhətləşmələr keçirilib
  19 Dekabr 2023    Oxunub:879
Dekabrın 18-19-da Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqanda Respublikasına səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az -a bildiriblər ki, Azərbaycan XİN-in nümayəndə heyəti Uqanda səfəri çərçivəsində Prezident Yoveri Kaquta Musevini tərəfindən qəbul edilib.

Səfər zamanı Azərbaycan və Uqanda Xarici İşlər nazirlikləri arasında ikitərəfli əsasda və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələr keçirilib.

Tərəflər iki dövlət arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və onun daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində 2024-cü ilin yanvar ayının ortalarında Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə görüşünə hazırlıq və orada sədrliyin Azərbaycandan Uqandaya təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına sədrlik təcrübəsini bölüşüb, Zirvə görüşünün təşkili və gələcək fəaliyyətlərlə bağlı tövsiyələrini təqdim edib.

Qarşı tərəf, həmçinin Azərbaycanı BMT sisteminin ən irimiqyaslı tədbiri olan COP29-a ev sahibi qismində seçilməsi münasibətilə təbrik edib, sıx iş birliyinə və əməkdaşlığa ümidvar olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti