Kənddən şəhərə axın niyə dayanmır? | TƏHLİL

// Azad olunmuş ərazilərdə görülən işlər vəziyyəti dəyişə bilər

   Kənddən şəhərə axın niyə dayanmır?    | TƏHLİL
  22 Aprel 2024    Oxunub:2144
Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən il ölkəmizin əhalisinin sayı 53 min 625 nəfər və ya 0,5% artaraq, bu ilin yanvarın əvvəlinə 10 milyon 180 min 770 nəfər olub. Bunun 54,5%-i şəhərdə, 45,5%-i kənddə yaşayır. Göründüyü kimi şəhər əhalisi kənddən çoxdur.
Bu, əvvəldən belə olub və təbiidir, çünki şəhərdəki şərait, imkanlar potensialı kəndlərdə yoxdur, ola da bilməz. Şəhər ona görə kənddən və rayondan seçilir ki, iş yeri tapmaq, təhsil almaq, səhiyyə xidmətindən istifadə etmək baxımından üstün mövqeyə sahibdir. Bu, dünyanın hər yerində belədir.

Lakin şəhəri "qidalandıran" və "yaşadan" kənddir, bölgələrdir. Şəhərin inkişafı rayonlarda və kəndlərdə yaşayış imkanlarını genişləndirməli, durmadan yaxşılaşdırmalıdır. Əks təqdirdə şəhərlərin özünün inkişafı mümkün deyil.

Ümumiyyətlə, urbanizasiya müəyyən aspektdən keyfiyyət göstəricisi olsa da, çərçivədən kənara çıxması müsbət hal sayılmır. Ölkəmizdə hələ sovet dövründə də urbanizasiya yüksək idi, müstəqillik əldə etdikdən sonra isə həm iqtisadi və sosial amillər nöqteyi-nəzərindən, həm də müharibə səbəbindən ifrat səviyyəyə çatdı.

Son 20 ildə gedən bu prosesin qarşısını almaq üçü hökumət çox işlər görüb, hazırda da görməkdədir. Regionların və bölgələrimizin inkişafı ilə bağlı ayrıca Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) qəbul edilib, müasir infrastrukturun yaranması üçün çoxlu vəsaitlər xərclənib, ucqar bölgələrdə belə abadlıq məsələlərinə ciddi diqqət yetirilib. Nəticədə sovet dövrü ilə müqayisədə kənd və rayon yerlərimizdə yaşayış imkanları, sosial-iqtisadi şərait haradasa şəhər səviyyəsinə çatıb, ucqar kəndlərmiz belə elektrik enerjisi və təbii qazla təchiz olunub.

Ümumiyyətlə, 2004-cü ildən bəri regionlarımızda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, potensial artıb, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb və əhalinin rifahının yüksəlməsi üçün geniş imkanlar yaranıb. Bununla belə, yenə kənddən şəhərə güclü axın var. Səbəb nədir? Bu qədər işlərdən və atılan addımlardan sonra bölgələrimizlə şəhər arasında yenə böyük disbalans varmı? Problemin kökü nədədir?

Əsas səbəb kimi adətən məşğulluq sahəsində problemlərin mövcudluğu göstərilir. Təhsil əldə etmək, səhiyyə xidmətlərindən yararlanmaq üçün ixtisaslı kadrların olmaması da ciddi məsələdir. Çünki müasir infrastrukturun yaradılması hər şeyi həll etmir. Kadrlar da yetişməlidir. Ən böyük problem aqrar sahənin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin tələblərə uyğun gəlməməsindədir. Rayon və kənd sakinlərini yaşadıqları məkana torpaq bağlamalıdır. Çünki torpaq çox mühüm istehsal vasitəsidir. Bizdə belə deyil. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq istəyən yoxdur. Bunun da başlıca səbəbi subyektiv amillərdədir: Bazarlara çıxış imkanlarının məhdud olması, inhisarçılıq və s.

Aqrar sahənin il ərzində istehsal etdiyimiz ÜDM-də həcmi heç 10% deyil. Bölgələrimizdə aqrar məhsulların emalı üzrə fəaliyyət göstərən zavod və fabriklərin kənd təsərrüfatı məhsulları istehsalçıları, tədarükçüləri ilə birbaşa əlaqəsi yoxdur. O səbəbdən də, gənc işçi qüvvəsi günü 15-20 manata şəhərdə tikintidə işləməyə, taksi sürməyə üz tutur. Əkin-biçinə maraq qalmır.

Düzdür, regionlarda aqrar sahənin inkişafı üçün addımlar atılır, yeni-yeni sənaye məhəllələri, aqroparklar, emal müəssisələri yaradılır, sahibkarlığın inkişafına təkan verilir. Ancaq bunlar kifayət deyil. İşğaldan azad olunan ərazilərimizdə görülən işlər, məskunlaşma üçün müvafiq şəraitin yaranması məqsədilə həyata keçirilən tədbirlər daha effektli görünür. Bu işlərin o biri bölgələrimizdə də urbanizasiya prosesinin geri dönüşlə əvəzlənməsinə səmərə verəcəyinə ümid var.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, yüksək sosial rifah həmişə sənayedən çox aqrar sahəyə, yəni torpağa bağlıdır. Torpağa maraq yaratmaq üçün isə iqtisadi baxımdan stimulverici şərait yaratmaqla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə yüksək ixtisaslı və peşəkar kadrların həm də bölgələrdə çalışmasına nail olmaq lazımdır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Urbanizasiya  





Xəbər lenti