“Köçəri” rəqsinin erməniləşdirilməsi baş tutmadı
Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlayıb, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.
“Köçəri” sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilib: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.
“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib.
Erməni musiqi plagiatı pirat diskləri vasitəsilə yayılaraq MDB hüdudlarını çoxdan aşıb. Misal üçün, ABŞ-ın Los-Anceles şəhərində “Parseqyan-Rekords” tərəfindən buraxılan “Klarnet və zurna” erməni CD-ni göstərmək olar. Erməni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14 kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbaycanın 12 müəllif əsərindən və folklor musiqisindən ibarət kompozisiyanın mənşəyi haqqında isə heç bir məlumat verilmir. “Şərur yallısı”, “Köçəri”, “Bənövşə”, “Fuadı”, Zabul rəngi”, İbrahim Topçubaşovun “Söz olmasaydı” və başqa əsərlər bunların sırasındadır. Plagiatçılar öz “oğurluqlar”ını “Armenians Best...” ümumi adı altında, yəni ən yaxşı erməni nümunələri kimi “möhkəmləndirilir”.