Niyə “Laçın”? 100 yaşlı şəhərin bilinməyən tarixi | ARAŞDIRMA+SƏNƏDLƏR

      Niyə “Laçın”?    100 yaşlı şəhərin bilinməyən tarixi    | ARAŞDIRMA+SƏNƏDLƏR
  29 Sentyabr 2024    Oxunub:1539
Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasının müdiri

(Bu araşdırmanı Laçın həsrəti ilə dünyanı vaxtsız tərk eləmiş Laçın ziyalısı, uzun illər dövlət qulluğunda çalışmış bacım Yaqut Cabbarlının ruhuna ithaf edirəm)

Hər bir şəhərin siması və tikilmə xarakteri yerləşdiyi əraziyə uyğunlaşdırılır. Laçın şəhəri hündür, gözəl mənzərəli, dəniz səviyyəsindən təqribən 2000 m yüksəklikdə yerləşən, adını aldığı Laçın dağının yamaclarında salınmışdı. Laçın dağı şimal-şərqə doğru yüksəlir, şərqdən hündür dağ silsiləsi başlayır. Qərbə və cənub-qərbə doğru isə Həkəri çayının dərin dərəsi uzanır.
Laçın şəhəri elə gözəl bir relyefdə tikilib ki, buradan Həkəri vadisinə, qonşu dağlara və Zəngəzur yaylasına valehedici, geniş bir mənzərə açılır. Üfüqdə isə ilboyu başı qarla örtülü olan əsrarəngiz Zəngəzur dağları görünür.

Ərazisi 3533.5 kv.km , əhali sayı 40 515 nəfər olan böyük bir qəzaya nəqliyyat, mədəni-siyasi, inzibati və ticari mərkəz funksiyası daşıyan iqamətgah olmaq üçün tikilmişdi Laçın. Şəhərdə evlərin memarlıq obrazı sadə və özünəməxsus idi. Sonralar böyüdükcə yaşayış evləri şəhər memarlığının əsas elementini təşkil elədi. Şəhəri tamamilə yeni, sovet memarlıq üslubunda tikməyə başlaslar da, bu yeni şəhərdə özünəməxsus Laçın memarlığı da formalaşdı. Başdan-başa dağlıq, dərə-təpəli ərazidə şəhərin salınması planlaşdırmada təbii relyefin izlərini də qoyur.

Beləliklə, 1924-cü ildə Azərbaycan SSR-də yeni bir şəhər salınırdı. İnsanlar bu şəhərin hər gün dəyişən simasını xüsusi sevgiylə, böyük maraqla izləyirdilər. Nəhəng işlər aparılsa da şəhərin təmizliyinə xüsusi diqqət yetirilirdi. Həmin tarixi günlərin şahidləri olan böyüklərimiz danışırdılar ki, şəhəri tikənlər, orada yaşayanlar tikinti əsnasında tullantıların qalaqlanmasına imkan vermir, şəhərin görünüşünə xələl gəlməsini istəmirdilər.

Yeri gəlmişkən, bu məqamda bir qəzetdə rast gəldiyim xoşagəlməz ifadəyə Laçın şəhər ziyalısı kimi münasibət bildirməsəm olmaz. Müəllif yazır ki, guya indiki Laçın onun 38 il əvvəl gördüyü “səliqəsiz-sahmansız” Laçın deyildi. Bu ifadənin hansı məqsədlə işlədildiyini demək istəməzdim, amma onun gördüyü heç şübhəsiz ki, Laçın deyilmiş, ya da yaxşı baxa bilməyib. Gözəlliyi görməyin açarı elə gözəl baxmaqdadır. Onsuz da yaradan bu şəhərin özünü də, insanlarını da nəciblik adlı çox böyük bir lütfkarlıqla mükafatlandırıb. Alicənablıq olan yerdə gözəllik də var. Gözəllik olan yerdə isə səliqə-sahman! Odur ki, zənnimcə, müqayisənin də, ifadə seçiminin də bir ərkanının olması mütləqdir.

Laçınlı həyatımdakı heç unutmadığım sonsuz xatirələrimdən birini də sizinlə bölüşmək istəyirəm. Hər il may ayında qonşu rayonların heyvan təsərrüfatları Laçın yaylaqlarına köç edərdi. Köç başlayandan qurtaranadək “selləmə” yağış köçərilərə “aman-iman” verməzdi. Amma onu da deyim ki, bu köç hadisəsi xüsusilə uşaqlar üçün olduqca maraqlı gəlirdi. Baxmayaraq ki, şəhər ərazisindən ayyarımlıq müddətdə on minlərlə iri və xırda buynuzlu mal-qara, at, ulaq, dəvə və s. keçərdi, bununla belə, şəhərin təmizliyi elə bir yüksək səviyyədə aparılırdı ki, köçdən yaxşı mənada heç bir iz qalmazdı.

Bir laçınlı kimi təqdir etmədiyim həmin ifadə müəllifinin yazı təqdimatı üslubuna hörmət əlaməti olaraq dədə-babadan qalma bir misalı yada salmaq yerinə düşər deyə düşünürəm: “Ayə, sən deyən armuddu, onu da tək-tək yeyərlər”.


Laçın şəhər sakini kimi qeyd edim ki, şəhərin ilk salındığı dövrdə yaranan təmizlik ənənəsi sonralar da davam elədi. Şəhərin təmizliyinə baxanlar səhərdən axşamadək küçələrin, səkilərin, su arxlarının, idarə və müəssisələrin, yaşayış binalarının həyətlərini təmizləyir, ağacların gövdələri daim əhənglənirdi. Şəhərin təmizliyində, səliqə-sahman yaradılmasında ən çox sevdiyimiz görüntü isə suçiləyən maşınların səhər-axşam küçələri sulaması idi.
Bəli! Bu gün çoxları üçün bir möcüzədir, amma dünən də bir əfsanəydi LAÇIN! Hər halı ilə gözəl idi mənim şəhərim... Qənirsiz gözəl!

Şəhərin tarixində yer tutan ən maraqlı məsələ isə necə adlandırılacağı idi. Laçın şəhərinin adı ilə bağlı bir sıra hekayələr söylənilirdi. Şəxsən mənim də uşaqlıq yaddaşımda ilişib qalan və bugünədək unutmadıqlarım var. Təbii ki, bu hadisənin şahidi olan yaxınlarım - Laçının quruculuğunda bilavasitə iştirak etmiş babam Calal Cabbarlı və əvvəllər qəza Qadınlar klubuna, rayon təşkil edildikdən sonra isə müxtəlif vaxtlarda Laçın Rayon Qadınlar şöbəsi, Səhiyyə Şöbəsi və İctimai Təminat Şöbəsinə rəhbərlik etmiş nənəm Bənövşə Cabbarovanın dilindən eşitdiklərim.


Hekayə isə təxminən belə səslənirdi: “Şəhərin tikilməsi üçün yer araşdıran xüsusi komissiya ərazini gəzərkən, Laçın dağının ətəyinə gəlib çatırlar. Dörd bir tərəfdə başgicəlləndirən hündürlükdə sıralanmış dağlar, dayandıqları yerdən ətrafa açılan qeyri-adı mənzərə, ərazinin bakirə gözəlliyi hər kəsi heyran edir. O zamanlar Az.MİK-in katibi vəzifəsində işləyən Tağı Şahbazi (Simurğ) bütün ehtişamı ilə onu valeh edən zümrüd meşəli Laçın dağının ətəyində dayanır, ətrafı bir xeyli müşahidə etdikdən sonra yerli camaatdan dağın adını soruşur. “Dağın adı Laçındır və zirvəsində Laçın quşları yuva qurur”- deyə ona cavab verirlər. Deyilənə görə belə gözəl mənzərənin təsiri altında Şahbazi deyir ki, şəhərin adı da qoy elə “Laçın” olsun. Bəzi hekayələrdə isə adın “Laçın quşu”nun gözəlliyindən qaynaqlandığı deyilirdi. Bu əlbəttə yaxın şifahi yaddaşımızın qulaqdan qulağa ötürdükləridir.
Amma təbii ki, əsas söz sahibi Tarix Dədəmizdir! Elə isə bəs yazılı yaddaşımız bizə nə deyir?

Araşdırmamızın xronologiyası təxminən 124 illik bir dövrü əhatə edir. Məqsəd yaxın tariximizdə “Laçın” sözünün coğrafi ərazi və yaxud məskun yeri məfhumu kimi işlədilməsinə dair konkret məlumatların əldə edilməsi idi. Əslində bu, tarix üçün o qədər də kiçik bir rəqəm deyil. Lakin şifahi yaddaşlardan ötürülən məlumatların əgər istinad ediləcək bir mənbəyi yoxdursa, demək elmi əsası da yoxdur. Məsələn, Xaçın knyazlığına hökmdarlıq etmiş və yazılı mənbələrdə bəzən alban çarı adlandırılan Həsən Cəlalın (1215 - 1265) Laçın dağında iqamətgahının olması barədə fərziyyələr kimi.

Yuxarı Laçında (digər tarixi adı ilə “Laçınfəraz”) yaşayanlardan bəziləri dağın üstündə, “göl”dən bir qədər yuxarıda köhnə saray qalıqlarının olduğunu söyləyirdilər. Kim bilir...
Bununla belə xalqın yaddaşı - istər mədəni, istərsə də yazılı olsun - özü bir tarixdir. Bu baxımdan uzunmüddətli hafizəmizin əsas elementi olan xatirələrimiz də müəyyən tarixi hadisələri ehtiva etməklə, həm də tarixin bir parçasına çevrilir.

“Laçın” toponiminə gəldikdə isə onun yaxın əsrlərə (XIX - XX) dair tarixi mənbələrə köçürülmə faktını əks etdirən faktoloji sübutlar olduqca azdır, amma mövcuddur. Araşdırmalar zamanı bu barədə bəzi məlumatlar aşkarlanmışdır. Belə ki, Rusiya imperiyası bütün Qafqazı, o cümlədən, Cənubi Qafqazı işğal etdikdən sonra yer adlarının siyahıyaalınmasına dair tərtib olunan rəsmi mənbələrdə “Laçın” toponiminə rast gəlinir: dağ adı və məskun yeri kimi.

Beləliklə, üz tutduğumuz zaman kəsiyi Şimalı Azərbaycan ərazisinin birinci rus işğalı dövrüdür.
Rus hökuməti imperiyanın hər yerində, o cümlədən, Qafqaz və Zaqafqaziyada triqonometrik ölçmələr və coğrafi dəqiqləşdirmələr aparır. Bu məqsədlə xüsusi komissiyalar təşkil olunur, araşdırmaların nəticələrinə dair hesabatlar və statistik icmallar hazırlanır - “Qafqaz və Zaqafqaziya diyarının tarixi, coğrafi və statistik təsviri üçün materiallar toplusu”; “Zaqafqaziya və Qafqaz trianqulyasiyası ilə müəyyən edilmiş müxtəlif yerlərin coğrafi vəziyyəti və dəniz səviyyəsindən hündürlüyü”; “Qafqaz və Zaqafqaziyanın triqonometrik məntəqələrinin siyahısı” və “Qafqazın bəzi məskun yerlərinin siyahısı” kimi. Həmin icmallarda “Laçın Dağı” haqqında məlumat verilir. Məlumatlar 1859, 1861, 1862 və 1882-ci illərə aiddir.

Mənbələrdən birində məlumat aşağıdakı ardıcıllıqla verilir: Məntəqənin adı “Laçın Dağı”, inzibati şöbə Zəngəzur qəzası, şimal n dairəsi 39 40 336, şərq uzunluq dairəsi 64 13 38 7, Qara dəniz səviyyəsindən hündürlüyü 6329 fut.


“Qafqaz diyarının kəndlərinin siyahısı” adlı icmalın 1906-cı ilə dair statistik məlumatında isə “Laçın” adı qeyd olunur. Laçının yaşayış məskəni kimi aid edildiyi qəza və kənd icmasının nömrəsi 368 göstərilir. Həmin nömrə Gəncə qəzası “Mixaylovski” kənd icmasına məxsus idi və həmin icmanın tərkibində “Laçın” adlı kənd yox idi. “Mixaylovski” kənd icmasından sonra “Mollalar” kənd icmasının siyahısı verilirdi. Böyük ehtimalla həmin tarixdə Laçın “Mollalar” kənd icmasının tərkibinə daxil edilmişdi, lakin çap səhvi ucbatından aid olmadığı yerdə göstərilmişdi. Mollalar kənd icmasının nömrəsi isə 2239 idi. Mollalar kənd icması tərkibindəki kəndlərlə birlikdə Laçın rayonunun inzibati ərazi vahididir. 1917-ci ilə dair statistik məlumatlarda Pircahan kənd icması da Gəncə qəzasının tərkibində verilirdi. Pircahan kənd icması da tərkibinə daxil edilən 27 kənd (yeddisi - Abdallar, Ayıbazarı, Ərəbli, Qaradağlı, Qaraqaya, Babadinli, Qızıl evi istisna olmaqla) ilə birlikdə bu gün də Laçın rayonunun inzibati ərazi bölgüsünə daxildir. Adıçəkilən həmin 7 kənd ləğv olunsa da bu günədək hər biri yer olaraq öz adını qoruyub - saxlayır.


1917-ci ilə dair inzibati ərazi bölgüsündə Mollalar və Pircahan kənd icmalarının Gəncə qəzasının tərkibində göstərilməsi isə böyük ehtimalla bir yanlış idi. Çünki 1897-ci ilə dair və daha sonrakı illəri əks etdirən statistik məlumatlarda həmin kəndlər Zəngəzur qəzasının tərkibində göstərilirdi.

Zaqafqaziya diyarının kənd icmaları və kənd dairələrinə dair 1908-ci ilə olan statistik məcmuədəki məlumatlarda (Gəncə quberniyası ilə bağlı sənədlər 1906-cı ilə aiddir) “Laçın” toponimi kənd adı olaraq keçir. “Laçın” kəndinin əhalisinin sayı 68 nəfər və milli tərkibinə görə də hamısı rus hökumətinin deyimi ilə tatar, yəni azərbaycanlı idi. Lakin təəssüflər olsun ki, sonrakı illərdə “Laçın” adına yaşayış məskəni kimi heç bir kənd icmasının tərkibində rast gəlinmir. Bu isə böyük ehtimalla yalnız kənd əhalisinin başqa ərazilərə köç etməsi ilə bağlı məsələdir. Bununla belə heç şübhəsiz, laçınlılar keçmişdə Laçın dağının qoynunda eyni adlı bir kəndin var olduğunu bilirdilər.

Məlumdur ki, rus imperiya hökuməti işğal etdiyi Şimali Azərbaycanın əhalisini türk deyil, “tatar” adlandırırdı. Yuxarıda adı keçən siyahıya dair məlumatda qeyd olunurdu ki, əgər hər hansı bir yaşayış məskənində fərqli millətlərin nümayəndələri birgə yaşayırdılarsa, o zaman əhalinin milli tərkibi qeyd olunmurdu. Laçında isə yalnız Azərbaycan türkləri yaşadığı üçün əhali sayının yanında millətin adı göstərilir.
Məlumat üçün qeyd edim ki, 1915-ci ildən etibarən rus imperiya hökuməti statistik məlumatlarda azərbaycanlıların milli tərkibini rəsmi olaraq tatar (t.) deyil, türk (tr.) göstərməyə başlayır.

Laçın rayonunun qədim kəndlərinin əhalisinin milli tərkibi də həmin ildən etibarən öz doğru ünvanını tapır. Artıq bütün azərbaycanlı əhali türk olaraq qeyd edilir. Bunu Laçının bütün kəndlərinin timsalında görmək mümkündür.

Yuxarıda Laçın şəhərinin adı ilə bağlı eşitdiyim xatirələri sizinlə bölüşdüm. Şəxsən mən Tağı Şahbazinin və ya başqa bir komissiya üzvünün yeni salınan Laçın şəhərinin həm də öz vüqarlı adıyla tarixi məskun yeri olduğunu bilib-bilmədikləri ilə bağlı heç bir məlumata malik deyiləm. Lakin yerli sakinlərin ona bu xatırlatmanı etdiklərinə də qulaq müsafiri olmuşdum. Tarix isə təkrarlanır axı. Həm də hər şey Əlahəzrət Zamana bağlıdır.

Bir zamanlar insanların isti yuvası olmuş hər hansı bir yer daşına, qayasına, torpağına hopmuş səs-səda, toy-büsat, hay-haray üçün həmişə darıxar, həsrət çəkər və biz insanlar da təbiətin bu nisgilini duyar, hiss edərik. Dağlar əzəmətli duruşuyla, qayalar susqunluğu, yarpaqlar pıçıltısıyla söyləyər həsrətini. Yurd yerləri də həmişə elat üçün səssiz-səmirsiz çəkər nisgilini. Lakin yurd yerləri səslədiyi, yolunu gözlədiy elata qovuşduğu an sonlanar, bitər bütün acı nisgillər. Həsrətin bitdiyi yerdə bir başqa cür doğar Günəş, göydə bir başqa parlayar hilal, bir özgə sayrışar nərgiz ulduzlar göy üzündə...

Yəqin “Laçın Dağı” da qoynunda uyutduğu, bəslədiyi elin ayaq səsləri üçün çox qəribsəmişdi. O qədər qəribsəmişdi ki, 18 il sonra yurdundan perik düşmüş camaatını yenidən qoynuna çağırdı.
Kim bilir... Bəlkə bu bir təsadüf idi. Amma bütün təsadüflər də zərurətdən doğar. Bu şəhərin də tikilməsi zəruri idi. Tikilməliydi ki, qədim Laçın öz məğrur adına, ünvanına və elinə qovuşsun!

Hə... Laçın eli də öz yurduna, obasına qovuşdu, nəhayət. 100 il əvvəl, 14 may 1924-cü ildə!

Laçın şəhərinin salınması ilə bağlı əvvəlki araşdırmada məlumat vermişik. Bəs şəhərin sonrakı taleyi necə oldu və qarşıda hansı çətinliklər gözləyirdi onu? Kiçik bir ərazidə salınmış balaca bir küçədən ibarət Laçın necə böyüdü? Kimlər gəldi, kimlər keçdi bu şəhərin taleyindən? Necə böyüdü, necə yaşadı, necə yaşatdı Laçın?
Əlbəttə ürəyimdə cavab tapmaq istədiyim suallar çoxdur. Amma həmsöhbət tapa bilmədim. Axı şəhərin yaranmasının canlı şahidləri bu gün aramızda yoxdur. Əfsuslar olsun!...
Buna görə də canlı olmasa da xatırladan, dili olmasa da danışan sənədlərlə həmsöhbət oldum. Mən onları çox yaxşı anladım. Amma hiss elədim ki, onlar da məni çox isti və doğma qarşıladılar. Hələ ki, birlikdə olduğmuz zamanları çox sevincli və gülə-gülə keçiririk.
Sonsuz təşəkkürlər Sənəd Məbədgahımıza!

Bu dəfə araşdırmanın davamında təqdim edəcəklərimin hər kəs üçün maraqlı olacağını düşünürəm. Amma əlbəttə ki, ilk növbədə laçınlılarımın ürəyi bir başqa sevgiylə atacaq, onu da bilirəm... Çünki bu füsünkar şəhəri kəndli-şəhərli bütün rayon əhalisi, həm də uşaqdan-böyüyə hər kəs ülvi, isti, bənzərsiz və müqayisəyəgəlməz bir məhəbbətlə sevir. Əminəm ki, eyni sevgiylə laçınlılar şəhərimizin tarixini gözlərindən yaddaşlarına da daşıyacaqlar.
Beləliklə, Laçın tikilirdi. Həm də zamanına görə böyük sürətlə.
Təbii ki, hökumətin qarsında duran əsas hədəf yeni salınan Laçın şəhərinin ərazisini müəyyən etmək, gələcək inkişaf planını qurmaq və onu böyütmək, genişləndirmək idi. Bunun üçün isə Laçının ilkin sərhədləri müəyyən edilməliydi.

Əslində Laçın şəhərinə ən yaxın olanı Laçınkənd idi. Həmin kəndin digər bir tarixi adı da “Laçınfəraz” (“Yoxuş Laçın”) idi. Burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Mənim ata nənəm Bənövşə Rüstəmova 1926-cı ilin fevral ayında Laçınfəraz kəndindən 6-cı qurultaya nümayəndə seçilmişdi, həm də 16 yaşında.


Laçınfəraz şəhərin yuxarısında, yəni Laçın dağının üst yamacında - yoxuşda yerləşirdi. Təzə salınan şəhər ondan bir az aşağıda - alt yamacda idi. Abdallar kəndi şəhərin ayağından xeyli aşağıda yerləşirdi. Qismən yaxın olanlar isə Qaradağlı, Qarıkahası və Zərti kəndləriydi ki, onların da şəhərlə məsafəsi 2-3 km olardı. Azərbaycan Cümhuriyyəti qurulana qədər həmin kəndlər əvvəlcə “Pircahan”, sonra “Cağazur”, ən son isə “Mollalar” kənd icmasının tərkibinə daxil edilmişdi və Azərbaycanda sovet hakimiyyəti qurulanadək belə də qalırdı.

Sovetin ilk illərində yeni inzibati ərazi bölgüsünə görə Abdallar, Qaradağlı, Qarıkahası və Zərti kəndlərindən ibarət Abdallar kənd icması (şurası) təşkil edilir. Lakin həmin kəndlərin hər birinin öz torpaq sərhədləri vardı. Abdallar kəndinin camaatı isə kəndin sərhədləri xaricində olan digər yaxın əraziləri də əkin-biçin yeri eləmişdilər. Əgər 1924-cü ilə qədər Laçınkənddə yaşayış olmuş olsaydı, heç bir mübaliğəsiz Laçın şəhəri də həmin kəndin ərazisində tikilmiş olacaqdı. Və əslində elə tikildi də.

Şəhər yeni salınanda cəmi bir küçədən ibarət idi və təbii ki, belə kiçik ölçüdə qala bilməzdi. Çünki ümumilikdə 40 mindən yuxarı əhali üçün tikilməliydi. Bu baxımdan şəhər genişlənməli və böyüməliydi. Əslində o zamankı tarixi şəraitdə tikintisi sürətlə gedirdi. Lakin Abdallar kəndi şəhərin tikintisinə maneələr törədir, icma torpaqlarını da özününkü hesab edir və tikinti aparılmasına imkan vermirdi. Mübahisələr, anlaşılmazlıqlar, torpaq davaları səngimirdi. Bu baxımdan hökumət tez bir zamanda şəhərin sərhədlərinin müəyyən etmək qərarına gəlir.




(Ardı var)


Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasının müdiri
AzVision.az üçün


Teqlər: Laçın  





Xəbər lenti