Qara zanbaq. Dünyada ilk iqtisadi böhranının tarixçəsi

Qara zanbaq. Dünyada ilk iqtisadi böhranının tarixçəsi
  24 Noyabr 2014    Oxunub:9834
(Şəkildə: Hendrik Gerritz, 1642-ci il. “Tülpanmaniya”ya alleqoriya.
Çiçəklərin Allahı Flora əlində Zanbaq dəstələri tutub. Onun mindiyi arabanı şərab içən sərxoş sürücü idarə edir. Onları və arxalarınca gələn ağılsız kütləni külək dənizə doğru aparır._


“İqtisadi bohran” deyəndə adətən ağla XX əsr gəlir. Halbuki, əslində iqtisadi böhranların tarixi çox-çox əvvələ gedir. Bu problemin kökləri cəmiyyətin iqtisadi mexanizminin mahiyyətindən qaynaqlanır. Ona görə də, təklif tələbi üstələyəndə bütün dövrlərdə müxtəlif iqtisadi böhranlar meydana çıxıb.

Tarixdəki ən maraqlı investisiya böhranlarından biri XVII əsrdə Hollandiyada yaşanıb. Hollandiya feodalizmdən kapitalizmə keçən ilk Avropa dövlətidir. Yəqin, bilməmiş deyilsiniz ki, Nyu-York şəhərinin də əsasını hollandlar qoyublar. Və əgər XX-ci əsrdə “maliyyə” deyəndə ağla gələn məkanlardan biri Nyu-York idsə, XVII əsrdə bu rolu Hollandiya daşıyırdı. Hollandiyada investisiya bumu isə… Zanbaqlarla başlamışdı!

Bu çiçək Avropaya XVI əsrin ortalarında Türkiyədən gətirilmişdi. O, zənginliyin, rifahın rəmzi sayılırdı. Bu gün Okean sahilində şəxsi villa nə deməkdirsə, XVII əsrin əvvəllərində Zanbaq buketi də o demək idi. Bu, ən ali zümrəyə mənsubiyyət anlamına gəlirdi. Həmin illərdə Hollandiya artıq feodalizmdən çıxıb, kapitalizmə girdiyinə görə, ali zümrəyə mənsubiyyət təkcə irsən keçmirdi, həm də qazanılırdı.

1630-35-ci illərdə Hollandiya vəba epidemiyasına düçar olur. Bütün dünya ilə aktiv ticarət aparan, kolonial məhsulların böyük həcmlə gəldiyi bir ölkəyə, əlbəttə ki, müxtəlif xəstəliklər də asanlıqla yol tapırdı. Nəticədə əhalinin sayı kəskin azalır, əməyin qiyməti artır, zəhməthaqqılar yüksəlir. Bu da hollandiyada yavaş-yavaş orta təbəqənin formalaşmasına gətirib çıxarır. Necə deyərlər, hər işdə bir xeyir var. Hətta xəstəlikdə də.

Yeni yaranan orta təbəqə özünə müxtəlif cah-cəlalları rəva görə bilirdi. O cümlədən, zanbağı da. Tələb varsa, təklif də olacaq – dərhal meydana zanbaq biznesinə yatırım qoymağa hazır olan insanlar çıxırlar. Onlar zanbağı alıb, baha qiymətə satmaq yoluyla spekulyasiyalardan pul qazanmağa çalışırdılar. Nəticədə tezliklə ölkədə əsl Zanbaq bazarı formalaşır.

Orta sinif üçün adi zanbaqlar təklif olunurdu, yuxarı təbəqə üçün xüsusi nadir zanbaq növləri. Yarpaqlarında xüsusi zolaqlar olan çiçəklər lap baha qiymətə gedirdilər (Halbuki, bu gün biz bilirik ki, həmin zolaqlar çiçəyin virusa yoluxmasının nəticəsində yaranırdılar) . Zanbaqlara olan tələb təklifi dəhşətli şəkildə üstələyirdi.


“The Viceroy" (“Vəzir”) növünə aid olan 1 ədəd Zanbaq soğanağına alına bilən malların siyahısı

Amma problem ondadır ki, Zanbaq – mövsümi məhsuldur (o zaman hələ istixanalar yaradılmamışdı). Və çiçəyi almaq üçün may ayını gözləmək lazım gəlirdi. Hələ qış qurtarmamış Zanbağın soğanağını qazıb torpaqdan çıxarır və satırdılar. Həmin soğanaqlarla oktyabra qədər alver gedirdi, oktyabrda onları yenidən torpağa basdırırdılar.

Qış aylarında Zanbaq bazarı “ölürdü”. Fəqət bir dəfə kiminsə ağlına gəlir ki, xırda cücərtiləri elə qışda da satmaq olar. Bu, çox riskli biznes idi, amma hər şey qaydasında getsə, risk özün doğruldurdu: qışda nisbətən ucuz qiymətə alınan fidanları yazda bir neçə dəfə bahasına satmaq olardı. Göründüyü kimi, bu, artıq müasir birja əməliyyatlarına çox oxşayır. Zanbaqlarla ticarət müasir fyüçers ticarətinə demək olar ki, maksimum yaxınlaşmışdı…

1635-ci ildə Zanbaq bazarı öz kulminasiyasına çatır. “Admirala de Maana” növündən olan zanbağın bir ədəd soğanağı 15 florindən 175 florinə qədər bahalaşmışdı. “Senten” cinsi 40 florindən 350 florinə qalxmışdı. “Admiral Lefkin” isə 4400 florinə idi! Gül biznesi o qədər gəlirli işə çevrilmişdi, Hollandiya iqtisadiyyatının digər sahələrində əməlli-başlı durğunluğa səbəb olmuşdu. Hamı Zanbaq bazarına qaçırdı.

Nəhayət, bütün böhranlar üçün ənənəvi olan vəziyyət yaranır: günlərin birində bəlli olur ki, fyüçers müqavilələri əsasında alınıb-satılan zanbaqların (“kağız zanbaqlar”) həcmi bazara çıxarıla bilən real çiçəklərin həcmindən dəfələrlə çoxdur. Və bazar çökür.

Əvvəlcə ekspertlər Zanbaq bazarının iştirakçılarına alış həcmini azaltmağı tövsiyə edirlər. Amma tezliklə ümumiyyətlə, Bazarda Zanbaq almaq istəyən qalmır. Qiymətlər faciəvi şəkildə düşərək, vaxtilə Zanbaq biznesinə pul qoyan hər kəsi – varlını da, kasıbı da müflisləşdirir. Bağlanan sövdələşmələr ləğv olunurlar. Böhrandan çıxmaq üçün ən ağlagəlməz variantlar təklif olunur, müxtəlif ssenarilər irəli sürülür. Hər şey onunla qurtarır ki, satıcılar əvvəlcə qiyməti 100 florin olan zanbaqları 5 florinə satmağa razılıq verirlər.



Amma məsələ bununla bitmir. “Zanbaq qızdırması”nın davam etdiyi dövrdə Hollandiya iqtisadiyyatı 3 il durğunluq içində qalmışdı ki, bu da ona çox baha başa gəlir. Bəzi tarixçilər əmindirlər ki, məhz “Zanbaq piramidası”nın yaranması və sonra da çökməsi Böyük Britaniyaya imkan verir ki, kolonial ticarətdə üstünlüyü öz əlinə alsın və dənizlərdə Hollandiyanı sıxışdırsın.

Samir Quliyev
AzVsion.az üçün




Teqlər:  





Xəbər lenti