“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda son illərdə görülən işlərdən, icra olunan layihələrdən danışan şöbə rəisi bildirib ki, 2026-cı ilə qədər 100 evin tikintisi nəzərə tutulub. Gələn il yəqin ki, inşaat işləri üçün tender məsələləri həll olunacaq.
“Xınalığın əsas sərvəti insanlarıdır” – Kənan Quluzadə | VİDEO |
Tikinti zamanı qarşılaşdıqları problemlərdən və Xınalıqdakı şəraitdən danışan Elşən Ağalarov qeyd edib ki, ərazinin unikallığından irəli gələn tikinti qaydalarını ancaq yerli sakinlər icra edə bilirlər. Ona görə də işçi qüvvəsi tam olaraq yerli sakinlərdən ibarətdir: “Əsas problemimiz daşınma ilə bağlı qiymətin artmasıdır. Bakıdan aldığımız material Bakı-Quba, Quba-Xınalıq, Xınalıq-Xınalıq marşrutu ilə gedəndə qiymətlər yüksəlir. Yüksəkliyə görə bura ağır yük maşınları gələ bilmir. Maksimum səkkiz tonluq maşın gəlir, onun da qiymətini aşağı salmaq olmur. Qarşılaşdığımız digər problem hava şəraitdir. Burada ən yaxşı halda maksimum beş ay işləmək olur. Məsələn, bu il iyunun 30-dək yağışlar tikintinin aparılmasına imkan verməyib”.
Şöbə müdirinin sözlərinə görə, 44 evin layihələndirməsi, təmir-bərpa işləri üçün 4,4 milyon manat, bərpa zamanı yaranan problemlərin həlli üçün isə əlavə 2,2 milyon manat ayrılıb. Qiyməti artıran bu problemlər əsasən söküntülərin daşınması, taxta konstruktsiyaların emalı və logistika ilə əlaqədardır.
"Layihəyə başladığımız zaman kənd sakinləri işə müsbət yanaşmırdılar. Evlərin yüksək səviyyədə təmiri həyata keçirildikcə bu inamsızlıq da aradan qalxdı",- deyə Elşən Ağalarov fikirlərini yekunlaşdırıb.
Məhəmmədəli Həsənli
AzVision.az