Müsahibə müharibəsi: Karlson-Putin oyununun pərdəarxası

  Müsahibə müharibəsi:  Karlson-Putin oyununun pərdəarxası
  12 Fevral 2024    Oxunub:7013
Məşhur amerikalı telejurnalist Taker Karlsonun Rusya prezidenti Vladimir Putinlə iki saatdan çox davam edən müsahibəsi beynəlxalq miqyasda böyük rezonans doğurub. Sosial şəbəkələrdə yerləşdirilən bu müsahibəyə maraq bütün gözləntiləri üstələyib.
Əvvəlcədən körüklənən intriqa

Taker Karlsonun Vladimir Putindən müsahibə almaq arzusu ən azı son bir ayda həm Rusiyada, həm də ABŞ-da intensiv şəkildə müzakirə olunurdu. Təxminən bir ay əvvəl Rusiyanın “RTR” dövlət kanalında yayımlanan siyasi tok-şoulardan birində Taker Karlsonun Putindən müsahibə almağa maraq göstərdiyi vurğulandı. Hətta studiyadan birbaşa Rusiya prezidentinin yaxın ətrafının bu işdə vasitəçi olması da xahiş edildi.

Kremlin özünün belə müsahibədə marağı ilk növbədə rəsmi Moskvaya qarşı Qərbin həyata keçirdiyi total informasiya blokadasını yarmaq və öz mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırmaqla izah olunurdu. Bundan əlavə, Ukrayna ordusunun ötənliki əks-hücumunun fiaskoya uğraması nəticəsində kollektiv Qərb cəbhəsində yaranmış çatı daha da dərinləşdirmək məqsədi güdülür. Bunun üçün isə Ağ Ev administrasiaysı ilə mübarizə aparan, rəsmi Kiyevi Kaxovsk su elektrik stansiyasını partlamaqda suçlandıran Taker Karlsondan yaxşı namizəd tapmaq olmazdı.

Qeyd edək ki, Karlson İŞİD-lə mübarizədə Vaşinqtonu Moskva ilə əməkdaşlığa çağırmaqla yanaşı, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsinin əleyhinə çıxıb. O, habelə Rusiyanın ABŞ üçün ciddi təhlükə olmadığını və 2016-cı ildə Moskvanın Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etmədiyini vurğulayır. Ən əsası isə, qəti şəkildə Vaşinqtonun Ukraynaya hərbi yardımının əleyhinə çıxır.

Əsas mövzu Ukraynadır

Rusiya üçün bütün taleyüklü məsələlərdə Moskva ilə eyni mövqe sərgiləyən Taker Karlsonun Putinlə müsahibəsində ən diqqətçəkən mövzunun məhz Ukraynada və onun ətrafında yaşanan hadisələrin olacağı gözlənilən idi. Çünki hazırkı Qərb-Rusiya qarşıdurmasında geosiyasi determinizm rolunu məhz Ukrayna hadisələri oynayır. Bütün digər məqamlar bu və ya digər şəkildə Ukraynada gedən müharibənin inikasıdır. Bu baxımdan, Vladimir Putinin Ukrayna müharibəsinin səbəbləri, gedişatı və hansı şərtlərlə dayandırıla biləcəyi barədə dedikləri Moskvanın bu məsələdə konkret mövqeyinin konturlarını bir daha Qərbə xatırlatmaq məqsədi daşıyır.

Putin müsahibədə Rusiyanın indiyədək səsləndirdiyi bəyanatları sistemli şəkildə təqdim edib. “ABŞ-nin ardıcıl şəkildə yürütdüyü xarici siyasət Moskva üçün geri çəkilməyə yer qoymadı, müharibəni 2014-cü ildə məhz Ukrayna başlayıb, Rusiyanın 2022-ci ildə atdığı addım isə onu dayandırmaq cəhdidir” , - Putin bildirib. O, 2022-ci ilin martında tərəflərin artıq müharibəni dayandırmağa və sülh müqaviləsi imzalamağa yaxın olduğunu, lakin Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun vasitəi ilə Qərbin Ukraynanı bundan çəkindirdiyini vurğulayıb. Rusiya prezidenti, buna baxmayaraq, indi də sülh danışıqlarına hazır olduğuna, lakin Ukrayna prezidenti Volodimir Zelenskinin 2022-ci ilin oktyabrında Putinin hakimiyyətdə olduğu dövrdə Moskva ilə sülh danışıqlarına qadağa qoyulması barədə sərəncam imzaladığına diqqət çəkib.

Lakin Vladimir Putin Rusiyanın hələ öz məqsədlərinə çatmadığını bildirərək, əsas vəzifələrdən birinin Ukraynanın nasizmdən təmizlənməsinin və istənilən neonasist hərəkatın qadağan edilməsi olduğunu vurğulayıb. Qərbin bu məsələdə mövqeyinə gəldikdə isə o, Baydenlə sonuncu danışığında ABŞ-nin Ukraynanı dəstəkləməsinin səhv olduğunu bildirdiyini deyib. Eyni zamanda, Rusiya prezidenti Ukraynada müharibənin tezliklə dayandırılmasının yolunu da göstərib. Onun iddiasına görə, buna cəmi bir neçə həftəyə nail olmaq mümkündür.

“Biz ABŞ rəhbərliyinə çatdırırıq: Əgər həqiqətən döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız - hər şey bir neçə həftə ərzində bitəcək, vəssalam”,- Putin müsahibdədə vurğulayıb.

Müsahibədən əvvəl və sonra

Putinlə müsahibədən aldığı təəssüratları bölüşən Taker Karlson Rusiya prezidentinin Ukrayna böhranını həll etməyə hazır olduğunu və münaqişənin səbəbləri barədə detalları öyrəndiyini, habelə həmsöhbətinin ağıllı adam olduğunu bildirib. Putinin Krımı Ukraynaya qaytaracağını düşününləri isə "dəli" adlandırıb.

Beləliklə, Vladimir Putinlə müsahibədən sonra Taker Karlson Rusiyanın və onun liderinin siyasətinin düzgünlüyünə, ABŞ-nin və kollektiv Qərbin, habelə Ukraynanın isə səhv strategiya seçdiyinə inamının artdığını vurğulayıb. Lakin onun mövqeyi Qərbdə çox ciddi narazılıqlar və təhdidlərlə qarşılanıb. Hələ Putinlə müsahibədən əvvəl də Taker Karlsona qarşı sərt tədbirlərin görülməsinə çağıran bir sıra amerikalı siyasətçilər, iş adamları və media təmsilçiləri indi onun ABŞ-a qayıtmasına qadağa qoymağı və hətta həbs olunmasını tələb edirlər.

ABŞ vitse-prezidentinin keçmiş aparat rəhbəri, neonkonservatorların təmsilçisi Bill Kristol Karlsonu Kremlin casusu və satqın adlandıraraq, onun ölkəyə qayıtmasına imkan verməməyə çağırıb.
Rusiyada çox yaxşı tanınan “Hermitage Capital Management” investisiya fondunun icraçı direktoru Bill Brauder Karlsonun “ya tam axmaq, ya da şüurlu yaramaz” olduğunu iddia edib.
Amerikalı jurnalistin öz verilişlərində rişxənd etdiyi İllionys ştatından olan sabiq senator Adam Kiniznger də Karlsonu “satqın”lıqda günahlandırıb.
Böyük Britaniyanın “Guardian” qəzeti bu müsahibənin ABŞ-nin Ukraynaya dəstəyini tez-tez tənqid edən Karlsonun yeni bir rüsvayçılığı olduğunu yazıb.
“MİRROR” nəşri isə Taker Karlsonun Putinlə müsahibəsinə aidiyyəti olanların hamısını ABŞ-nin və Qərbin “düşməni” yarlığı ilə damğalayıb.

Bütün ittihamlara və hədə-qorxulara rəğmən, Taker Karlson Birşəlmiş Ştatlar qarşısında özünü günahkar sayması üçün heç bir əsas görmədiyini vurğulayıb.

“Niyə özümü guya ABŞ qarşısında günahkar hiss etməliyəm? Məgər, mən yalnız Amerikanı sevməliyəm? Mən gözəl şəhərdəyəm (Moskva) və heç nə də vecimə deyil”, - Karlson deyib.

Amerikalı sahibkar-milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi və baş direktoru İlon Maskın dəstəyi bu qarşıdurmada Taker Karlsonun əlini daha da gücləndirir. Mask jurnalistin ünvanına hədə-qorxu yağdıranların özünün həbsini təklif edib. O, hətta əvəvlcədən öz sosial şəbəkəsində Karlsonun Putinlə müsahibəsi haqda verdiyi anonsu repost edib.
Amerikalıların əksəriyyəti hələ də Ukraynadakı münaqişənin mahiyyətindən xəbərsizdirlər. Regionda baş verən hadisələri başa düşmür və bu da onu Rusiya liderindən müsahibə almağa vadar edib. Ağ Ev artıq iki dəfə bu müsahibəni sabotaj etməyə cəhd göstərib, ən sonuncusu keçən ay olub”,- milyarder vurğulayıb.


Karlsonun dediyinə görə, İlon Mask habelə sahibi olduğu “X” sosial şəbəkəsində Putinlə masahibənin bloklanmasına imkan verməyəcəyinə söz verib. Yeri gəlmişkən, müsahibənin ingilis dilində sinxron tərcüməsi ilə “X” şəbəkəsində yerləşdirilən versiyasına baxış artıq təxminən 200 milyona çatıb. Ekspertlər bu izləmələrin sayının 500 milyondan 1 milyarda qədər olacağını proqnozlaşdırırlar.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatından olan respublikaçı üzvü, ifrat sağçı siyasətçi və Donald Trampın tərəfdaşı Marcori Teylor Qrin hakimiyyətin sözügedən müsahibədən qorxduğunu bildirib. Onun iddiasına görə, məhz belə jurnalistlərdən amerikalılar “həqiqəti eşidirlər” ki, bu da Baydenin tərfdarlarını qıcıqlandırır.

Kremldə isə ruh yüksəkliyi və məmnunluq əhval-ruhiyyəsi hökm sürür. Belə ki, Vladimir Putin sonuncu dəfə amerikalı jurnalistə 2021-ci ilin oktyabrında müsahibə vermişdi. Onda Rusiya prezidentinin həmsöhbəti “CNBC” telekanalının aparıcısı xanım Hedli Qembl olmuşdu.


Bu baxımdan, Taker Karlsonun müsahibəsi yalnız Rusiyanın rəsmi mövqeyinin ABŞ və kollektiv Qərb auditoriyasına çatdırılması yox, həm də Kremlin ətrafında yaradılmış informasiya blokadasını yarmaq müstəvisində Moskva üçün böyük əhəmiyyət kəsb edir.
Sözsüz ki, qərbdə Rusiya KİV-lərinin yaydığı məlumatlardan yetrəincə xəbərdardırlar. Amma ABŞ hakimiyyətinin və kollketiv Qərbin siyasətinə qarşı çıxan Taker Karlson kimi məşhur aparıcının təqdimatında bu məlumatlar xüsusi ahəngə malikdir. Ən əsası isə, məntiqli iddialar ortaya qoyan Vladimir Putin əqli adekvatlığı hətta tərəfdarlarını dəhşətə gətirən Co Baydendən köklü şəkildə fərqlənir.

Müsahibə pərdəsinin arxasında nələr gizlənə bilər

Bayden administrasiyasının adeptləri olan bəzi analitiklər və media qurumları Karlson-Putin müsahibəsini Donlad Trampın yenidən prezident seçiləcəyi təqdirdə amerikalı jurnalistin vitse-prezident vəzifəsinə iddiasının müqəddiməsi kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, Karlsonu hətta Donald Trampın “təbliğatçısı” adlandırırlar. Onların fikrincə, əslində Taker Karlson Putinə Donald Trampın gələcəkdə münasibətlərin hansı kontekstdə qurulması ilə bağlı təkliflər paketi aparıb.

Maraqlıdır ki, ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vladimir Putinin dediklərini həqiqət kimi qəbul etməməyə çağırıb. Kirbi bununla Ukraynaya yardımın ayrılması ilə bağlı Amerika cəmiyyətində yarana biləcək şübhələri təkzib etməyə çalışıb.

“Bu məni narahat etmir və insanların “tək bir müsahibədən” təsirlənəcəyinə inanmıram. Amerika xalqı kimin günahkar olduğunu çox yaxşı bilir. 2022-ci il fevralın 24-də Rusiya qoşunlarının hücumu zamanı Ukrayna heç kimə təhlükə yaratmırdı. Putin təxribat olmadan qonşu ölkəni işğal etdi. ABŞ vətəndaşları Ukraynanın nə üçün mübarizə apardığını və nəyə görə kömək istədiklərini başa düşürlər” , - Kirbi deyib.

Lakin Ağ Ev üçün hər şey Kirbinin iddia etdiyi qədər də ürəkaçan deyil. Əvvəla, ona görə ki, hətta iki il Ukrayna üçün heç nəyi əsirgəməmək tələbini irəli sürənlərin sıralarında belə skeptiklərin sayı durmadan artır. Bunun əsas səbəbi isə Ukraynanın ötənilki əks-hücumunun fiaskoya uğramasıdır. Vladimir Putinin Taker Karlsona müsahibəsi Moskvanın tərəfdarlarını artırmasa da, ən azı Ukraynaya yardımın əleyhdarlarının sıralarını sürətlə genişləndirə bilər.

İkincisi, indiyədək uzunmüddətli müharibə siyasətində Kremlin maraqlı olduğu barədə xəbərlər meynstrimində üzən qərblilər, əksinə təxminən hələ iki il əvvəl məhz Qərbin sülh danışıqları prosesini pozduğu barədə ilkin mənbədən məlumat aldılar ki, bu da insanların öz hökumətlərindən cavab tələb etməsinə ciddi zəmin yaradır.

Üçüncüsü, Putin müharibəni dayandırmağın ən düzgün yolunun kollektiv Qərbin Ukraynanı silahlandırmaqdan əl götürməsindən keçdiyini birmənlı şəkildə bəyan edib.

Maraqlıdır ki, bu mesajlar qərb cəmiyyətinə Ukraynaya hərbi-maliyyə yardımının ayrılması ilə bağlı skeptik əhval-ruhiyyənin gücləndiyi vaxtda məhz Taker Karlsonun Putindən aldığı müsahibə çərçivəsində çatdırılır.

Əgər konspiroloji nəzəriyyələr prizmasından yanaşsaq, prezident seçkiləri öncəsi ciddi daxili narazılıqlarla, xüsusən də Ukraynaya yardım məsələsində sərt müqavimətlə üzləşmiş Ağ Ev administrasiyasının özünün bu müsahibədə maraqlı olduğunu da düşünmək mümkündür. Bu baxımdan, elə Bayden komandasının Taker Karlsonu müəyyən təkliflər paketi ilə Moskvaya göndərdiyi və Kremlin cavabını da onun vasitəsi ilə alacağı istisna deyil. Müsahibədə Putinin özü də Moskvanın Vaşinqtonla təmasda olduğunu gizlətməyib. Yeri gəlmişkən, 1962-ci ildə Karib böhranının həllində Amerikanın “IBC” telekanlının müxbiri Con Skalinin oynadığı rol hamıya bəllidir.

Bu həm də Ukraynaya hərbi-maliyyə yardımı boyunduruğunu tamamilə öz üzərindən atmaq üçün Bayden administrasiyasına unikal şans yaradır. Bu müsahibə vasitəsi ilə ABŞ-da Ukraynaya yardımın əleyhdarlarının mövqeyini gücləndirərək, onların təzyiqləri qarşısında Kiyevin tələblərini cavabsız qoymaq ssenarisinin oynanacağı istisna olunmur. Onsuz da Vaşinqton bu yükü çox ustalıqla artıq Avropanın üzərinə qoyub.

Bu baxımdan, elə bu arada Taker Karlsonu dəstəkləyən İlon Maskın Ukraynaya hərbi-maliyyə yardımın ayrılmasının gərəksziliyini vurğulaması da yəqin ki, təsadüfi deyil.

“Ukraynaya verəcəyimiz 60 milyard dollar bu çıxılmaz vəziyyətdə heç nəyi dəyişməyəcək. Bu, sadəcə, müharibəni uzadacaq və daha 100 min ukraynalının ölümünə səbəb olacaq. ABŞ və Avropa bu müharibədə məğlub olub. Bayden, Makron və Şolzun uduzduqlarını etiraf etmələrinin vaxtı çatıb. Rusiya Krımı və Şərqi Ukraynanın bir hissəsini saxlayacaq. Bunu heç nə dəyişə bilməyəcək. Bu həqiqətdir. Sual yalnız, nə qədər uşağın ölümündən sonra onların bunu etiraf etməsindədir” , - Mask “X” sosial şəbəkəsindəki statuslardan birini şərh edib.

Yeri gəlmişkən, Taker Karlsonun Putinlə müsahibəsi ərəfəsində çox müəmmalı çəkişmələrdən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının zor-xoş istefaya göndərilməsi bir çox pərdəarxası məqamlardan xəbər verir.


Ukraynaya hərbi-maliyyə yardımı məsələsində son vaxtlar elə də canfəşanlıq göstərməyən Vaşinqtonla ən sərt ritorika məhz Zalujnıya məxsus idi. Onun könüllü istefa verməmək inadı isə Silahlı Qüvvələrə ayrılan silahın və vəsaitin auditinin keçirilməsi barədə qərarla sındırıldı ki, bu təşəbbüsün də Vaşinqtondan gəldiyi iddia edilir. Rusiya-Ukrayna müharibəsində ən təcrübəli və Moskvaya qarşı ən barışmaz mövqe tutan generalın bu yolla vəzifədən uzaqlaşdırılması heç də təsadüfi deyil. Bəzi analitiklər bunu gələcək sülh danışıqları üçün meydanın təmizlənməsi kimi qiymətləndirirlər.

Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: Karlson   Putin  





Xəbər lenti