Ağsaqqal Trampı söhbətə çağırdı: "Özünə gəl!"

Ağsaqqal Trampı söhbətə çağırdı:  "Özünə  gəl!"
  13 Yanvar 2025    Oxunub:575
Kanadanın sabiq baş naziri Jan Kretyen ABŞ-nin gələcək prezidenti Donald Trampı qocafəndi şəklində özünə gəlməyə səsləyib. O, bu müraciətini “qocanın qocaya çağırışı” adlandırıb.
Jan Kretyen “Globe and Mail” qəzetində dərc olunan köşə yazısında Donald Trampa xitabən kanadalıların müstəqilliklərini yüksək qiymətləndirdiklərini, təhdid və təhqirlərin onları fikirlərindən döndərə bilməyəcəklərini yazıb. “Birləşmiş Ştatlara qoşulmaq üçün kanadalıların nə vaxtsa dünyanın ən yaxşı ölkəsindən - biz isə, şübhəsiz ki, məhz beləyik – imtina edəcəklərini düşünməyə səni nə vadar edib?.. Donald Tramp, bura bax, mən qoca sən qocaya deyirəm ki, özünə gəl!", - Kanadanın keçmiş lideri ABŞ-nin yeni prezidentinə məsləhət verib.

Xatırladaq ki, dünən 91 yaşı tamam olan Jan Kretyen 1993-2003-cü illərdə Kanadanın baş naziri vəzifəsini tutub. Onun “düz yola” dəvət etdiyi Donald Trampın isə bu ilin iyun ayında 79 yaşı tamam olacaq.

Tramp Kanadanın ABŞ-yə ilhaq edildiyi xəritə dərc edib
Tarixə əlahiddə xidmətləri ilə düşməyən Jan Kretyenin narahatlığının təməlində Ottavanın ABŞ-yə münasibətdə ticarət və miqrasiya siyasətini dəyişməyəcəyi halda Donald Trampın Kanada məhsullarına gömrük rüsumlarını 25% artıracağı, xüsusilə də bu ölkəni ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə bağlı təhdidləri dayanır.

ABŞ-nin gələcək prezidentinin bir neçə dəfə bu məsələni qabartması rəsmi Ottavanın qəzəbinə səbəb oldu. Hakim Liberal partiyasının rəhbəri vəzifəsindən istefa verən Castin Trüdonun tezliklə baş nazir postundan qaçmaq təşəbbüsü Kanadanın indiki hakimiyyətinin Donald Trampın iddiaları qarşısında aciz olduğundan xəbər verir.

Amerikalı iş adamı İlon Mask isə Castin Trüdonu “qız” adlandıraraq vurğulayıb ki, postundan getdiyi üçün onun Kanadanın ABŞ-yə qoşulmasının qeyri-mümkünlüyü barədə dedikləri heç bir əhəmiyyət kəsb etmir.

“Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur”, - amerikalı milyarder “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Dar macalda “döyüş meydanı”ndan qaçan Castin Trüdoya qarşı öz doğma partiyasında yaranmış iradlar əsasən onun Vaşinqtonun siyasi təzyiq kursuna müqavimət göstərə bilməməsi ilə bağldır. Halbuki, "qız" Kanadadan min kilomterlərlə uzaqda yerləşən təcavüzkar Ermənistana havadarlıq etmək iddiasında idi. Bu baxımdan, onun rəhbəri olduğu Liberal Partiyasının reytinqinin aşağı düşməsi heç də təəccüblü deyil. Rəy sorğuları partiyanın bu ilin oktyabrından gec olmayaraq keçiriləcək ümumi seçkilərdə məğlubiyyətə uğrayacağına dəlalət edir.

İkilikdə baş tutan kofidensial söhbətin detallarını mətbuata sızdırdığına görə Castin Trüdonu 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitində Çinin sədri Si Cinpinin uşaq kimi danlaması isə Kanadanın baş nazirinin xarici siyasət kursunun fiaskosunun pik nöqtəsi oldu.


Bu reallıqlar ondan xəbər verir ki, Kanadanın keçmiş baş naziri Jan Kretyen Donald Trampa “qocanın qocaya çağırışı” kimi dişsiz müraciət ünvanlamaqdansa, bir ağsaqqal olaraq ölkə tarixinə ən cavan baş nazir kimi düşmüş Trüdonun başına ağıl qoymağa cəhd göstərsə idi daha düzgün olardı.

Amma orası da var ki, bunun üçün, ilk növbədə, gərək Castin Trüdonun özü Jan Kretyeni ağsaqqal kimi qəbul etsin. Əks halda, Jan Kretye kimi “ağır artilleriya”nın Castin Trüdo kimi “yüngül texnika”ya dəstək cəhdi Kanadanı Donald Trampın sərt siyasətindən sığortalaya bilməyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kretyen   Tramp   müraciət  





Xəbər lenti