Əlcəzair Aİ ilə assosiativ əməkdaşlıqdan narazıdır

   Əlcəzair Aİ ilə assosiativ əməkdaşlıqdan     narazıdır
  31 İyul 2024    Oxunub:761
Əlcəzair və Avropa İttifaqı (Aİ) genişmiqyaslı iqtisadi qarşıdurmanın astanasındadır.
“Algerie Focus” nəşrində dərc olunan məqalədə Əlcəzairlə Aİ-nin çox ciddi şəkildə iqtisadi qarşıdruma həddinə çatdıqları bildirilir.

Hələ 2021-ci ildən Əlcəzairin təbiq etdiyi məhdudiyyət tədbirləri Avropanın bu ölkə ilə bağlı ticarət və investisiya siyasətini çətinləşdirib. Nəticədə bu il iyunun 14-də Avropa Komissiyasının Ticarət ofisi mövcud maneələri pisləmək üçün Aİ-Əlcəzair Assosiasiya Şurasına məktub ünvanlayıb.

Bir neçə ildir ki, davam edən qarşıdurma artıq kritik həddə çatıb. Sözügedən mübahisə 2021-ci ildə, Əlcəzair hökuməti Aİ ixracına və investisiyalarına müəyyən maneələr qoyanda yaranıb.

Əlcəzairin gördüyü tədbirlər idxalçı şirkətlərin Brüsselin qeyri-şəffaf saydığı prosedur çərçivəsində verilən “Algex” sertifikatını almağı tələb edir. Bundan əlavə, Əlcəzair mərmər və keramika kimi bəzi malların idxalına qadağa qoymaqla yanaşı, bir sıra digər mallar ayüksək rüsum tarifləri tətbiq edib. Aİ bu praktikanı assosiativ sazişin pozulması kimi qiymətləndirir.

Bununla belə, Aİ-nin Əlcəzairdəki səfiri Tomas Ekkert tezliklə konstruktiv dialoqa ümidvar olduğunu bildirib.

“Ümid edirik ki, Əlcəzair və Aİ hər iki tərəfə zərər verəcək gərginliyin qarşısını almaq üçün birlikdə danışıqlar apara bilərlər”, - avropalı səfir deyib.

Avropanın təzyiqi qarşılığında barışmaz mövqe tutan Əlcəzairin ticarət naziri Tayib Zituni isə Əlcəzairin heç bir xarici borcu olmayan və diktaturaya dözməyən suveren bir ölkə olduğunu diqqətə çatdırıb.

Öz hökumətinin siyasətini müdafiə edən Zituni Əlcəzairin idxalı dayandırmadığını, ancaq yerli istehsalı stimullaşdırmaq üçün onları rasionallaşdırdığını izah söyləyib. O, bu il bərk buğda sortlarında əldə olunan özünütəminat göstəricilərini və bunun nəticəsində idxal xərclərinin 1,2 milyard dollar azaldığını misal çəkib. Yeri gəlmişkən, Əlcəzairin illik idxalı 45 milyard dollar təşkil edir ki, bunun da 22 milyard dollardan çoxu, yəni təxminən yarısı Aİ-dən gəlir.

Əslində, bu qarşıdurma beynəlxalq ticarət əlaqələrinin yenidən müəyyənləşdirilməsi müstəvisində daha geniş problemin bir hissəsidir. Əlcəzair idxaldan asılılığını azaltmağa və ənənəvi karbohidrogen reurslarına əsaslanan iqtisadiyyatını şaxələndirməyə çalışır. Onun idxalı əvəzetmə siyasəti isə Brüssel tərəfindən assosiasiya sazişi çərçivəsində Əlcəzairin öz üzərinə götürdüyü öhdəliklərin pozulması kimi qiymətləndirilir.

İndi Əlcəzair balanssız və Aİ üçün faydalı hesab etdiyi bu sazişə yenidən baxılmasını tələb edir. Avropanın bu ölkəyə birbaşa investisiyalarının zəifliyi Aİ-ni iqtisadi əməkdaşlıq sahəsində öhdəliklərini yerinə yetirməməkdə ittiham edən Əlcəzairin əsas arqumentlərindən biridir.

Sözügedən mübahisəyə sərgilənən reaksiyalar da müxtəlifdir. Avropada Əlcəzairin tədbirlərindən zərər çəkən müəssisələr məyus olduqlarını ifadə edirlər.

- Biz Əlcəzairdəki fəaliyyətimizi getdikcə çətinləşdirən inzibati maneələrlə üzləşirik”, - İspaniyadakı keramika şirkətinin meneceri gileylənib.

Məsələ ilə bağlı Əlcəzairin özündə də fikir ixtilafı yaranıb. Bəziləri yerli sənaye üçün zəruri müdafiə kimi hökumətin tədbirlərini dəstəkləsə də, digərləri Aİ ilə uzanan münaqişənin nəticələrindən ehtiyatlanır.

- İqtisadiyyatımızı qorumaq və avropalı tərəfdaşlarımızla yaxşı ticarət əlaqələrini saxlamaq arasında tarazlıq tapmaq çox vacibdir”, - məqalədə adı çəkilməyən əlcəzairli iqtisadçıdan sitat gətirilir.

Bu qarşıdurmanın nəticəsi hələ ki, qeyri-müəyyən olaraq qalır. Əlcəzair və Brüssel arasında müzakirələr qarşılıqlı güzəştlərə, həm də mübahisənin daha da gərginləşməsinə gətirib çıxara bilər. Hər iki tərəfin vicdanlı danışıqlar aparmaq və qarşılıqlı məqbul həllər tapmaq bacarığı böyük əhəmiyyət kəsb edəcək.

Əlcəzair və Aİ arasında ticarət mübahisəsi qloballaşan dünyada bir çox ölkələrin üzləşdiyi problemlərin simvoludur. Bu mübahisə milli suverenlik və beynəlxalq öhdəliklər arasındakı gərginliyi, həmçinin proteksionizm və azad ticarətin uzlaşdırılmasının çətinliklərini özündə əsk etdirir. Materialda bildirilir ki, növbəti bir neçə ay bu mürəkkəb münasibətlərin inkişafını müəyyənləşdirmək üçün kritik məqam olacaq.

“Bir şey dəqiqdir: bu münaqişənin həlli üçün hər iki tərəfdən güzəştlər, həmçinin dialoq və əməkdaşlığa səmimi sadiqlik tələb olunacaq. İqtisadi qarşılıqlı asılılığın artdığı bir dünyada hamı üçün davamlı və faydalı tərəfdaşlıqlar qurmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağın yollarını tapmaq çox vacibdir”, - məqalənin müəllifi vurğulayır.


Qeyd edək ki, Əlcəzair həm də Aİ ölkələrinin ənənəvi enerji resursları ilə təminatında mühüm rol oynayır. Bu, xüsusilə Aralıq dənizi dövlətlərinə aiddir.

Sahil İsgəndərov



Teqlər: Əlcəzair     mübahisə  





Xəbər lenti