Britaniya jurnalı Azərbaycan kəlağayısından yazdı
![Britaniya jurnalı Azərbaycan kəlağayısından yazdı Britaniya jurnalı Azərbaycan kəlağayısından yazdı](https://azvision.az/photos/2025/02/17395504526543410540_1200x630-1739593924.jpg)
Bu parçalar, onların istehsalı və simvolikası haqqında ingilis dilində çox az məlumat mövcuddur. Buna görə də ənənəvi Azərbaycan baş örtüyünün istehsalı barədə dünyanın aparıcı ixtisaslaşmış elmi nəşrində etnoqrafiya, etnobiologiya, dilçilik antropologiyası, incəsənət və Asiyanın maddi mədəniyyəti üzrə çoxsaylı elmi kitab və məqalələrin müəllifi, iyirmi bir muzey sərgisinin (beş virtual sərgi də daxil olmaqla) kuratoru və etnoqrafik filmlər üzrə məsləhətçi-antropoloq Pol Maykl Teylor tərəfindən ətraflı məlumatın təqdim edilməsini Azərbaycan mədəniyyətinin təbliği sahəsində qazanılan növbəti qələbələrdən hesab edilə bilər. Azərbaycan kəlağayısının tarixi nümunələrini həm ölkəmizdə, həm də ölkə xaricində böyük muzey və kolleksiyalarda tapmaq olar.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, ölkəmizin xalq tətbiqi ənənəvi sənətinə bu cür böyük və hörmətli nəşrin diqqət yetirməsi sevindirici haldır. Bu, bir daha sübut edir ki, bizim incəsənət dünya incəsənətinin ayrılmaz hissəsidir.
“Azərbaycan haqlı olaraq, zəngin mədəniyyəti ilə fəxr edir. Ölkə tarixən qədim “İpək yolu”nun bir hissəsi olub və məqalədə də qeyd olunduğu kimi XIII əsrdə Marko Polonun səfərinə kimi artıq ipəkçiliyin mühüm mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istərdim ki, Pol Maykl Teylor dəfələrlə Azərbaycanda olub. Çünki, o, kəlağayının hazırlanması ilə bağlı bütün incəlikləri yerində öyrənməyin tərəfdarı olub. Bundan başqa onun xahişi ilə ona bu mövzuda ədəbiyyat göndərmişik. Deyə bilərəm ki, Pol Azərbaycana vurğun bir insandır. “Hali” jurnalındakı məqaləsi də buna sübutdur. Jurnalın böyük nüfuzu mühüm mükafatlarla müqayisə edilə bilər. Bu da bizim üçün qürur mənbəyidir”, - deyə Əminə Məlikova qeyd edib.
2018-ci ildə nəşr olunan “Kəlağayı sənəti” kitabına istinad edən Teylor məqalədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın fikirlərindən də misal gətirib.
Kəlağayının istehsal olunduğu ərazi ilə aralarında olan incə nüanslara toxunan müəllif vurğulayır ki, “bəzək naxışları və rəng seçimi, hətta hazır şərfin qatlanma üsulu belə xüsusi məna daşıyır”. Məqalədə müəllif həm də hesab edir ki, “Azərbaycan milli kimliyi üçün kəlağayının özəlliyini ölkənin təsviri incəsənətində də görmək olar”.
Teylor qeyd edir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ənənəvi sənətlərin bərpa olunması və inkişafına xüsusi diqqət ayırıb, özəlliklə də kəlağayı istehsalı bu istiqamətdə atılan mühüm addım olub ki, bu da yenilikçi ideyaları ilə seçilən gənc rəssamları cəlb edib. Müəllif nümunə olaraq Azərbaycan rəssamı Fərhad Fərzəlinin yaradıcılığını misal çəkib. O, Basqal emalatxanalarına baş çəkdikdən sonra kəlağayıya həsr olunmuş silsilə rəsmlər çəkib və 2014-cü ildə BƏƏ-nin paytaxtı Şarjada İslam İncəsənəti Festivalında nümayiş etdirib.
“Hali” jurnalı 1978-ci ildən Londonda nəşr olunur. Burada əsasən mütəxəssis araşdırmaları və ekspertlərin fikirləri, xalçaçılıq sahəsində yeniliklərə həsr olunmuş məqalələr dərc edilir.
AzVision.az
Teqlər: