`Delfinlər batmış gəminin yerini göstərdi`- Müsahibə

`Delfinlər batmış gəminin yerini göstərdi`- Müsahibə
  10 İyun 2015    Oxunub:3560
“Planlaşdırdığımız bütün işləri istədiyimizdən daha artıq edə bildik. Əsas məqəsdimiz sağ-salamat dərinliyə düşmək və salamat da gəmiyə qalxmaq idi ki, onu da bacardıq”- bunu AzVision.az-a müsahibəsində `Dolphin Baku NDL` dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov deyib.
Misir səfərini sona çatdıraraq Bakıya yenicə qayıdan dayverlərdən danışan təlimatçı maraqlı məqamlara toxunub:

- Bu, bizim Misirə 3-cü səyahətimiz idi. Birinci səfərimizdə dayverlərimiz sadə dalğıclar idilər. Suya enmə ixtiyarları 18 metr dərinliyə qədər idi. Daha sonra onlardan iki nəfər - Sergey Telegin və Emin Məmmədov universal dayver kursunu bitirdilər.

Bu dəfəki səfərimizdə isə İlkin Yaqubov, Svetlana Kroxina və Arif Sultanov universal dayver kursunu bitirdilər. Klubumuzun 60% dayveri universal dayverlərdir - yəni 40 metr dərinliyə düşmə ixtiyarları var. Digərləri - Samira Koçetova, Şahanə Rəhimova, Mehdi Məmmədov isə 18 metr dərinliyə qədər enə bilərlər.

Səfərimizin əsas məqsədi bitirməyənlər üçün kursu bitirmək, praktikanı artırmaq və ən əsası, batmış gəmilərdə dalmanı öyrənmək, daha çox dərinliklərdə üzmək idi. Bütün planları artıqlamasıyla həyata keçirdik. 5 gün ərzində hər gün 2 dalma etdik. Elə üzvlərimiz oldu ki, 3-cü dalmanı da həyata keçirdi. Çox güclü axınlar, dalğalar var idi. Buna görə də bütün dalmaların hamısı əslində çətin idi. Amma adi dayverlər də universal dayver dostlarının sayəsində bu çətinliklərdən keçə bildilər.

- Əsas çətinlik nədən ibarət idi. Və təlimatçı kimi sizi ən çox nə narahat edirdi?

- Əsas çətinlik axında idi. Axın nə qədər güclü olarsa, dalğıc üçün bir o qədər çox çətinlik yarana bilər. Əgər dalğıc axına qarşı üzmürsə, axının yolunu düzgün tutub, onunla bərabər üzə bilirsə, dalmaq ona asan başa gəlir və davam edə bilir.

İkinci çətinlik isə dərinliklə bağlıdır. Çünki dərinlikdə hava daha çox istifadə olunur. Bu səbəbdən balonda hava tez qurtara bilər.

Üçüncü çətinliyimiz isə universal dayver kursununu yenicə bitirən şəxslərlə bağlı idi. Onlar kompasla hərəkət edib, su altında səmti müəyyən etməli idilər. Və nəhayət, məni narahat edən çətinliklərdən biri də gecə dalması idi ki, vaxt məhdudiyyətindən onu həyata keçirə bilmədik.

- Klubun üzvləri bu sınaqdan necə çıxdılar? Universal dayver kursunun imtahanlarını Qırmızı dənizdə vermək onlara çətin olmadı ki?

- Şükürlər olsun ki, ciddi bir problemimiz olmadı. Üç nəfər üzvümüz - Svetlana, Arif və İlkin elə Qırmızı dənizdə imtahanlarını verdilər. Qeyri-adi pis heç bir hadisə baş vermədi.

Təbii, yeni tələbələrimizin təcrübəsi digərlərindən az idi. Məsələn, tələbəm Şahanə Rəhimova əvvəldə mənə çox -çox işgəncələr verdi (gülür). Tək mənə yox, mənim assistentlərimə də işgəncələr verdi. Gecə-gündüz oturub fikirləşirdik ki, bu qızla nə edək? Mən necə edim ki, nə çox suya batsın, nə də yuxarı qalxsın? Çünki mən təlimatçıyam, üzərimdə o öhdəlik var ki, bacarıqlı dalğıclar yetişdirim. Onlar bizim adımızı daşıyır, `Dolphin Baku` məktəbinin şagirdləri, `NDL`- Milli Dayvinq Liqasının məzunlarıdır.

Tələbələr öz sertifikatlarını digər yerlərdə göstərəndə, heç kim deməməlidir ki, zəifdirlər. Bu baxımdan, üzərimizə böyük çətinlik düşür. Çünki başı aşağı olmaqdansa, başsız gəzmək daha yaxşıdır. Ancaq əziyyətli məşqlərimiz öz müsbət bəhrəsini verdi. Bu məqamı görəndən sonra çiynimdən yük götürüldü (gülür).

- Dalmalar əsasən hansı dalma nöqtələrində oldu?

- İlk olaraq sahildən üzdük. Əsas dayv saytlarımız isə `Tiran` adası, `Karmaran` gəmisi, ` `Ross Mohammad` qoruğunda yerləşən dalma nöqtələri , Shark`rifi , `İolanda` rifləri oldu. Həmçinin, Şarm-Əl- Şeyxin `Naama bay`dəki digər yerli saytlarında üzdük.

Dərinliklər 18 metrdən başlayaraq artdı. Qrupumuzun ümumi dərinliyi 32 metr idi. Əsas məsələ dərinlik yox, canlıların və batmış gəmilərin yanında üzmək idi.

- Su altında sizi heyrətləndirən nələr oldu?

- Şəxsən mənim üçün böyük `Qarqanari` mərcan riflərini görmək çox maraqlı idi. Yaxud da Vəhşi ton balığı, Gərgədan balığı - bunların böyük kütlə ilə üzdüyünü görmək adama ləzzət edirdi.

Qrupun çoxdan gözlədiyi məqam isə Köpək balığını görməyimiz idi. Biz `Ross Mohammad`də yerləşən `Shark` rifdən `İolanda` rifinə doğru hərəkət edirdik. Qarşıdakı bələdçi bizə işarə etdi ki, köpək balığı görür. Hamı donub qaldı ki, görəsən hansı köpək balığıdır. Rifin arxasından `Bəbir` cinsindən olan köpək balığı yanımızdan üzüb keçdi. Biz onun bütün gözəlliyini tam görə bildik. Bu köpək balığı formasına və xarakterinə görə digərlərindən seçilir. Qeyri-adi gözəlliyi var. İnsan üçün təhlükəli deyil. Onu da deyim ki, dünayada 500 akula növü varsa, onlardan yalnız ikisi insanlar üçün potensial təhlükə yaradır. O da 100% təhlükəli deyil.

Ən əsası isə batmış gəminin tapılmasında delfinlər bizə yardımçı oldu.

Tiran adası yaxınlığında batmış `Kormoran` gəmisini axtarırdıq. Gəmi çox dərində olmasa da, hava şəraitinə görə tapmaq həmişə asan olmur.

Hamımızın gözünü yolda qoyan delfinlər gözlənilmədən dərinliklərdən peyda oldular. Və sanki bizə yol göstərirlər kimi üzdülər. Bir qədər bizimlə üzdükdən sonra yoxa çıxdılar. Amma elə həmin an `Kormoran` gəmisini tapdıq.

Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti