`Bizim alıcılar dini heysiyyatı yüksək olan insanlardır` - MÜSAHİBƏ

`Bizim alıcılar dini heysiyyatı yüksək olan insanlardır` - MÜSAHİBƏ
  10 İyun 2015    Oxunub:6141
Azərbaycanda ən təhlükəsiz qida sahəsində “Platinium” nişanına layiq görülmüş “SAB” Zəhmət Ruzi şirkəti ötən il bir neçə beynəlxalq səviyyəli uğurlara imza atıb. Bu il MOSCOW HALAL EXPO 2015-də SAB ticarət nişanı “Ən Yaxşı Halal Məhsul” nominasiyası üzrə qalib olub.

Şirkətin direktoru Elşən Abdullayev hesab edir ki, bütün standartların ən alisi daxili, yəni mənəvi standartlardır və halallıq istehsalçı üçün ən başlıca faktordur, ona görə də halal qida deyəndə “SAB” yada düşür.

- Şirkətiniz Azərbaycanda ət məhsullarının istehsalı üzrə lider müəssisələrdən biridir...

- İstehsal elə bir fəaliyyət sahəsidir ki, burada yerində dayanmaq, sükunət halı mümkün deyil, mütləq irəli getməlisən, əks halda geriləyəcəksən. Ona görə də hər il şirkətin qarşısında hədəflər qoyulur və həmin hədəflərin icrasından asılı olaraq, ilin yekunu da istehsalçı üçün fərqli olur. Baş verən dəyişikliklər, yeni yanaşma tələb edir.

Hesab edirəm ki, ötən il bizdən asılı olmayan səbəblər və bu sahədə atılan bəzi addımlar işimizə öz müsbət və mənfi təsirini göstərdi. İstehsalda irəliləyiş deyəndə keyfiyyət plankasının qalxması, istehsal həcminin yüksəlməsi və ya bazara yeni çeşidin çıxarılması nəzərdə tutulur.

Bildiyiniz kimi, “SAB” bir istiqamətli istehsal müəssisəsidir, yəni burada yalnız halal standartlı məhsullar hazırlanır, Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2014-cü ilin aprel ayında sertifikatlaşdırılmışıq. Bundan əvvəl də “SAB” yeganə şirkət idi ki, Qafqaz Müsəlmanları İdarəsinin “Halal” nişanına layiq görülmüşdü. Təbii ki, bu da bizim imicimizdən xəbər verirdi.

Vurğulamaq istərdim ki, burada çalışan işçilərin əksəriyyəti inanclı insanlardır və bu əməyimizin nəticəsində də özünü göstərir. Qaldı ki, istehsal həcminə, deyə bilərəm ki, ilbəil bazara yeni brendlər daxil olur və bu zaman istər-istəməz bazarda hansısa payı götürürlər. Bu, bazardakı mövcud şirkətlərin satışına mütləq təsir göstərir, həmçinin stimul yaradır, çünki rəqabət olmasa inkişafdan söhbət gedə bilməz. Qida sektorunda yerli istehsalın çeşid bolluğuna və həcminə baxsaq, inkişafı görməmək mümkün deyil. Üstəlik, ixrac potensialını da nəzərə alsaq, bazarda ümumi rəqabətin gərginləşdiyini deyə bilərəm. Əgər son 5-10 ili müqayisə etsək, yerli məhsulların qablaşmasından tutmuş keyfiyyət göstəriciləri, çeşid müxtəlifliyi çox yüksəlib.

- Məhz kolbasa istehsalı ilə məşğul olmaq ideyası necə yarandı?

- 1992-ci ildən kolbasa istehsalına kiçik bir sexdə başladıq və elə “Halal” nişanı ilə bazara daxil olduq. Məhsulumuzun alıcılar tərəfindən rəğbətlə qarşılanması gələcək işlərimizə stimul verdi. 1997-ci ildən isə "Zəhmət Ruzi" şirkəti olaraq fəaliyyətimizi davam etdiririk. Ümumiyyətlə, biz halal məhsullar istehsal etməyə başlayanda, onun sənədləşməsini aparanda, texniki şərtlərini hazırlayanda fikrimcə bu barədə Azərbaycanda heç düşünən, standartlar belə yox idi. İlk dəfə “Milli” və “Nübar” kolbasaları üçün 2 texniki şərt hazırladıq. 2005-ci ildə də bu ənənə davam etdi. Artıq 4 ildir ki, yeni müəssisəmiz fəaliyyət göstərir və bu da həm keyfiyyət, həm də istehsal həcminə müsbət təsir göstərib. Şadıq ki, burada çalışırıq və çox gözəl bir müəssisə qurmağa nail olmuşuq.

- Bugün Azərbaycanda kifayət sayda kolbasa məhsulları istehsalçıları var və artıq müştərilər öz şirkətlərini, yaxud brendlərini seçiblər. Rəqabətə davamlılıq və müştəri loyallığını qorumaq çətin deyil ki?

- Var elmlə bilib yəqin etmək, var əyani şəkildə görüb əmin olmaq. Biz bu müəssisəni açandan “açıq qapı” elan etmişik. Vətəndaşlarımızı bütün istehsalat prosesini öz gözləri ilə görməyə dəvət edirik. Deyərdim ki, “SAB”ın alıcıları dini heysiyyatı yüksək olan insanlardır. Bizim müəssisədə qeyri-halal istiqaməti olmayıb, başlayandan ancaq halal məhsullar istehsal etmişik. Heç vaxt “SAB”ın işçisi başqa brendi evinə aparıb süfrəsinə qoymaz. Çünki onun təmizliyinə, keyfiyyətinə özü şahiddir. Eləcə də müəssisənin rəhbərliyini qeyd edə bilərəm, məhsuldan ilk növbədə özümüz istifadə etməsək, onu satışa çıxartmırıq.



Demək olar ki, əsas alıcı kütləmiz paytaxtda yerləşir. Əhalinin işgüzar hissəsi məhz Bakıda toplaşdığından və urbanizasiya faktoru, yəni şəhər əhalisinin gündəlik iş rejimi onları hazır qida əldə etməyə yönəldir. Rayonlarda isə istənilən evdə şəxsi süd, yaxud ət məhsulu var. Düzdür, bölgələrimizdəki inkişaf son illər çox güclüdür, sosial infrastruktur yeniənib. Buna baxmayaraq, rayonlarda qida sektorundakı yeniliyə və müasirliyə qarşı konservativ yanaşma tərzi qalmaqdadır.

- “SAB” halaldı, bəs “SAB”ın qiymətində necə halallıq nəzərə alınırmı?

- Mütləq nəzərə alınır. Biz təzə xammaldan istifadə edirik, ət müəssisədə kəsilir və bundan sonra istehsala buraxılır. Əminliklə deyə bilərik ki, “SAB” donmuş məhsullarla işləmir və məhsullarında ən yüksək keyfiyyətilə seçilən qida əlavələrindən istifadə edir. Ona görə də bizim məhsulumuzun maya dəyəri digərlərindən fərqlənir. Adından istifadə edərək, onun keyfiyyətinə xələl gətirmək kimi addımlar bizə tamamilə yaddır.

Məhsullarımızın bütün parametrlərində öz halallığımızı, nüfuzumuzu və vətəndaşımıza olan ehtiramımızı qorumağa çalışırıq. Bazarı tənzimləyən amillərdən biri də insanların rəğbətini qazanmaqdır. Bunun ən başlıcası isə keyfiyyət faktorudur. Məhsulun keyfiyyətinə toxunuldusa, rəğbəti itirdinsə, deməli sabah o məhsulu sata bilməyəcəksən. Deyərdim ki, istehsalçı lap bünövrəsindən halallığın bütün dəyərlərini özündən keçirərək məhsul buraxdığı halda mütləq uğur qazanacaq.

- Xammalın qiymətilə bağlı mövcud vəziyyət şirkəti qane edirmi və əsasən xammalı hansı ölkələrdən əldə edirsiniz?

- Hazırda bizim həm süd, həm də ət istehsalında xammalımızın 70-80 faizini ət məhsulları təşkil edir və bunun da 99 faizi yerli bazar hesabına ödənilir.

- Qablaşdırma, ədvalar isə xaricdən gətirilir. Bazarda istənilən dəyişiklik - qeyd edim ki, bu, idxal etdiyimiz ölkələrə də aiddir,- məhsulun maya dəyərinə təsir edirsə, yəni süni şəkildə vəziyyətdən istifadə etməyərək, əsaslı faktorlar nəzərə alınaraq qiymətlərə baxıla bilər. Amma dolların 34 faiz bahalaşması məhsulun da 35 faiz bahalaşması demək deyil və kor-koranə belə addımlar atıla bilməz. Təbii ki, bazar iqtisadiyyatının şərtlərindən biri də qiymətlərin azad olmasıdır. Biz həmişə dövlətimizin həyata keçirdiyi siyasət çərçivəsində və istehlakçılarımızı nəzərə alaraq addım atırıq. Sözsüz ki, hər bir müəssisənin öz rentabellik hədləri var və bu hədlərin içində fərq böyük deyilsə, sahibkar qiymətləri olduğu kimi saxlaya bilər, əks halda həmin məhsulun istehsalı dayandırıla bilər. Şahidi oluruq ki, Azərbaycan höküməti yerli istehsalçını zərərə salacaq deyil, əksinə yüksəlməsinə maraqlıdır və bu cür qərarlar da qəbul edir. Çünki qeyri-neft sektorunun dirçəldilməsi bu kimi amillərlə birbaşa əlaqəlidir.

- Ekspertlərin fikrincə, manatın devalvasiyası həm də yerli istehsal üçün stimullaşdırıcı bir faktor olacaq. Buna münasibətiniz?

- Bu, yeni istehsalın yaranması üçün bir stimuldur. Çünki idxal olunan məhsulun qiymətinin yüksəlməsi həmin məhsulun yerli analoqunu yaratmaq həvəsini gücləndirəcək. Bazar varsa, yerli istehsal meydana çıxacaq və nəticədə yeni işçi qüvvəsi, büdcə gəlirlərinin artması və vacib olan daxili bazarın idxaldan asılılıq faktorunun aradan qaldırılmasına nail ola bilərik.

- Sizin məhsullarınızın seqmentləşdirilməsi mövcuddurmu? Belə deyək, qurmanlar üçün nəzərdə tutulmuş, “Premium klass” adlanan kolbasalarınız varmı? Hesab edirsinizmi ki, kolbasa elə kütləvi istifadə üçün nəzərdə tutulan qida məhsuludur?

- Təxminən 45 çeşiddə ət, 20 çeşidə yaxın süd məhsulları istehsal edirik. Məhsullarımızın böyük hissəsi kütləvi satış üçün nəzərdə tutulub. Kiçik bir qism də var ki, onlar xüsusi texnologiya əsasında hazırlanır və həvəskar insanlar üçün nəzərdə tutulub. Bu çeşidlərimiz də artıq öz istehlakçılarını tapıb. Məsələn, “SAB”ın çiy-hisə verilmiş kolbasaları 21 gün ərzində emal prosesindən keçdikdən sonra satışa çıxarılır. Onun zəhməti, məsrəfləri də çoxdur. Sözsüz ki, onların qiyməti kütləvi istehsalın qiymətindən 2 dəfə fərqlənir. Nümunə gətirə bilərəm ki, SAB-ın “Gəncə dovğası” premium klasdır, çünki onun keyfiyyət parametrləri daha yüksəkdir.

- Bügün “sağlam qidalanma bumu” getdikcə güclənir. Azərbaycan istehlakçıları üçün kolbasa alarkən ən başlıca amil nədir: qiymət, yoxsa təbiilik və keyfiyyət?

- Sözsüz ki, istehlakçılar dad, qablaşma kimi faktorlarla yanaşı, məhsulun sağlam tərkibinin olmasına çox böyük önəm verirlər. Qeyd edim ki, biz Azərbaycanda ən təhlükəsiz qida üzrə “Platinium” nişanına layiq görülmüşük. Halallıqla yanaşı, təmizlik və gigiyenik standartlar bizim üçün ən vacib amildir. Vaxtilə sağlamlığa azacıq da olsa zərər vura biləcək komponentlərin təbii əvəzləyicisini axtarmaq məqsədilə bütün Avropanı gəzmişik. Məsələn, kolbasa istehsalında “natrium nitrit” deyilən maddə var, ətin rəngini saxlamağa xidmət edir. Onun bitkisəl əvəzedicisini Finlandiyadan tapmışıq. Bu faktorlara biz mütləq şəkildə ciddi əməl edirik və bir mömün kimi özümüzə rəva görmədiyimizi başqalarına da rəva görmərik.

- Tez-tez şirkətlərin əksəriyyəti istehsal xərclərini azaltmaq məqsədilə keyfiyyət amilindən bir qədər uzaqlaşırlar...

- Biz bütün İSO 9001, İSO 22000 standartları da daxil olmaqla əksər beynəlxalq standartları tətbiq edirik. Bununla yanaşı, daxili standartlarımızın bizim üçün böyük önəmi var. İstənilən standartı pozmaq, əyib keçmək olur, ancaq mənəvi standartları yox. Biz Allaha qarşı cavabdehlik daşıyırıq. Buna görə də məhsulumuzun nüfuzunu, halallığını istənilən gəlirdən vacib sayırıq. Beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyamız fəaliyyət göstərir, müəssisəyə daxil olan bütün xammal, hazır şəkildə çıxan məhsullar burada fiziki, kimyəvi analizlərdən keçirilir.



- İstehsal prosesində tətbiq etdiyiniz standartlar hansılardır və qarşıdakı illər üçün planlarınız?

- Hədəfimiz dünyadakı bir neçə nüfuzlu beynəlxalq halallıq sertifikatlarını almaq, məhsullarımızı respublikamızın hüdudlarından kənarda tanıtmaq və ixrac potensialına dair hədəflərimizi reallığa çevirməkdir. Bu məqsədlə müəyyən işlər görülüb və bu gün də davam etdiririk.

Qeyd edim ki, “SAB”, “Moscow Halal Expo-2014” və “Moscow Halal Expo-2015”in qalibi olub. Rusiya və Türkiyə istehçılarının da iştirak etdiyi bu tədbirdə "Zəhmət Ruzi" şirkəti on nominasiya üzrə qızıl medala layiq görüldü və birinci yeri tutdu. İlin sonunda yenidən, bu dəfə Qazaxıstanda bu uğurumuzu təkrarladıq və yenə də on nominasiya üzrə qızıl medalları Vətənimizə gətirdik.

Orada Azərbaycanın himnini səsləndirdik və tədbirin əsas mükafatı olan “Grand Prix”ə layiq görüldük. Rusiyanın, Qazaxıstanın dini işlər üzrə nümayəndələri bizimlə görüşərək, halal olaraq belə bir dadın əldə olunmasından heyrətləndiklərini gizlətmədilər. Təsəvvür edin ki, Moskva sərgisində Türkiyənin tanınmış “Ekol” firması üçüncü, Rusiyanın “Çaritçina” şirkəti 2-ci, Zəhmət Ruzi şirkəti isə 1-ci yerə layiq görüldü. Bu bizim üçün böyük fəxrdir!

- Müəssisə ixrac potensialını araşdırıbmı və bununla bağlı perspektiv hədəfləriniz müəyyən edilibmi?

- İlkin hədəfimiz Rusiya bazarıdır. Rusiyanın müəyyən dairələri ixracına icazə vermək məqsədilə Azərbaycanda bir neçə müəssisəni təftiş ediblər və onlardan biri də "Zəhmət Ruzi"dir. Yəqin ki, yaxın vaxtlarda nəticələr açıqlanacaq. Biz bu məqsədlə Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət etmişik. Bir həftə öncə Rusiya baş nazirinin müavini Azərbaycanda olarkən qeyd etdi ki, ölkəsi Azərbaycandan ət məhsullarının ixracı məsələsinə baxıb və ona müsbət rəy verib və ətraflı məlumatlar müvafiq qurumlara təqdim olunacaq. İnanıram ki, bu siyahıda “SAB” əmtəə nişanı da var.


Teqlər:





Xəbər lenti