Sağlam iqtisadi artım necə olmalıdır | TƏHLİL

// Niyə ÜDM artdığı halda, ixrac azalır?

   Sağlam iqtisadi artım necə olmalıdır    | TƏHLİL
  08 Aprel 2024    Oxunub:3031
İqtisadiyyatımızda sabitlik və dayanıqlıq davam edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artıb. Ancaq üzərində dayanmaq istədiyim məsələ başqadır. Söhbət artımda dayanıqlığın nə dərəcədə möhkəm olmasından gedir.
DSK-nin məlumatına əsasən, yanvarda ölkədə 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5% çox ÜDM istehsal olunub. Son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6% azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb. ÜDM istehsalının 41,9%-i sənaye, 10,5%-i ticarət, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8%-i digər sahələrin payına düşüb. Bütün bunlar çox uğurlu göstəricilərdir. Xüsusən də ÜDM-in 5% artması. Lakin...

2024-cü ilin yanvar ayı ərzində ölkəmizdən ümumi ixrac 1,8 milyard dollar (qeyri-neft sektoru üzrə 222 milyon dollar) təşkil etməklə, 100 milyon dollar azalıb. Ötən ilin yanvarında bu rəqəm 1,9 milyard dollar idi. Qeyri-neft sektoru üzrə ixrac 62,5 milyon dollar azalıb. Yəni ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22% az olub.

Üstəgəl, 2024-cü ilin yanvarında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7% artıb. 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabrı ilə müqayisədə 0,5%, yanvarla müqayisədə isə 1,7% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə sözügedən rəqəm 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,1%, yanvar ayı ilə müqayisədə 0,7%, qeyri-qida məhsulları üzrə müvafiq olaraq 0,1% və 1,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 0% və 3,2% həddə malik olub.

Demək istədiyim budur ki, iqtisadi artım fonunda ixracın azalması və inflyasiyanın davam etməsi vəziyyətin əslində yenə əvvəlkitək kövrək xarakter daşıdığını göstərir. Düzdür, bu, cari il üçün artım proqnozlarına xələl gətirmir. 2024-cü ildə ölkənin neft-qaz sektorunun 1,7% azalacağı təqdirdə, qeyri-neft-qaz sektorunun 4,6% artacağı proqnoz edilir. Ümumiyyətlə, hökumətin gözləntisinə görə 2024-cü ildə ölkədə ÜDM üzrə artım 2,4% olmaqla 118.4 milyard manat, Mərkəzi Bankın (AMB) gözləntisinə görəsə 3-3,5%, o cümlədən, qeyri-neft-qaz sektorunda 5-5,5% proqnozlaşdırılıb.

Ancaq ÜDM nisbi göstəricidir, ölkəmizdə neft hasilatı pik nöqtədə olan illərdə həmin göstərici ikirəqəmli ədədlə ifadə olunurdu. Dünyanın aparıcı ölkələrində belə bizdə olan ÜDM göstəricisi qeydə alınmırdı. Buna həm də neftin dünya bazarlarındakı qiymət səviyyəsi təsir göstərirdi. Hasilatın enməyə başlaması, həmçinin qiymətlərin sabitləşməsi vəziyyəti dəyişdi. Bu ilin yanvarında qeydə alınan 5%-lik iqtisadi artım da istehsala söykənmir. Əks halda ixrac azalmaz, əhaliyə göstərilmiş ödənişli xidmətlər əvvəlki ilin yanvarı ilə müqayisədə 3,2% artıq təşkil etməzdi. Bu rəqəmlər ciddi araşdırma tələb edir. Sual olunur ki, ixrac niyə azalıb? Ümumi inflyasiya tempi fonunda xidmətlər üzrə qiymətlər niyə artıb?

Bu suallar həm də ona görə ciddi xarakter daşıyır ki, ölkədə sərmayə qoyuluşu azalır. Söhbət xüsusilə xarici investisiyadan gedir. Bu, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğundan, zəifləməklə əlavə fəsadlar yarada bilər. Ona görə də, biz iqtisadiyyatın idarə olunmasında getdikcə kəmiyyət deyil, daha çox keyfiyyətə fokuslansaq, yaxşıdır.

• ÜDM istehsalının yüksək rəqəmlərlə deyil, hər rüb və yaxud il ərzində cəmi 2% civarında artması kifayətdir. Əsas odur ki, artım xammal hasilatı və satışına deyil, istehsala söykənsin, özü də ən çox istehlak mallarının istehsalına;

• İnflyasiya, ümumiyyətlə qiymətlərin yüksəlməsi və bahalaşma 3-4 % civarında olmalıdır. Bu zaman əsas təkanverici rolu idxal deyil, sırf daxili amillər, başqa sözlə desəm, iqtisadi artım oynamalıdır;

• Neft və qaz sektoruna əsaslanan ixracımız azalır və azalmaqda davam edəcək. Bunun fonunda sözügedən sektordan kənar ixracımız artmasa da, heç olmasa azalmamalıdır;

• Xarici investisiyalar azalmalı deyil, artmalıdır ki, xarici ticarətimiz genişlənsin.



Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: İqtisadiyyat  





Xəbər lenti