Cem Yılmaza `tatu` çəkən azərbaycanlı roker – MÜSAHİBƏ

Cem Yılmaza `tatu` çəkən azərbaycanlı roker – MÜSAHİBƏ
  18 Dekabr 2014    Oxunub:29001
AzVision.az –ın müsahibi 1988-ci ildə Sumqayıtda yaradılmış, sonradan fəaliyyətini Türkiyədə davam etdirən “Yuxu” rok- qrupunun keçmiş üzvi Çingiz Eyvazovdur. O, vaxtilə qrupda zərb alətlərində çalıb. 2001-ci ildə qrup dağıldıqdan sonra digər üzvlər kimi Çingiz də “Yuxu”dan ayrılıb. Hazırda tatuirovka işi ilə məşğuldur.

- Sumqayıt şəhərində doğulmuşam, məktəbə və peşə liseyinə orada getmişəm. Uşaqlıqdan stolun üstündə nağara çalardım. O vaxt rəhmətlik xalam atama deyirdi ki, bu oğlan çox istedadlıdır, buna bir nağara alın. Televizorda hansısa bir musiqi gedəndə oturub ritmi tutardım, sən demə, kənardan evdəkilər də mənə baxarmış. Atam mənə dəridən balaca nağara aldı. Mənim də nağaraya xüsusi marağım yox idi, bir-iki dəfə tappıldadandan sonra qırağa atdım, eləcə də qaldı. Əsgərlikdən sonra isə zərb alətlərində yenidən çalmağa başladım.

Tacikistanın “Günəş” rok qrupunda Rəşad adlı bir zərb aləti çalan var idi. Haradasa 30-40-a yaxın baraban yığmışdı. Onu ancaq kamera ilə yuxarıdan çəkirdilər. Çünki düz baxanda görünmürdü. Saqqalı idi və başına da çoban papağı qoyardı. Onun üçün ölürdüm, xəstəsi idim. Baxa-baxa maraqlandım, öyrəndim. O vaxtı internet, kompüter yox idi. Ancaq altıncı günləri gözləyirdik, əyləncəli proqramda bir-iki Azərbaycan mahnısı , axırda da surpiriz olaraq bir dənə xarici mahnı verirdilər.



Belə maraqdan sonra əsgərlikdə özümə iki taxta düzəltdim. Heç bilmirdim necə öyrənmək lazımdır, sadəcə çalışırdım ki, əllərimi tez-tez işlədim. Oradan- buradan eşitdiklərim əsasında çalışırdım. Əsgərlikdən sonra isə orijinal çubuqlar aldım. Evdə dizimin, divarın üstündə məşqlər edirdim. Bir də görürdün ki, rəhmətlik atam gecə saat birdə durub deyərdi ki, “ala, bəsdir də, qoymursan bizi yatmağa, Çingizin (nağara çalan Çingiz Mehdiyevi nəzərdə tuturdu) biri dəli olub, Qobustanda daşların üstündə çalır, biri də burada mazgimizi xarab edir”. Bax, belə bir şərtlərdə biz çalmağı öyrəndik. İbrahim də balacalıqdan gitara çalırdı, bir dənə Namiq tara getmişdi.

O aralarda gitaraçı olan qonşumuz İbrahim Emin qrup yaratmaq istəyirdi. Mən də onunla bərabər işləməyə başladım. Daha sonra gitaraçı qardaşımız Namiq Nağdəliyevi əsgərlikdən gələndən sonra qrupa çağırdıq. Mən zərb alətlərində, Namiq gitarada, İbrahim Emin bass- gitarada çalırdı. Cəsur Nemətov isə vokal idi. Beləcə, yavaş-yavaş məşqlərə başladıq. Çalışdıq, əlləşdik, gecə-gündüz işlədik. Qrupu yaratmağa nail olduq.



Müxtəlif müsabiqələrdə iştirak edirdik, “Qızıl payız” da ən yaxşı rok qrupu seçildik. Sumqayıtdan tək biz idik. 28 rok qrup iştirak edirdi. Tanınmış sənətçilər də vardı. Deməli, Bakıdan “Dərviş” rok-qrupu ilə biz finala qaldıq. Birinci yeri kimsəyə vermədilər, ikinci yeri hər iki rok qrup qazandı. Nə Bakı, nə də Sumqayıt üzülməsin deyə belə etdilər.

- Qrupun adı maraqlıdır... Niyə “Yuxu”?

- Qrupun adını İbrahim Emin seçmişdi. Dəqiq xatırlamıram, səhv etmirəmsə, yuxularında hansısa qrupunun olduğunu görüb deyə adı da belə qoydu. “Yuxu”nun fəaliyyəti 2001-ci ilə qədər davam etdi. Ondan sonra vokalistimiz Cəsur Nemətov Moskvaya getdi. Azərbaycandan bir neçə vokalist dəvət etdik. Sağ olsunlar, onlar da köməklərini əsirgəmədilər. Bir müddət işlədik. Dağılma səbəbinə gəlincə, mənə elə gəlir ki, bir az yorulduq... Ancaq bunu hamının ağzından eşitmək lazımdır. Çünki hərənin öz fikri olacaq.



-Türkiyəyə getməyinizə səbəb nə oldu?

- Əlimizdə “Xəzərin sahilində” kasetinin hazır yazılmış masteri var idi. Bakıda rejissor Yaşar Baxışın və dostların köməkliyilə yazılmışdı. Qərara aldıq ki, qrup Türkiyəyə gedib orada kaset çıxartsın. Qardaş ölkədə ciddi bir iş görmək üçün xeyli menecerlər çıxdı.

Bir nüansı da qeyd etmək istəyirəm, Bakıda 1989-cu ildə biz “Qızıl payız” festivalında iştirak edən zaman dinləyicilər arasında Fransadan gəlmiş xanım menecer də var idi. O, bizə Fransda həm albom buraxmağı, həm də konsertlər verməyi təklif edərək, kömək göstərəcəyini vəd etdi. O vaxt da biz, dediyim kimi, kaset buraxdırmaq üçün Türkiyəyə getməyə hazırlaşırdıq. O xanım da dedi, siz gedin Türkiyəyə, mən Fransadan gəlim oraya, danışaq. Biz də Türkiyəyə getdik , kasetimizi buraxdıq. Xanım da gəldi, o zaman bağlı olduğumuz “Uzelli” rok şirkətilə söhbətlər etdi. Həmin şirkətlə biz müqavilə imzalamışdıq. Onlar söhbətlərini etdilər və razılaşdılar. Ondan sonra pasportlarımızın üzünü götürdü ki, Fransada işləmək və yerləşmək üçün icazə sənədi düzəltsin. Çünki biz ora getdiyimiz zaman konsertlər verəcəkdik , konsert vermək üçün də gərək dediyimiz icazə sənədləri olsun. Ancaq fransalı menecerin cəhdlərinə baxmayaraq, izni ala bilmədik. Buna görə də Türkiyədə qalıb işlədik. Orada ikinci kasetimizi çıxartdıq.



- Orada əsas ifa məkanlarınız hara idi?

- Biz tam olaraq Türkiyədə barlarda çalışırdıq. Çünki yaşayışımızı təmin etmək lazım idi. Orada çox bəyənilmişdik, heyranlarımız var idi. Bizi daha çox barlarda musiqiçilər gəlib dinləyirdi. Özü də hamımız bığ zad saxlayardıq deyə türklərə maraqlı gəlirdi. Türklər demişkən “sıkı” bir çalışmamız var idi, hətta vokalistsiz belə, çaldıq. O zaman vokalist Azərbaycanda idi. Sonradan qrupa dəvət etdik.

- Nə qədər müddət orada çalışdınız?

- Türkiyədə 1991-ci ildən 2001-ci ilə qədər qrup fəaliyyət göstərdi.

- Bakıda və ya Sumqayıtda konsertləriniz oldumu?



- ilk çıxışımız 1987-ci ildə Sumqayıt şəhərində “Kimyaçı” Mədəniyyət Sarayında oldu. Ancaq zalda tamaşaçılar arasında dava düşdü. Bir də baxdıq gördük ki, salonda ortalıq bir-birinə qarışdı. Görünür, zalda oturan gənclərin sözü çəp gəlmişdi. Konsert buna görə yarımçıq qurtardı. Daha sonra bizi sirkə də dəvət etdilər.

- Sirkə niyə?

- Sumqayıtda bir menecer var idi, adı yadımdan çıxıb, konsertlər təşkil edirdi. Orada iki mahnı oxuduq. Ondan sonra dediyim Türkiyə məsələsi ilə əlləşirdik.

- O zaman qrupu sevdirən hansı mahnılarınız oldu?

- “Xəzərin sahilində” mahnısı bizim üçün çox uğurlu idi. Eyni adlı albom da buraxdıq. Bu mahnını bizim ifamızda radiolarda da verməyə başladılar. Daha sonra Yaşar Baxışın vasitəsilə ANS televiziyasının prezidenti Vahid Mustafayevlə tanış olduq. O vaxt Bakıda onların da “Çarli Atl” adlı qrupu var idi. Sağ olsun, o da bizi qırmadı, Sumqayıtda Vahid Mustafayevin rejissorluğu ilə həmin mahnıya klip çəkdirdik. Həmin klipi Türkiyədə televiziyalar da verdilər. Beləcə, tanınmağa başladılar.



Türkiyədə olarkən rəhmətlik Barış Mançonun da proqramına çıxdıq. Hətta `Kanal D` televiziyasının açılışı zamanı ilk dəfə Levent Yüksəl, Jalə adlı sarısaçlı bir sənətçi, bir də bizim qrup iştirak etdi.

- Barış Mançonun sizə münasibəti necə oldu?

- Bizi çox istiqanlı qarşıladı. Özü də şok oldu ki, Azərbaycanda belə rok qrupları var imiş.

- Bəstələriniz var idimi?

- Bütün bəstələr bizim idi. Namiqin və İbonun, mənim də bir bəstəm var idi. Bizim uşaqlığımız musiqi liseyində keçib. Axşamlar Namiq, mən, İbrahim orada məşq edərdik. Sonra Sumqayıtda “Dostluq klubu” var idi. Orada da məşqlərimiz olub.

- Qrupun fəaliyyəti sizə maddiyyat gətirdimi?

- Pis qazanmadıq. Qazandığımızı da yeyib-içirdik. Amma daha da yaxşı qazanmaq olardı, bunun üçün böyük konsertlər vermək lazım idi, ancaq dediyim kimi, icazə sənədi olmadı. Ancaq tələbələr, bayram şənlikləri üçün havayı konsertlərimiz də olurdu. Biz gedəndən sonra klipimizi Azərbaycan televiziyasında da vermişdilər.

- Qrupun fəaliyyəti ərzində maraqlı xatirələriniz olmamış olmaz. ..

- Deməli, bir dəfə Bolqarıstana gedirdik. Bizim ora getməyimiz üçün 2 saatımız var idi. İki saatdan sonra vizamızın vaxtı bitirdi. Saat 12-də vizanın vaxtı tamamlanacaqdı. Ondan sonra başqa yerə çıxa bilmirsənsə, deməli, sən Türkiyədə qaçaq qalmış olursan. Bizə dedilər ki, vəssalam, vaxtınız bitib. Biz də dedik ki, hara gedək, artıq saat 12-dir. Bizi sərhəddə saxladılar. Birgə çalışdığımız “Uzelli” şirkətinə zəng etdik. Dedilər ki, orada qalın, gəlirik sizin dalınızca. Onlar gələnə kimi Bolqarıstan dedi, Türkiyə tərəfə gedin, türklər də dedilər, gedin durun Bolqarıstan tərəfdə. Dedik ayıb deyilmi, biri deyir o tərəfə get, biri deyir bu tərəfə get... Məcburən düz ortada dayandıq. Sonra türklərə yaxınlaşıb dedik, abi, biz qardaşıq, ayıb deyilmi? Burada duranda işıq, qaz pulu yazır? Duranda nə olar ki?



“Uzelli”şirkətinin sahibinin oğlu maşınla gəldi, alıb götürmək istəyir bizi , indi türkiyəli polislər buraxmır, deyir, onlar burada qalmalıdır. O da dedi ki, uşaqlar Barış Mançonun proqramına çıxmalıdırlar, vaxtımız yoxdur. Birbaşa Barış Mançonun proqramına zəng edib, bağlantı yaratdılar, Barış abi, “Yuxu” belə vəziyyətdə qalıb, türk polisləri inanmırlar, siz danışın. Bir sözlə, Barış abidən sonra bizi Türkiyəyə buraxdılar.

- Qrup üzvlərinin sonrakı taleyi necə oldu?

- Qrup dağılandan sonra gitarada çalan Namiq Nağdəliyev Kıraçla işləməyə başladı, bu gün Türkiyədə ad-san qazanıb. Həmçinin Funda Arar, Haluk Levent və başqa rokerlərlə işləyib, onların musiqilərini bəstələyib, ifa edib. Kıraçın seriallarda oxuduğu musiqilərin çoxunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul masalı" serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: "Pırıltı", "Göz yaşı", "Cığlık" və s. belə bəstələrdir.

Vokalistimiz cəsur Nemətov Moskvadadır.


Cəsur Nemətov və Çingiz Eyvazov, 2005-ci il.

Bass-gitarada çalan İbrahim Emin də başqa bir qrup var idi, orada çalırdı, 2004-cü ildə isə Sumqayıtda Sirr qrupunu qurdu, hal-hazırda Sumqayıtda yaşayır.



İbrahim Emin

Mən də tatuirovka ilə məşğul oluram.

- Çingiz bəy, musiqi hara, tatuirovka işi hara?

- İlk tatunu 12 yaşımda ayağıma vurmuşam. Üstünə yazmışdım ki, “təmiz yu”. İndiyə qədər də ayaqlarımın üstündə qalır. Uşaqlıqdan şəkillərə, tatuya marağım var idi.

Türkiyədə görürdüm ki, rokmenlərin əllərində müxtəlif tatular var. Baxırdım ki, bəziləri yaxşı vurulmayıb, hansısa rəsmi oxşada bilməyiblər.

Əlimdəki tatuları dostlar görüb, çox bəyənirdilər. Mən də deyirdim ki, özüm vurmuşam. Beləcə, yaxınlaşırdılar ki, məndə də bir tatu var, onu düzəlt də. Tatu maşınkası aldım, yavaş-yavaş gələnlərin sayı artdı. Biz barlarda çalanda hər bir saatdan bir yarım saat ara verirdik. Bu aralarda gəlib mənə yaxınlaşırdılar ki, biz də tatu istəyirik.



Bir dostun gümüş dükanı var idi, onunla danışdım, mənə dükanın bir otağını tatu üçün ayırdı. Bununla da tatuirovkaya başladım. Axşamlar qrupda çalırdım, gündüzlər isə bu işlə məşğul olurdum. Sonralar daha çalmadım. Türkiyədə 2011-ci ilə qədər qalıb çalışdım, düşündüm ki, fəaliyyətimizi bir az da Azərbaycanda davam etdirim.



- Bildiyimə görə Türkiyəli sənətçilərə də tatu etmisiniz...

- Cem Yılmaz, maneken Ebru Destan, Işın Karaca, Şafak Sezer və başqaları bununla bağlı yanımda olublar. 2011-ci ildə reklamla bağlı Cem Yılmazın qoluna rəngli qələmlə şəkil çəkmişdim. Onun setində işləyən uşaqlardan birinə tatuirovka etmişdim. Reklam çəkilməli imiş, Cem Yılmaz da uşaqlara deyib ki, tatuirovşik lazımdır. Onlar da məni demişdilər.

Çox zarafatcıl insandır. Rəngli qələmlərlə çəkirdim, zarafatla dedi ki, “abi acımaz ki, ben hessas insanım”. Çox hörmətli, mədəni insandır. Mən işlədiyim müdətdə bir dəfə də qolunu tərpətmədi.

- Tatu formalarını haradan götürürsünüz, əvvəlcədən çəkib hazırlayırsınız?



- Adam var, gəlir deyir ki, heç kimdə olmayan tatu istəyir, öz düşüncə və fikirlərini danışmağa başlayır. Başa salır ki, belə-belə şeylər olsun və ya sevgilimlə mənim adımın baş hərfi olsun, ancaq hamı tərəfindən oxunmasın. Biz də oturub onların düşüncələri əsasında kağıza köçürdürük, çəkirik. Gəlib baxırlar, bəyənirlər, edirik.

Eləsi olur ki, özü hazır şəkil gətirir. Şəklin şablonunu çıxarırsan, dezinfeksiya edirsən. Həmin adamın bədəninin tatu edilən hissəsindən tükləri təmizləyirsən, sonra xüsusi maye sürtürsən ora, onun özü də dezinfeksiya edir. Daha sonra çəkdiyin şablonu ora yapışdırırsan, çıxardanda sadəcə, kənar xətləri qalır. Orijinal şəkli önə qoyub, işləməyə başlayırsan.



- Tatu etdirmək istəyən insanların içində bir infeksiya qorxusu olur. Bundan necə qorunmaq olar?

-Qorxmaları çox doğrudur. Əlbəttə, gərək işi təmiz görəsən. Müştərini bütün alətlərlə tanış edirsən, iynələri göstərirsən. İstifadə edilən ləvazimatların hamısı gərək bir dəfə işlədilsin. Rənglər, iynələr və s. ikinci dəfə istifadə edilə bilməz. İstifadədən sonra iynəni maşınkadan çıxarıb, müştərinin gözünün önündə sındırıb atırsan. Türkiyədə belə şeylər üçün özəl tibbi qutular var. Özəl şirkətlər elə şeyləri gəlib götürür. Müştərini bilgiləndirmək lazımdır. Hər yerdə təmiz olmur. Çox pul xərcləmək lazımdır ki, işi təmiz və səliqəli edə biləsən.

- Qiymətləri nəyə əsasən müəyyənləşdirirsiniz?



-Qiymətləri döymənin çətinliyinə görə qoyuruq. Xaricdə isə qiymətlər sərf olunan vaxta görə tənzimlənir. Elə döymə ola bilər ki, sən onu 4-5 saata qurtara bilərsən. Müştəriyə deyirsən ki, mən bilmirəm, nə zaman qurtaracaq. Çünki müştəri onsuz da cibinə pulu qoyub gəlib. Rəsmi sevib, bilir ki, çətin bir rəsmdir. Ona görə də öz döyməçisini internetdən seçib gəlib. Bilir ki, bu işin öhdəsindən ancaq bu usta gələ bilər. Həmin adam ola bilər, çox bahalı edir, çünki iş çətindir. Tatu var ki, onu 200 manata edərsən, tatu da olar ki, 50-100 manata. Yəni o qədər incə detallar var ki...

Şahanə RƏHİMLİ
Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti