Helsinki də Moskvaya qarşı ritorikasını yumşaldır

   Helsinki də Moskvaya qarşı    ritorikasını yumşaldır
  30 İyul 2024    Oxunub:739
Ukraynada sülh müzakirələrinin birinci mərhələsindən sonra Rusiyanın iştirakı ilə danışıqların başlanması mərhələsi yaxınlaşır.
Finlandiyanın prezidenti Aleksandr Stubb “Le Monde” qəzetinə müsahibəsində bildirib ki, Çin və qlobal Cənub ölkələri danışıqlara cəlb olunacaqsa, “reallıq prinsipi”nə əsasən, Rusiya da bu prosesdə iştirak etməlidir.

Finlandiya prezidentinin fikrincə, hərbi texnika, avadanlıq və maliyyə yardımı alan Ukrayna iki ay əvvəlkinə nisbətən xeyli güclü mövqeyə malikdir.

“Rusiyanın da heç bir sıçrayışı yoxdur. Rusiya, əldə etdiyimiz məlumatlara görə, irəli getmir və itkiləri əvvəlkindən də çoxdur. Aydındır ki, Volodimir Zelenski danışıqların birinci mərhələsinin təcavüzkarsız keçməli olduğunu hesab edirdi. Biz indi danışıqların başlaması məqamına yetişmişik”, - Aleksandr Stubb vurğulayıb.

Maraqlıdır ki, Finlandiya prezidenti Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasını danışıqların başlanması üçün ilkin şərt kimi qəbuledilməz sayıb: “Bizim nöqteyi-nəzərimizdən sülhə gedən yol aydındır: Rusiya getməlidir. Amma siz bu gedişi ilkin şərt hesab edə bilməzsiniz”.

Onun fikrincə, Rusiya ilə münasibətlərdə güclü mövqeyə malik olan Çin müharibəni bitirmək üçün çox şey edə bilər. Rusiya hakimiyyətinin mümkün planları ilə bağlı isə Aleksandr Stubb fərziyyələr irəli sürməkdə çətinlik çəkdiyini deyib. Onun sözlərinə görə, Rusiyanın nə edəcəyini anlamağa çalışmaqdan əl çəkib, çünki Qərbin bu məsələdə proqnozları çox vaxt yanlış olur.

Finlandiya prezidentinin bu etirafına münasibət bildirən Rusiya Xarici İşlər nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri Mariya Zaxarova ona sarkazmla dolu məsləhət verib.

“Əgər o, finlərə nə üçün NATO-ya üzv olmaq zərurətini də eyni şəkildə izah edirsə, onda dərhal qaçılmaz addıma - narkotiklərin geniş şəkildə leqallaşdırılmasına keçmək daha yaxşıdır. Belə ki, mane olmamaları üçün Finlandiyada insanların şüurunu, prinsip etibarı ilə, söndürmək lazımdır”, - Mariya Zaxarova sosial şəbəkədə yazıb.


Rusiyalı məmur onu da qeyd edib ki, Ukrayna 2014-cü ildən 2022-ci ilə qədər olan səkkiz il ərzində “daha yaxşı vəziyyətdə” idi, sonra isə “hər qaçırılan şansla danışıqlardakı mövqeyini pisləşdirdi və ərazisinin qalıqlarını itirdi”.

Qeyd edək ki, son vaxtlar həm Kiyev, həm də onun tərəfdaşları Ukraynadakı vəziyyətlə bağlı növbəti beynəlxalq konfransda mütləq Rusiyanın da iştirakının vacib olduğunu vurğulayırlar. Eyni zamanda, onların Moskvaya qarşı ifrat dərəcəli sərt ritorikasında mülayim notların artdığı nəzərə çarpır. Bu baxımdan, Finlandiya prezidenti Aleksandr Stubbun bəyanatı heç də təəccüb doğurmur. Rəsmi Kiyevin və onun müttəfiqlərinin ritorikasındakı mülayimləşmə isə ən azı 3 məqamla bağldır.

Əvvəla, Ukraynaya böyük həcmdə hərbi-maliyyə yardımının ayrılması barədə taleyüklü qərarların qəbul edilməsinə baxmayaraq, bu köməyin özünün çatdırılması müddəti nikbinlik üçün əsas vermir. Məsələn, Kiyevin böyük səbirsizliklə gözlədiyi F-16 qırıcı təyyarələrinin göndərlməsinin müxtəlif səbəblər və ya bəhanələrlə uzadılması bir çox xoşagəlməz mətləblərdən xəbər verir.

İkincisi, hətta Ukraynaya vəd edilən və göndərilən hərbi yardımın cəbhədə vəziyyəti ən azı indiki halda dəyişməyə qadir olmadığı sübuta yetir. Bu mənada, bütün əks iddialara rəğmən, Rusiyanın istədiyi kimi olmasa da, Ukraynada yeni əraziləri ələ keçirdiyi danılmaz faktdır. Kiyevi Rusiya ilə müharibəyə sürükləyən kollektiv Qərb isə Moskvanın əhəmiyyətli dərəcədə irəliləyə bilməməsini ciddi “uğur” kimi qələmə verməyə çalışır. Halbuki, böyük həcmli hərbi-maliyyə yardımının ayrılmasından sonra Ukraynanın öz ərazilərini azad etmək üçün güclü əks-həmləyə keçəcəyinin anonsu verilirdi.

Üçüncüsü və ən əsası isə, ABŞ-da hakimiyyətə qayıtmağa güclü şansı olan Donald Trampın və hətta onun vitse-prezident kimi namizədliyini irəli sürdüyü Ceyms Di Vensin Ukrayna müharibəsinə böyük mənada neqativ yanaşması kollektiv Qərbdə ciddi çaşqınlıq yaradıb. Sülh təkilfləri ilə bağlı Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə, Moskvaya, Pekinə səfərlərindən sonra Vaşinqtonda Donald Trampla görüşü bu yöndə artıq müəyyən planın formalaşdığından, özü də bu məsələdə Aİ-nin və Kiyevin mövqelərinin ikinci dərəcəli olacağından xəbər verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Finlandiya   Rusiya   Ukrayna  





Xəbər lenti