Rəşad Məcid bir az ifrata varıb

Rəşad Məcid bir az ifrata varıb
  07 May 2013    Oxunub:1560
Əsəd Cahangir

Modern.az saytında yayımlanan və rezonansa səbəb olan “Nigar Köçərli missionerdir” başlıqlı müsahibəmlə bağlı bəzi saytlar və sosial şəbəkələrdə yayılan reaksiyalara aydınlıq gətirmək istəyirəm.
Modern.az saytı müsahibənin tam dərc olunması ilə bağlı qabaqcadan razılaşmamıza baxmayaraq, onu istədiyi formada ixtisar etmiş və bununla da mənim bir tərəf olaraq hüquqlarıma hörmət etməmişdir.

Bunu nəzərə alaraq, mən tam mətni Azvision.az saytına göndərdim. Azvision.az müsahibəni təkrar dərc edən tərəf kimi Modern.az saytına yox, mənə, yəni birbaşa ilkin mənbəyə istiunad etmişdir və buna görə o, sözügedən sayta istinad etməməkdə nə qədər haqlıdırsa, onu bu məsələdə ittiham edən tərəf bir o qədər əsassızdır.

Müsahibə ətrafında dərc olunan yazı müəlliflərindən biri kimi Qanturalı iddia edir ki, vaxtilə onun “Mustafa” romanı haqqında dediyim təqdiredici fikirlərin indi əksini deyirəm. Və öz yazısını bu sözlərlə bitirir: indi bunlardan hansına inanaq? Mən isə deyirəm – hər ikisinə! Çünki orda mən ancaq Qanturalının romanından danışmışdım. İndi isə bu roman haqqında müsabiqəyə təqdim olunan digər əsərlərlə müqayisəıdə danışıram. Və yenə də fikrimi üstündə qalıram ki, Qanturalının “Mustafa”sı MKM-ə təqdim olunan nümunələr arasında ən zəifidir. Bəyəm, bu fikir mənim kitabın təqdimatında roman haqqında dediyim sözləri inkar edir?

Müsahibə ilə bağlı verdiyi açıqlamada Rəşad Məcid məni MKM-ə qarşı ədalətsiz fikirlər irəli sürməkdə qınayır. Amma mənim mahiyyətcə haqsız olmadığımı təsdiq edir. MKM-in rəhbəri Nigar Köçərlinin missioner olduğunu yazır, mən də bunu deyirəm. Nigar xanımın kitab sahəsində gördüyü işlərdən danışır, mən də bunu danmıram. Ötən dəfə nəticələrə görə müsabiqə üzvlüyündən imtina etdiyini deyir, mən də nəticələrin antiədəbiyyat xarakter daşıdığını yazıram. Və sonra “Ngar xanımı başqa planetdən gələn missioner” adlandırır, mən də bu fikirlə həmrəyəm. Amma kiçik bir redaktə - “başqa planet” ifadəsini “planetin başqa yeri” ifadəsiylə əvəz etmək şərtilə.

Məncə, Rəşad Məcid özü də etiraf edər ki, Nigar xanımın fəaliyyətinə belə kosmik-fantastik miqyas verməkdə bir az ifrata varıb.


Teqlər:





Xəbər lenti