Manat nə vaxtadək sabit qala bilər? | TƏHLİL

   Manat nə vaxtadək sabit qala bilər?    | TƏHLİL
  29 Sentyabr 2024    Oxunub:1403

Maliyyə Nazirliyinin saytında dərc olunan “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlara əsasən 2025-2028-ci illər ərzində manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit, yəni cari il səviyyəsində saxlanılıb. Yəni proqnoza görə qarşıdakı 4 il ərzində də manat ABŞ dollarına nəzərən 1.70 azn həddində qalacaq.

Bu nə dərəcədə inandırıcıdır?! Gələn il artıq 10 il olacaq ki, manatın məzənnəsi dəyişmir. Vəziyyət doğrudanmı, 2029-cu ilədək davam edə bilər?

Ötən yazımda xatırlatmışdım ki, Azərbaycanda devalvasiya sonuncu dəfə ildə iki dəfə olmaqla birincisi 21 fevral 2015-ci ildə, ikincisi isə 21 dekabr 2015-ci ildə baş verib. Həmin ildə Mərkəzi Bank (AMB) manatın 1 dollara görə dəyərini əvvəl 1,05, sonra isə 1,55 manat səviyyəsində müəyyən etmişdi. 2016-cı ilin əvvəlində qurum ölkədə “yumşaq üzən məzənnə” rejiminə keçildiyi bəyan etdi. Bu halda tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya ehtiyac qalırdı. Odur ki, manatın taleyi tam olaraq hərracların ümidinə buraxılmadı və ilin ikinci yarısından neftin dünya bazar qiymətlərinin sabitləşməsi ilə əlaqədar AMB-in qərarı ilə manatın dollara nəzərən dəyəri 1,70 azn səviyyəsində qərarlaşdı.

Nə qədər ki, ölkənin tədiyyə balansı göstəricisi müsbət saldoda qalır, xarici ticarət dövriyyəmizdə ixrac idxaldan üstün sayılır, neftin dünya bazar qiymətləri dövlət büdcəmizdə fiksə olunan qiymətdən yuxarıdır, manatın devalvasiyası baş verə bilməz. Lakin qeyd olunan şərtlər 2029-cu ilədək qalacaqmı?

Gələn ilin dövlət büdcəsində, ümumiyyətlə, qarşıdakı bir neçə ildə manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1,70 azn səviyyəsində qalacağının proqnozlaşdırılması hər şeydən öncə, ölkədə valyuta bazarının tənzimlənməsində sərbəst üzən məzənnə rejiminə keçilməyəcəyinə işarədir. Bu isə ondan xəbər verir ki, ölkəmizin iqtisadiyyatının birtərəfli inkişafının dominant rolu hələ bundan sonra da qalmaqda davam edəcək və gəlirlərimiz, tədiyyə balansı məhz neft-qaz sektorundan daxil olan Amerika valyutasından asılı olacaq. Odur ki, hökumətə manatın məzənnəsini ABŞ dollarına nəzərən 1,70 azn səviyyəsindən aşağı və yuxarı dəyişmək sərf etmədiyindən, məzənnə hələ bir neçə il sabit saxlanılacaq.

Məzənnə dəyişikliyi idarəetmədə, sosial aspektdə və digər istiqamətlərdə əlavə problemlər ortaya çıxaracaq, hökumət və dövlət üçün bir sıra çətinliklər yaradacaq. İstehlak qiymətləri yüksələcək, maaşları və sosial ödənişləri artırmaq lazım gələcək, investisiya xərclərinə yenidən baxmaq zərurəti yaranacaq və sair... Ancaq iş bundadır ki, qlobal bazarlarda qiymət konyunkturasından çox şey asılı olacaq. Ona görə də qarşıdakı illər ərzində hökumətin məzənnəyə yanaşması sadəcə, arzu və istək kimi qəbul edilməlidir. Həqiqətdə isə heç növbəti il üçün də bu barədə dəqiq proqnoz vermək mümkün deyil.

Yeri gəlmişkən, xeyli müddətdir, enerjidaşıyıcıları üzrə qlobal bazarlardakı vəziyyət ölkəmizin tədiyyə balansı və onun tərkib hissəsi olan xarici ticarət maraqlarımıza cavab verir. Bunun nəticəsidir ki, valyuta bazarımızda sabitlik hökm sürür və manat ABŞ dollarına nəzərən 1,70 azn nöqtəsində qalıb. Ancaq buna daimi güvənmək olarmı? Vəziyyət hər an dəyişə bilməzmi?

Məsələ bundadır ki, ötən ildən ölkəmizin xarici ticarət dövriyyəsi azalır, idxal-ixrac əməliyyatlarının həcmi dəyişir - müsbət saldo enir. Səbəb təkcə, neft-qaz sektoruna deyil, qeyri neft-qaz məhsullarına aid məhsulların ixracının və dəyərinin azalmasındadır. İqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz qeyri-neft-qaz sektoru üzrə ixracımız cari il ərzində azalma nümayiş etdirib. Bu isə yaxşı tendensiya deyil.

Üstəgəl, neft hasilatımız azalır, qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi deyil. Nəhayət, dünya bazarlarında neftin qiymətinə dair proqnozlar da yaxşı deyil. Düzdür, qiymət 50 dollar həndəvərində olarsa belə, bu, bizim üçün təhlükəli sayılmır. Ancaq hər halda, neftin 60 ABŞ dollarından aşağı olması bizə sərfəli deyil və uzun müddət davam etməsi narahatlıq yarada bilər. Nə qədər ki, qeyri neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, manatın məzənnəsini uzun müddət sabit saxlamaq mümkün olmayacaq. Bu barədə proqnozlar nisbi xarakter daşıyır, hər şey ölkəyə daxil olan və ölkədən çıxan dollarlardan asılıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Manat  





Xəbər lenti